Qaynar xətt:

(+99450) 247 90 86

Zaur Şükürov AİPA-nın Baş Assambleyasında çıxış etdi

Zaur Şükürov AİPA-nın Baş Assambleyasında çıxış etdi

SİYASƏT

52

23.11.2026, 14:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasında (AİPA) nümayəndə heyətinin rəhbəri Zaur Şükürov AİPA-nın 47-ci Baş Assambleyasında və AİPA-Azərbaycan Dialoqunda iştirak etmək məqsədilə 17-20 noyabr tarixlərində Filippin Respublikasının Manila şəhərində səfərdə olub. 

Oxu24.com xəbər verir ki, builki 47-ci Baş Assmbleyada 11 üzv ölkədən 125 və 16 müşahidəçi parlamentdən 99 təmsilçi olmaqla, ümumilikdə 224 nümayəndə iştirak edib.  

Qeyd edilməlidir ki, 2022-ci ilin noyabrın 23-də Kamboca Krallığında keçirilən AİPA-nın 43-cü Baş Assambleyası zamanı Azərbaycan Respublikasının Milli Məclisi bu təsisata müşahidəçi üzv kimi qəbul olunub.

Millət vəkili Zaur Şükürov AIPA-nın 47-ci Baş Assambleyasının noyabrın 18-də keçirilən Plenar iclasında çıxış edib. Milli Məclisin deputatı ASEAN-nın regionda sülhün, inkişafın təmin edilməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində fəaliyyətinə toxunaraq, Azərbaycanın və Milli Məclisin ASEAN və AİPA ilə fəal əməkdaşlığı, bu xüsusda parlamentlərarası əlaqələrin rolunu vurğulayıb. Qoşulmama Hərəkatının Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis edilmiş Parlament Şəbəkəsi (QH PŞ) ilə AİPA arasında 2023-cü ildə imzalanmış Anlaşma Memorondumunun əhəmiyyətinə diqqət çəkərək, AİPA üzv dövlətlərin QH PŞ platformasında davamlı olaraq yaxından iştirakının tərəflər üçün faydalı ola biləcəyini qeyd edib. Çıxışda sülh və inkişafa nail olmaq üçün birgə məsuliyyətin vacibliyi vurğulanaraq, ASEAN və AİPA-nın inkişaf, əməkdaşlıq və sülh naminə fəaliyyət və tezislərinin Prezident cənab İlham Əliyevin sülh təşəbbüsləri və dövlətimizin prioritetləri ilə uzlaşdığı diqqətə çatdırılıb. 8 avqust 2025-ci il tarixdə Vaşinqtonda keçirilən Sülh Sammiti, normallaşma prosesi istiqamətində irəliləyişlər,  torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra dövlətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı quruculuq işləri və nəticədə həmin ərazilərimizdə 100 minədək vətəndaşımızın yaşamaq, işləmək və təhsil almaq imkanı əldə etməsi barədə məlumatlar təqdim edilib.

Noyabrın 19-da millət vəkili Zaur Şükürov AIPA-nın 47-ci Baş Assambleyası çərçivəsində AIPA-Azərbaycan dialoqunda iştirak edib.

Ənənəvi olaraq, AIPA üzv ölkələrin parlamentlərinin və müşahidəçi dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə baş tutan builki dialoqda millət vəkili təqdimatla çıxış edib. 

Təqdimatda Prezidenti cənab İlham Əliyevin liderliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu, parlament diplomatiyası, bu xüsusda ASEAN bölgəsi ilə əməkdaşlığımızın perspektivləri, ASEAN-nın əsas hüquqi-siyasi sənədi olan  Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinə(TAC) ölkəmizin qoşulması imkanları, Azərbaycan Milli Məclisi və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə AIPA arasında əlaqələrin inkişafı, enerji, nəqliyyat, bağlantı, o cümlədən Zəngəzur dəhlizi və TRİPP layihəsi, investisiya strategiyamız, mədəniyyətlərarası dialoqa verdiyimiz əhəmiyyətli töhvə və beynəlxalq humanitar layihələrdə iştirakımız barədə danışılıb. Məhz praqmatik və uzaqgörən stategiyanın nəticəsində ölkəmizin nüfuzunun davamlı olaraq yüksəldiyini, etibarlı tərəfdaşa çevrildiyini, müxtəlif siyasi-iqtisadi inkişaf və idarəçilik modelinə malik olan dövlətlərin, habelə regional və beynəlxalq təşkilatların Azərbaycana marağının artdığını vurğulanıb. 

Dialoq əsnasında millət vəkili xüsusilə də, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin məhv edilməsinə, ekosid, urbisid, mina terroruna, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində işğaldan azad etdiyimiz torpaqlarımıza Böyük Qayıdışa dair Dövlət Proqramına, Prezident İlham Əliyevin sülh təşəbbüslərinə və Ermənistan-Azərbaycan normallaşma prosesinə diqqət çəkib.

AIPA üzv ölkələrin parlamentləri çıxışlarında ASEAN və AİPA-nın regional və qlobal miqyasda baş verən proseslərdə iştirakı, həmçinin bu təsisatların və təmsil etdikləri dövlətlərin Azərbaycanla münasibətləri mövzusunda danışaraq, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar. Natiqlər enerji və bağlantılar sahəsində geniş imkanlarımızın cəlbedici olduğunu bildirərək, ölkəmizlə enerji, o cümlədən “yaşıl enerji”, iqlim dəyişikliyi, nəqliyyat, kənd təsərrüfatı, ticarət, turizm, viza rejiminin sadələşdirilməsi, təhsil, mədəniyyət, elektron hökumət, süni intellekt, kibertəhlükəsizlik, minatəmizləmə sahələrində əməkdaşlıqda maraqlarını ifadə ediblər. 

Sonda, millət vəkili Zaur Şükürov üzv dövlətlərin nümayəndələrinin çıxışları və sualları ilə əlaqədar şərh və cavablarını səsləndirib.

Diqqət çəkən məqam ondan ibarətdir ki, AİPA üzv ölkələrin parlamentarilərinin demək olar ki, hər biri çıxışlarında Azərbaycanın son dövrlər əldə etdiyi uğurları təqdir edərək, Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı irəliləyişlərin əldə olunmasını alqışlayıb və ölkəmizlə konkret sahələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar. 

Bu xüsusda, qeyd edilməlidir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin həyata keçirdiyi uzaqgörən, balanslı və praqmatik xarici siyasət kursu çərçivəsində fərqli coğrafiyalarda, o cümlədən ASEAN bölgəsində milli maraqlarımıza cavab verən beynəlxalq əməkdaşlığımız uğurla inkişaf etməkdədir. İnanrıq ki, məhz bu stategiyanın nəticəsində ölkəmizin nüfuzunun davamlı olaraq yüksəlməsi və etibarlı tərəfdaşa çevrilməsi müxtəlif siyasi-iqtisadi inkişaf və idarəçilik modelinə malik olan dövlətlərin qarşıdan gələn illərdə də Azərbaycana marağını davamlı olaraq artıracaqdır.