UFC çempionu, dağıstanlı Həbib Nurməhəmmədov Almaniyada Gürcüstanın baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvilinin kiçik oğlu ilə bir araya gəlib.
OXU24.COM nun məlumatına görə, onlar Avropa çempionatı çərçivəsində İspaniya və Gürcüstan yığmaları arasında oyunu izləyiblər. Bu görüş zamanı çəkilən fotolar müzakirələrə səbəb olub.
Tbilisi meri, keçmiş futbolçu Kaladze sosial şəbəkə hesabında Nurməhəmmədov və İvanişvili ilə çəkilmiş şəklini paylaşıb.
Keçmiş UFC çempionu Gürcüstan millisinə azarkeşlik edib və instaqramda Gürcüstan millisi barədə xoş sözlər yazıb.
Rusiya-Ukrayna münaqişəsində Gürcüstanın Ukraynanı dəstəkləməsi və Nurməhəmmədovun Gürcüstana azarkeşlik etməsi Rusiya sosial şəbəkələrində birmənalı qarşılanmayıb.
Bu məqamda Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkatının baş katibinin müavini İrakli Pavlenişvili Kölndə Kobaxidze və Kaladzenin Həbib Nurməhəmmədovla görüşünə münasibət bildirilib.
O, görüşü “Gürcüstan hakimiyyətinin Rusiya ilə əlaqələrinin təsdiqi” adlandırıb.
“Rusiya idmançısı ilə belə görüş Gürcüstanı beynəlxalq arenada rüsvay edir. Ölkəyə rusiyayönümlü partiya, əsl banda rəhbərlik edir”, - deyən müxalifətçi oktyabrın 26-da Gürcüstan parlamentinə keçiriləcək seçkilərdə seçiciləri bu görüşü də unutmamağa çağırıb.
Hakim “Gürcü Arzusu”ndan olan parlamentin birinci vitse-spikeri Georgi Volski də öz növbəsində deyib ki, Nurməhəmmədov dünyada tanınmış idmançıdır, onunla çoxlarının fotoları var.
Əvvəllər Həbib Nurməhəmmədov ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşündən sonra Rusiyada tənqid edilib və dağıstanlı idmançının Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlığına malik olması barədə məlumat yayılıb.
“Mash” teleqram kanalı Nurməhəmmədovun vergi xidmətinə 297 milyon rubl borcu olduğu üçün hesablarına həbs qoyulduğunu elan edib. Amma bu məlumatın rəsmi təsdiqi yoxdur. Məsələnin görüşlə bağlı olması da sual altındadır.
Qeyd edək ki, 2018-ci ilin aprelində yüngül çəkidə UFC çempionu olan Həbibin 29 qələbəsi olub, heç bir məğlubiyyəti olmayıb. Onun Konor Makqreqorla 2018-ci ildə baş tutan döyüşü MMA tarixində ən çox gəlir gətirən döyüş olub. O, son döyüşünü 2020-ci ilin oktyabrında Justin Gaetə qarşı keçirib və bundan sonra böyük rinqdən uzaqlaşıb.
Oxu24.com
ŞƏRHLƏR