Ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Raqif Şıxəliyev barəsindəki hökmdən verilən apelyasiya şikayəti və protestə baxılacaq.
Oxu24.com ölkə.az-a istinadən xəbər verir ki, iş Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin icraatındadır.
İlkin baxış iclası iyunun 13-də keçiriləcək.
Hadisə ötən il Bakı şəhəri, Nizami rayonu ərazisində baş verib. R.Şıxəliyev toy məclisindən çıxıb evə gedən zaman küçədə cinsi azlığın nümayəndəsi R.B. (şərti ad və soyad) ilə tanış olub. Daha sonra R.Şıxəliyev həmin şəxsi qadın bilib, cinsi əlaqədə olmaq üçün ona 50 manat pul verib. R.B. isə qadın olmadığını ona deyəndən sonra R.Şıxəliyev verdiyi 50 manat pulu geri qaytarmasını istəyib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Hadisə yerinə yaxınlıqda olan digər cinsi azlığın nümayəndələri də gəlib, daha sonra dava başlayıb. R.Şıxəliyev özünü müdafiə edən zaman R.B.-ni yumruqla vurub. Yerə yıxılan R.B.-nin başı daşa dəyib. Xəstəxanaya çatdırılan yaralı bir neçə gündən sonra dünyasını dəyişib.
R.Şıxəliyev saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılarkən R.Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi 124-cü (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif edilib və 3 il müddətinə azadlıqdan məhrum olunub.
Müdafiə tərəfi hökmdən apelyasiya şikayəti, prokurorluq isə apelyasiya protesti verib. Oxu24.com
ŞƏRHLƏR