Qaynar xətt:

(+99450) 247 90 86

Vərəsəliklə alınan ½ pay satıla bilərmi? – Vəkildən açıqlama  

Vərəsəliklə alınan ½ pay satıla bilərmi? – Vəkildən açıqlama  

HÜQUQ

28

28.08.2026, 12:29

Vərəsəlik yolu ilə daşınmaz əmlakdan pay əldə edən şəxslər sonradan həmin payı satmaq istədikdə müəyyən hüquqi prosedurlara əməl etməlidirlər. Xüsusilə əmlakın bir neçə şəxsin mülkiyyətində olduğu hallarda pay sahibinin öz hissəsini digər payçıların razılığı olmadan istənilən şəxsə satması müəyyən məhdudiyyətlərlə qarşılaşa bilər.

Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Oxu24.com-a açıqlamasında bildirib ki, vətəndaş vərəsəlik nəticəsində, məsələn, daşınmaz əmlakın ½ hissəsinə sahib olub və bu hüququ dövlət qeydiyyatından keçirərək çıxarış əldə edibsə, həmin şəxs əmlakdakı payının rəsmi mülkiyyətçisi hesab olunur. Lakin payın satılması zamanı digər payçıların da qanunla müəyyən edilən hüquqları nəzərə alınmalıdır.

Vəkilin sözlərinə görə, burada əsas məsələlərdən biri payçıların üstünlük hüququnun olmasıdır. Yəni şəxs öz payını satmaq qərarına gəlibsə, ilk növbədə həmin payı digər payçılara təklif etməlidir. Bu prosedur həyata keçirilmədən payın birbaşa üçüncü şəxsə satılması sonradan hüquqi mübahisələrə səbəb ola bilər.

Abdullazadə qeyd edib ki, pay sahibi digər payçılara rəsmi qaydada müraciət etməli, satmaq istədiyi payın qiyməti və digər şərtləri barədə onları məlumatlandırmalıdır. Digər payçılara qanunvericiliklə nəzərdə tutulan müddət ərzində həmin payı almaq imkanı yaradılmalıdır. Əgər onlar bu hüquqdan istifadə etmirlərsə, bundan sonra pay sahibinin öz hissəsini üçüncü şəxsə satması üçün hüquqi imkan yaranır.

Məsələn, bir ev iki şəxsin adına ½–1/2 nisbətində rəsmiləşdirilibsə və tərəflərdən biri həmin əmlakda yaşamaq istəmir, öz payından istifadə etmək və ya onu satmaq niyyətindədirsə, digər payçının hüquqları da nəzərə alınmalıdır. Çünki daşınmaz əmlak üzərində paylı mülkiyyət münasibətləri yalnız bir şəxsin iradəsi ilə həll edilmir.

Vəkil bildirib ki, payın naturada bölünməsi məsələsi də xüsusi əhəmiyyət daşıyır. Bəzi hallarda əmlakı fiziki olaraq bölmək mümkündür. Lakin bir çox yaşayış evlərində və digər daşınmaz əmlaklarda bu, texniki və hüquqi baxımdan mümkün olmur. Belə vəziyyətdə məhkəmə qarşısında əmlakın bölünməsi, istifadə qaydasının müəyyən edilməsi və ya əmlakın satılması ilə bağlı tələblər gündəmə gələ bilər.

“Əgər iki şəxsin ümumi mülkiyyətində olan ev faktiki olaraq bölünə bilmirsə, tərəflərin birgə yaşayışı mümkün deyilsə və paylardan birinin ayrıca istifadə edilməsi real deyilsə, belə vəziyyətdə məsələ məhkəmə qaydasında həll oluna bilər. Burada əsas məqsəd tərəflərdən birinin digərinin mülkiyyət hüququnu məhdudlaşdırmamasıdır”, – deyə vəkil vurğulayıb.

Onun sözlərinə görə, vətəndaşın əmlakda yaşayıb-yaşamaması onun mülkiyyətçi statusunu aradan qaldırmır. Yəni pay sahibi həmin evdə faktiki yaşamasa belə, çıxarışda onun adına qeyd olunan pay üzərində mülkiyyət hüququ qüvvədə qalır.

Vəkil diqqətə çatdırıb ki, belə məsələlərdə vətəndaşların yol verdiyi əsas səhvlərdən biri məhkəməyə müraciət etməzdən əvvəl lazımi hüquqi prosedurları həyata keçirməməsidir. Payçı digər payçılara rəsmi müraciət etməli, satış niyyətini və şərtləri sənədlə təsdiqləməli, qarşı tərəfə qanunla müəyyən edilmiş imkan yaratmalıdır.

Əgər digər payçı həmin payı almaqdan imtina edirsə və ya müəyyən edilmiş müddət ərzində mövqeyini bildirmirsə, pay sahibi bundan sonrakı hüquqi addımları ata bilər. Tərəflər arasında razılıq əldə olunmadıqda isə mübahisənin məhkəmə yolu ilə həlli gündəmə gəlir.

Abdullazadə qeyd edib ki, xüsusilə vərəsəlik nəticəsində bir evin bir neçə şəxs arasında bölündüyü hallarda belə mübahisələrə daha çox rast gəlinir. Vərəsələrdən biri əmlakda yaşamaq, digəri isə öz payını satmaq istəyə bilər. Bu zaman tərəflərin şəxsi münasibətlərindən asılı olmayaraq, hər birinin mülkiyyət hüququ qanun çərçivəsində qorunmalıdır.

“Əmlakın natura şəklində bölünməsi mümkün deyilsə, tərəflərin həmin əmlakdan istifadə etməsi ilə bağlı ciddi fikir ayrılığı varsa, məhkəmə konkret halları araşdırır. Əmlakın xüsusiyyətləri, payların nisbəti, tərəflərin istifadə imkanları və digər mühüm hallar qiymətləndirilir. Buna görə də belə işlərdə əvvəlcədən ‘mütləq satılacaq’ və ya ‘mütləq bölünəcək’ demək düzgün deyil. Hər bir işin faktiki halları ayrıca araşdırılmalıdır”, – deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, avtomobil kimi fiziki olaraq hissələrə ayrılması mümkün olmayan əmlaklarda olduğu kimi, bəzi daşınmaz əmlakların da fiziki şəkildə bölünməsi real olmur. Belə hallarda məhkəmə mülkiyyətçilərin hüquqlarını və əmlakdan istifadə imkanlarını nəzərə alaraq müvafiq qərar qəbul edə bilər.

Hüquqşünas həmçinin vətəndaşlara tövsiyə edib ki, vərəsəlik yolu ilə əldə etdikləri payın satılması və ya digər payçılarla mübahisənin həlli zamanı yalnız şifahi razılaşmalara güvənməsinlər. Müraciətlərin, bildirişlərin və digər hüquqi hərəkətlərin sənədləşdirilməsi sonradan məhkəmə mübahisəsi yarandıqda mühüm sübut əhəmiyyəti daşıya bilər.

Beləliklə, vərəsəlik nəticəsində evdə ½ və ya digər nisbətdə pay əldə edən şəxsin həmin pay üzərində mülkiyyət hüququ vardır. Lakin payın satılması zamanı digər payçıların üstünlük hüququ və qanunvericilikdə nəzərdə tutulan prosedurlar nəzərə alınmalıdır. Razılıq əldə olunmadıqda və əmlakın natura şəklində bölünməsi mümkün olmadıqda isə mübahisənin məhkəmə qaydasında həlli mümkün variantlardan biridir.