Qaynar xətt:

(+99450) 247 90 86

 Avropa çempionatı  Bakıda KEÇİRİLƏCƏK: “Bu, tamamilə fərqli və yüksək səviyyəli yarışdır”  

 Avropa çempionatı  Bakıda KEÇİRİLƏCƏK: “Bu, tamamilə fərqli və yüksək səviyyəli yarışdır”  

İDMAN

103

23.11.2026, 12:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan gələn il gənc basketbolçular arasında Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək. Qitə basketbol qurumunun qərarı ilə 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionunun qarşılaşmaları paytaxt Bakıda baş tutacaq. Yarışın ölkəmizdə təşkili həm yerli idmançıların hazırlıq səviyyəsinə, həm də gənclərin basketbola marağına təsirsiz ötüşməyəcək. Daha əvvəl müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərə ev sahibliyi etmiş Azərbaycan bu dəfə daha yüksək divizionun yarışlarını qəbul etməyə hazırlaşır. Mütəxəssislər və federasiya rəsmiləri turnirin təşkilatçılıq, rəqabət və azarkeş marağı baxımından önəmini vurğulayırlar.

Mövzu ilə bağlı Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi, basketbol şərhçisi Sənan Əliyev Oxu24.com-a açıqlama verib.

Sənan Əliyev ilk olaraq Azərbaycanın 2023-cü ildə 18 yaşadək oğlanlar arasında Avropa çempionatının C divizionuna ev sahibliyi etdiyini xatırladıb. O, təşkilatçılığın yaxşı səviyyədə olduğunu və millimizin beşinci yeri tutduğunu qeyd edib. Müsahibin sözlərinə görə, indi FİBA bu mötəbər yarışı yenidən Azərbaycana həvalə edib.

“B divizionu C divizionundan daha yüksək və səviyyəli yarışdır”

Sənan Əliyev bildirib ki, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu tam fərqli yarışdır: 

“C divizionundan daha yüksək və daha səviyyəli bir turnirdir. Burada daha çox ölkədən milli komandalar iştirak edir. Mən qeyd etmək istərdim ki, Avropa çempionatı B divizionunda rəqabət də C divizionundakı rəqabətdən çox üstündür. Ümid edirəm ki, milli komandamız bizi bu yarışda layiqincə təmsil edəcək”.

Onun sözlərinə görə, təşkilatçılıq və kommunikasiya əlaqələri yüksək səviyyədə olacaq, çünki media nümayəndələrinin də iştirakı bu yarışda gözlənilir:

“Bu yarışa maraq böyük olmalıdır. Ölkəmizdə ilk dəfədir ki, B divizionunun hər hansı bir yarışına, hər hansı bir yaş qrupu üzrə yarışa ev sahibliyi edirik”.

Federasiya rəsmisi turnirin vaxtı ilə bağlı qeyd edib ki, söhbət yay aylarından, iyulun 9-18-i aralığından gedir və bunu dəqiqləşdirmək olar. O, bu cür yarışların keçirilməsini gənclərin və yeniyetmələrin turnirləri baxımından növbəti önəmli mərhələ kimi dəyərləndirib.

“Yerli publikanın önündə oynamaq idmançılara müsbət təsir göstərəcək”

Sənan Əliyev Bakıda keçiriləcək yarışın yerli basketbolçuların hazırlıq səviyyəsinə təsirindən də danışıb. O qeyd edib ki, bu amil idmançıların hazırlıq səviyyəsinə təbii ki, müsbət təsir göstərəcək: 

“Onlar yarışa daha həvəslə hazırlaşacaqlar, çünki onlar yerli publikanın önündə oynayacaqlar və onların qohumları, ailələri, Azərbaycan basketbolsevərləri onları izləyəcəklər. Mən düşünürəm ki, tribunalarla meydanda əla bir vəhdət olacaq və basketbolçularımız daha da gözəl nəticələrə imza atacaqlar”.

Müsahib həmçinib vurğulayıb ki, turnir gənclərin basketbola marağını da artıracaq: 

“Çünki ekran qarşısında basketbol izləməklə gəlib tribunada basketbol izləmək arasında kifayət qədər fərq var və onlar da gəlib arenalardan millimizə, milli komandamıza dəstək olacaqlar”.

Beynəlxalq yarışa ev sahibliyinin ölkənin imicinə və gələcək perspektivlərinə təsirindən bəhs edən Sənan Əliyev deyib ki, bu ev sahibliyi Avropada Azərbaycanı artıq yavaş-yavaş basketbola maraq olan ölkə kimi tanıdır. 

Çimnaz Telmanqızı