"Sədərək" marşrutunda insident: avtobus sıxışdırıldı, güzgüsü sındırıldı - GÖRÜNTÜ
22 Avqust 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1595
28.03.2025, 22:16
2016-cı il dekabrın 23-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi olur. Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində, yolun kənarında üzərində bıçaq xəsarətləri ilə Tovuz rayon sakini 1988-ci il təvəllüdlü Elşən Əmirovun meyitini aşkar ediblər. Araşdırma zamanı, mərhumun avtobus sürücüsü işlədiyini və Ramana qəsəbəsində, kirayədə yaşaması məlum olub.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də şübhəli şəxs qismində Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Elçin Həsənov saxlanılıb. Növbəti gün Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Səbail RPİ 39-cu və Suraxanı RPİ 31-ci polis bölmələri əməkdaşlarının birgə əməliyyatı nəticəsində 1994-cü ildə Tatarıstan Respublikasında anadan olmuş, əvvəllər məhkum olunmayan Elnur Məmmədov da tutulub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, dekabrın 23-ü saat 18 radələrində Elnur Məmmədov Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında tanışı Elçin Həsənovla görüşüb. Birlikdə yaşadığı evə doğru piyada gedərkən, Bülbülə qəsəbəsində, magistral yolun kənarında “Cherry” markalı avtomobilin dayandığını və arxa oturacaqda Elşən Əmirovun Şəlalə Məmmədova ilə oturduqlarını görüblər. Maşının yanından keçib, bir az aralanıblar. Çevrilib, baxanda görüblər ki, oğlanla qız maşından düşüb yaxınlıqdakı meşəlik sahəyə doğru gediblər və orda cinsi əlaqədə olmağa hazırlaşırlar. Elşən və Şəlalə onların yaxınlaşdığını görüb narahat olublar və qaçıb avtomobilə əyləşiblər.
Uzaqlaşmağa çalışanda Elnur Məmmədov Elşən Əmirova yaxınlaşıb, maşından düşməsini tələb edib. Elnur Elşəni avtomobilin arxa hissəsində mübahisəyə təhrik edərək, yumruqla üzünə bir zərbə vurub. Elşən Əmirovun əlindən çıxıb, uzaqlaşmaq istədiyini gördükdə, Elnur üzərində gəzdirdiyi bıçağı çıxarıb, əsaslı səbəb olmadan onun bədəninə 2 dəfə zərbə endirib. Elşənin müqavimət göstərdiyini görən Elçin Həsənov yaxınlaşıb əlləri və ayaqları ilə Elşən Əmirova xəsarətlər yetirib. Bundan sonra Elnur Məmmədov bıçaqla Elşənin sinəsinə axırıncı zərbəni endirib. Nəticədə Elşən Əmirov həyatını itirib.
İş üzrə dindirilmiş Elnur Məmmədov bildirib ki, dekabrın 23-də Ramana qəsəbəsində yerləşən cərimə meydançasının yaxınlığındakı kafeyə gedib. 1 saatdan sonra ordan çıxıb:
“16 saylı cəzaçəkmə müəssisənin yaxınlığında, avtobus dayanacağında bir məhəllədə yaşadığımız Elçin Həsənovla rastlaşdım. Onunla söhbət edə-edə evimizə tərəf gedirdik. Yolun kənarında dayanmış avtomobilin yanından keçərkən maşının arxa oturacağında bir qızın başını oğlanın çiyninə qoyduğunu, oğlanın isə qızı qucaqladığını gördüm. Sükan arxasında bir kişi əyləşmişdi. Maşından təxminən 60 metr kənarlaşandan sonra Elşən Əmirovun, arxasınca da Şəlalə Məmmədovanın avtomobildən düşüb meşəlik tərəf getdiklərini gördüm. Səs gəldiyini eşidib həmin əraziyə tərəf getdik və hər ikisinin yarıçılpaq vəziyyətdə olduqlarını gördük.
Onlara çatmağa 3-4 metr qalmış oğlanla qız paltarlarını geyindilər və tez maşına doğru getdilər. Arxalarınca gedib Elşənə avtomobildən düşməsini dedim. Maşının arxa tərəfində mübahisə edərkən sürücüsü Ehtiram Əsədov da yanımıza gəldi. Elşən Əmirova “camaatın ana- bacısının burdan keçdiyini” söyləyərək, etdiyi hərəkətlə bağlı irad bildirəndə, Elşən mənə kobud cavab qaytardı. Ehtiram Əsədov məni bir qədər kənara çəkərək, sakitləşdirməyə çalışdı. Elşən məni söydüyü üçün üzünə yumruqla zərbə vurdum. Zərbənin təsirindən arxaya gedən Elşən yerdən daş götürdü.
Açılıb-qatlanan bıçaqla zərbə vurmamışdan əvvəl ona “daşı yerə atmasını” bildirdim. Lakin, Elşən “bıçağı açmısansa, vurmalısan” deyərək, mənə ağır söyüş işlətdi. Qəzəblənərək, üzərinə getdim və bədəninə xəsarətlər yetirdim. Elşənə bıçaqla birinci zərbəni vuranda, Elçin araya girib, dedi ki, vurmayım. Bıçaq zərbələrindən biri Elçinin əlinə dəydi. Elçinin qoltuğunun altına və sinəsinə zərbələr dəymişdi. Bıçaqla vurandan sonra Elşən yerə yıxılmadı. Yerdən daş götürərək bizə tərəf atdı. Mən irəlidə, Elçin isə arxamca qaçdı. 70-80 metrdən sonra çevrilib baxanda Elşənin yolun kənarındakı ağacın altında yerə çökərək, oturduğunu gördük”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Teymur Əmirov ifadəsində göstərib ki, oğlu Elşən Əmirov 49 nömrəli marşrut avtobusunda sürücü işləyib:
“Dekabrın 23-də oğlumu soruşanda Ehtiram Əsədov dedi ki, Elşəni Ramana tərəfdə, yolun kənarında düşürüb evinə gedib. Ayın 24-ü gecə saat 2 radələrində polis əməkdaşı zəng edib, məni 31-ci Polis Bölməsinə dəvət etdi. Orda mənə bildirdilər ki, Elşən qətlə yetirilib”.
Şahid Ehtiram Əsədov bildirib ki, dekabrın 23-ü saat 11 radələrində iş yoldaşı Elşən Əmirovla görüşüb:
“Özümün idarə etdiyim “Cherry” markalı avtomobillə birlidə 136 nömrəli marşrut avtobusunun axırıncı dayanacağına, yəni Şüvəlan qəsəbəsində “QRES” deyilən əraziyə, daha sonra 49 nömrəli avtobusunun sonuncu dayanacağına getdik. Saat 18 radələrində Elşən mənə Şəlalə adlı tanışı ilə bir neçə dəqiqəlik görüşmək istədiyini dedi. Ramana qəsəbəsində yerləşən poçt şöbəsinin yanında Şəlalə avtomobilimə əyləşdi və bir az getdikdən sonra mən cəzaçəkmə müəssisəsini keçəndən sonra yolun kənarında maşını saxladım. Elşən Şəlalə ilə cinsi əlaqədə olmaq istəyirdi, onlar arxa oturacaqda bir qədər qucaqlaşıb, öpüşdülər. Həmin vaxt tanımadığımız 2 nəfər maşının içərisinə baxa-baxa keçib, ağaclığa doğru uzaqlaşdılar. Onlara əhəmiyyət vermədik.
Elşən mənə “5-dəqiqəlik maşından düş, qızla söhbət edim” dedi. Hava soyuq olduğu üçün ona maşından düşməyəcəyimi söyləyəndə, Elşən avtomobildən düşüb, təxminən 10 metr aralandı və əli ilə işarə edib qadını yanına çağırdı. Şəlalə maşından düşərək onun yanına getdi. Amma 2-3 dəqiqə keçən kimi Elşən qaça-qaça maşına tərəf gəldi. Elşən qabaq, Şəlalə isə arxa oturacaqda əyləşdilər. Arxalarınca gələn iki nəfər maşının qabaq qapısını açıb Elşənə dedilər ki, maşından düşsün. İş yoldaşım avtomobildən çıxaraq, onlarla mübahisə etməyə başladı. “İnsanların keçdiyi ərazidə cinsi əlaqədə olması ilə bağlı” irad bildirəndə, Elşən onlara qadınla sadəcə söhbət etdiyini və artıq hərəkətlər etmədiyini bildirdi. Amma Elnur Məmmədov Elşənə “yalan danışma, sən qızı ağaclığa elə-belə aparmamısan” dedi. Onları sakitləşdirməyə çalışsam da, mümkün olmadı. Qarşılıqlı söyüşlərdən sonra əlbəyaxa oldular. Elçin Həsənov yumruqla, Elnur Məmmədov isə bıçaqla Elşənə zərbələr vurdu. Sonra onlar üzü Yeni Ramana qəsəbəsi istiqamətində qaçdılar. Elşən sağ əli ilə yerdən daş götürüb, bir qədər arxalarınca qaçdı”.
Məhkəmə iclasında Elnur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Elçin Həsənov özünü təqsirli bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza təyin olunmasını xahiş edib.
Məhkəmə hesab edib ki, Elnur Məmmədova Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə verilmiş ittihamdan 120.2.1-ci maddəsi xaric edilməli və ona yalnız 120.2.2-ci maddəsinin sanksiyası həddində cəza təyin olunmalıdır.
Digər şəxs — Elçin Həsənovun ittihamından Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələri xaric edilməli, onun əməli 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədov 17 il, Elçin Həsənov 4 il müddətinə azadlıqdan məhrum olunublar.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin edilib. Elnur Məmmədovun cəzası 17 ildən 18 ilə, Elçin Həsənovun cəzası isə 4 ildən 16 ilədək artırılıb.
02:23 / 23 Avqust 2026
79
22:37 / 22 Avqust 2026
133
21:49 / 22 Avqust 2026
199
21:35 / 22 Avqust 2026
147
20:40 / 22 Avqust 2026
151
20:15 / 22 Avqust 2026
148
20:14 / 22 Avqust 2026
152
19:59 / 22 Avqust 2026
88
19:48 / 22 Avqust 2026
171
19:33 / 22 Avqust 2026
161
18:55 / 22 Avqust 2026
230
18:26 / 22 Avqust 2026
107
18:21 / 22 Avqust 2026
131
13:55 / 22 Avqust 2026
133
13:36 / 22 Avqust 2026
834
13:34 / 22 Avqust 2026
124
13:31 / 22 Avqust 2026
126
12:55 / 22 Avqust 2026
133
12:55 / 22 Avqust 2026
114
12:35 / 22 Avqust 2026
108
12:34 / 22 Avqust 2026
145
12:15 / 22 Avqust 2026
107
11:59 / 22 Avqust 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.