Qaynar xətt:

(+99450) 247 90 86

Təyyarə pəncərələri niyə kvadrat deyil? – Hər kəsin bilməli olduğu o SƏBƏB   

Təyyarə pəncərələri niyə kvadrat deyil? – Hər kəsin bilməli olduğu o SƏBƏB   

MARAQLI

76

14.07.2026, 17:05

Müasir sərnişin təyyarələrində pəncərələrin (illyuminatorların) kənarlarının niyə yuvarlaq olduğunu heç düşünmüsünüzmü? Bu, sadəcə estetik bir dizayn deyil, həm sərnişinlərin həyatını xilas edən mühəndislik həlli, həm də keçmişdə baş vermiş dəhşətli qəzaların acı nəticəsidir.

Oxu24.com xəbər verir ki, aviasiyanın ilk illərində təyyarələrin pəncərələri evlərimizdəki kimi kvadrat formada idi. Lakin təyyarələr daha yüksək hündürlüklərlə uçmağa başladıqdan sonra vəziyyət dəyişdi.

İngiltərə istehsalı olan dünyanın ilk reaktiv sərnişin təyyarəsi "Comet" (De Havilland Comet) 1954-cü ildə göyərtəsindəki 56 sərnişin və heyət üzvünün ölümü ilə nəticələnən iki böyük qəza keçirdi.

Aparılan geniş araşdırmalar göstərdi ki, qəzaların əsas səbəbi məhz kvadrat pəncərələr olub. Belə ki, yüksək hündürlükdə xarici atmosfer təzyiqi çox aşağı olur, kabin daxilində isə sərnişinlərin rahat nəfəs alması üçün təzyiq normallaşdırılır. Daxili və xarici təzyiq fərqi kvadrat pəncərələrin iti künclərində həddindən artıq gərginlik yaradır. Bu gərginlik zamanla metal yorğunluğuna, künclərdən başlayan çatlara və nəticədə təyyarə gövdəsinin havada parçalanmasına səbəb olmuşdu.

Yuvarlaq dizaynda iti künclər olmadığı üçün təzyiq fərqindən yaranan gərginlik bütün kənarlar boyunca bərabər paylanır və təhlükə aradan qalxır.

Hər bir təyyarə pəncərəsi əslində 3 qatdan ibarətdir və onlar adi şüşədən deyil, yüksək dözümlü akril plastik materialdan hazırlanır:

•Xarici qat: Ən qalın və ən dözümlü təbəqədir. Xaricdən gələn bütün təzyiqi və soyuğu öz üzərinə götürür.

•Orta qat və kiçik dəlik: Orta qatda diqqətlə baxdıqda görünən kiçik bir dəlik var. Bu dəlik kabin daxili təzyiqlə qatlar arasındakı təzyiqi balanslaşdırmaq üçündür. Təzyiq bu dəlikdən keçərək xarici qata ötürülür və bərabər paylanır.

•Daxili (üçüncü) qat: Sərnişinlərin toxuna bildiyi bu qat əsasən qoruyucu xarakter daşıyır. O, pəncərənin digər vacib qatlarını sərnişinlərin fiziki müdaxiləsindən və cızılmalardan qoruyur.

Məhz bu sadə görünən həndəsi dəyişiklik və üçqatlı qorunma sistemi sayəsində bu gün milyonlarla sərnişin səmada tam təhlükəsiz şəraitdə səyahət edir.

Çimnaz