Qaynar xətt:

(+99450) 247 90 86

Hansı məhsulları 14 gün ərzində geri qaytarmaq OLMAZ?  — AÇIQLANDI

Hansı məhsulları 14 gün ərzində geri qaytarmaq OLMAZ?  — AÇIQLANDI

HÜQUQ

123

07.10.2026, 12:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mağazadan hər hansı məhsul aldıqdan sonra fikrimizi dəyişdiyimiz, məhsulun ölçüsünün uyğun gəlmədiyini və ya gözlədiyimiz kimi olmadığını düşündüyümüz hallar kifayət qədər çoxdur. Belə vəziyyətlərdə vətəndaşların tez-tez istinad etdiyi qaydalardan biri də “14 gün ərzində məhsulu qaytarmaq və ya dəyişdirmək hüququ”dur. Lakin cəmiyyətdə bu qayda ilə bağlı kifayət qədər yanlış təsəvvürlər mövcuddur. Bəzi istehlakçılar hesab edirlər ki, mağazadan alınan istənilən məhsulu 14 gün ərzində, səbəb göstərmədən geri qaytarmaq mümkündür. Halbuki bu hüququn tətbiqi üçün müəyyən şərtlər və istisnalar mövcuddur.

Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Roman Qaraşov bildirib ki, ilk növbədə 14 günlük müddətin bütün məhsullara şamil edilmədiyini nəzərə almaq lazımdır. Məhsulun geri qaytarılması və ya dəyişdirilməsi üçün onun hansı məhsul kateqoriyasına aid olması, istifadə edilib-edilməməsi və satış zamanı hansı vəziyyətdə olması mühüm əhəmiyyət daşıyır.

Vəkilin sözlərinə görə, istehlakçının məhsulu dəyişdirmək və ya qaytarmaq hüququndan istifadə edə bilməsi üçün həmin məhsulun ilkin əmtəə görünüşü, qablaşdırması, etiketi və digər xüsusiyyətləri qorunub saxlanılmalıdır.

“İlk növbədə 14 gün məsələsinə bir qədər aydınlıq gətirmək lazımdır. Çünki hər məhsul 14 gün ərzində, təbii ki, qaytarılmır və ya dəyişdirilmir. Müəyyən məhsullar var ki, qanunvericiliyin tələblərinə uyğun olaraq onların dəyişdirilməsi və ya geri qaytarılması ilə bağlı xüsusi qaydalar mövcuddur. Ümumən isə istehlakçı məhsulu istifadə etməyibsə və məhsul ona satıldığı vəziyyətdədirsə, müəyyən şərtlər daxilində onu dəyişdirmək hüququna malik ola bilər”, – deyə R.Qaraşov bildirib.

Vəkil qeyd edib ki, məhsulun satıldığı zaman üzərində olan qablaşdırma, etiket, yarlıq və digər əmtəə görünüşünü müəyyən edən elementlərin qorunması vacibdir. Bunun əsas səbəbi sahibkarın geri qaytarılan məhsulu yenidən satışa çıxara bilməsi ilə bağlıdır.

“Burada sahibkarın hüquqları da nəzərə alınmalıdır. Tutaq ki, şəxs mağazadan hər hansı məhsul alır, məhsul qablaşdırılmış vəziyyətdədir, üzərində etiketi və yarlığı var. Daha sonra alıcı həmin məhsulu açır, etiketini çıxarır, qablaşdırmasını korlayır və bir müddət sonra mağazaya müraciət edərək məhsulu qaytarmaq istəyir. Bu halda məsələ sadəcə ‘14 günüm var’ prinsipi ilə həll edilmir. Çünki sahibkarın da hüquqları var və geri götürdüyü məhsulun yenidən dövriyyəyə buraxılması məsələsi nəzərə alınmalıdır”, – deyə vəkil vurğulayıb.

Onun sözlərinə görə, istehlakçı hüquqlarının qorunması ilə yanaşı, sahibkarın hüquqlarının da pozulmaması vacibdir. Çünki tərəflər arasında hüquq münasibətləri qarşılıqlı hüquq və vəzifələr üzərində qurulur.

R.Qaraşov bildirib ki, məhsuldan istifadə edilməsi ilə məhsulda sonradan qüsurun aşkar edilməsi məsələsini də bir-birindən fərqləndirmək lazımdır. Məsələn, vətəndaş mağazadan ayaqqabı alır və həmin ayaqqabını bir dəfə geyindikdən sonra onun tikişlərinin söküldüyünü və ya alt hissəsinin ayrıldığını görür. Bu vəziyyətdə istehlakçının “14 gün ərzində qaytarmaq hüququm var” deməsi ilə məsələ avtomatik həll olunmur. Burada artıq söhbət məhsulun sadəcə bəyənilməməsindən deyil, mümkün keyfiyyət qüsurundan gedə bilər.

“Misal üçün, ayaqqabı almısınız və bir gün istifadə etmisiniz. Sonra ayaqqabının tikişləri sökülüb, alt hissəsi ayrılıb və ya məhsul başqa formada yararsız vəziyyətə düşüb. Siz deyirsiniz ki, mənim 14 günlük hüququm var və buna görə qaytarıram. Burada məsələyə başqa aspektdən yanaşmaq lazımdır. Əgər məhsulda qüsur yaranıbsa, həmin qüsurun səbəbi müəyyən edilməlidir. Yəni bu, istifadə nəticəsində yaranmış zədədir, yoxsa məhsul əvvəldən istehsal qüsurlu olub?” – deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, məhsulda istehsal qüsurunun olduğu müəyyən edilərsə, istehlakçının hüquqları ayrıca qiymətləndirilir. Belə halda məsələ adi qaydada “məhsulu bəyənmədim, geri qaytarıram” məsələsindən fərqlənir.

Məsələn, istehlakçı ayaqqabını normal qaydada istifadə edib, lakin çox qısa müddətdən sonra tikişləri açılıb. Əgər müəyyən edilərsə ki, bu hal istehlakçının yanlış istifadəsindən deyil, məhsulun istehsal qüsurundan irəli gəlib, istehlakçının məhsulla bağlı tələb irəli sürməsi üçün hüquqi əsas yarana bilər.

R.Qaraşov qeyd edib ki, belə hallarda sahibkar məhsulu araşdırılması üçün mütəxəssisə təqdim edə bilər. Məhsulun xarakterindən asılı olaraq onun keyfiyyəti müvafiq sahə üzrə mütəxəssis tərəfindən yoxlanıla bilər.

“Davamlı olaraq həmin məhsulun satışı ilə məşğul olan sahibkarın öz mütəxəssisi ola bilər. Məsələn, geyim və ya ayaqqabı ilə bağlı problem yaranıbsa, məhsula müvafiq sahə üzrə mütəxəssis baxış keçirə bilər. Nəticədə məhsulda həqiqətən istehsal qüsurunun olub-olmaması barədə akt və ya müvafiq sənəd tərtib edilə bilər. Burada əsas məsələ qüsurun məhz istehsal qüsuru olmasıdır. Yəni məhsul düzgün istehsal olunmayıb və normal istifadə zamanı qısa müddət ərzində yararsız vəziyyətə düşüb”, – deyə vəkil açıqlayıb.

Onun sözlərinə görə, əgər məhsulun yararsız vəziyyətə düşməsi istehlakçının öz hərəkətləri nəticəsində baş veribsə, vəziyyət tamamilə fərqli ola bilər. Məsələn, məhsul təyinatına uyğun istifadə edilməyib, yanlış saxlanılıb, zədələnib və ya istehlakçının günahı nəticəsində xarab olubsa, bu halda həmin qüsuru avtomatik olaraq istehsalçı və ya satıcının üzərinə qoymaq mümkün deyil.

Bu səbəbdən istehlakçılar məhsulu aldıqdan sonra onu diqqətlə yoxlamalı, qablaşdırmasını və etiketlərini səbəbsiz yerə çıxarmamalı, məhsulu istifadə etməzdən əvvəl onun ölçüsünü, modelini, rəngini və digər xüsusiyyətlərini yoxlamalıdırlar.

Vəkil həmçinin qeyd edib ki, ərzaq məhsulları ilə qeyri-ərzaq məhsullarının geri qaytarılması məsələsində də fərqlər mövcuddur. Ərzaq məhsullarında məhsulun keyfiyyəti, yararlılıq müddəti və təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. İstehlakçı sağlam və yararlı ərzaq məhsulunu aldıqdan sonra sadəcə fikrini dəyişdiyinə görə onu istənilən halda geri qaytara bilməz.

Lakin ərzaq məhsulunun keyfiyyətsiz, xarab və ya istehlak üçün yararsız olması ayrı məsələdir. Belə halda istehlakçının satıcı qarşısında tələb irəli sürməsi üçün əsas yarana bilər.

Qeyri-ərzaq məhsullarında isə məhsulun istifadə edilib-edilməməsi, ilkin görünüşünün saxlanılması və məhsulun hansı vəziyyətdə satıldığı mühüm əhəmiyyət daşıyır. Buna görə də “14 gün” ifadəsini məhsuldan istifadə etdikdən sonra istənilən səbəblə onu geri qaytarmaq üçün verilmiş müddət kimi başa düşmək düzgün deyil.

“İstehlakçı 14 gün müddətini belə başa düşməməlidir ki, məhsulu istifadə edir, sonra bəyənmir və deyir ki, mənim 14 gün hüququm var. Burada məhsulun hansı vəziyyətdə olduğu əsas məsələlərdən biridir. Əgər məhsul istifadə edilməyibsə, satıldığı formada qorunub saxlanılıbsa, qablaşdırması, etiketi və digər əmtəə görünüşü pozulmayıbsa, qanunvericilikdə nəzərdə tutulan hallarda dəyişdirilməsi və ya qaytarılması məsələsi gündəmə gələ bilər. Amma məhsul istifadə edilibsə, bu artıq başqa hüquqi vəziyyətdir”, – R.Qaraşov bildirib.

Vəkil istehlakçılara məhsul alarkən yalnız qiymət və görünüşə deyil, onun keyfiyyətinə, qablaşdırılmasına, zəmanət şərtlərinə və digər məlumatlara da diqqət yetirməyi tövsiyə edib. Xüsusilə texniki və bahalı məhsullarda zəmanət sənədlərinin və alış faktını təsdiq edən sənədlərin saxlanılması sonradan yarana biləcək mübahisələrin həlli baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, məhsulda qüsur aşkar edilərsə, istehlakçı problemi dərhal satıcıya bildirməli və tələbini mümkün qədər əsaslandırmalıdır. Əgər tərəflər arasında mübahisə yaranarsa, məhsulun ekspertizadan keçirilməsi məsələsi də ortaya çıxa bilər.

“Əgər istehlakçı deyirsə ki, mən məhsulu normal istifadə etmişəm, amma çox qısa müddətdə onda ciddi qüsur yaranıb, burada həmin qüsurun səbəbi müəyyən edilməlidir. Məhsulun istehsal qüsurlu olması təsdiqlənərsə, istehlakçının qanunvericilikdə nəzərdə tutulan tələbləri irəli sürmək hüququ yarana bilər. Amma qüsur istehlakçının düzgün istifadə etməməsi nəticəsində yaranıbsa, vəziyyət fərqli olacaq”, – deyə vəkil qeyd edib.

Beləliklə, “alınan məhsulu 14 gün ərzində istənilən halda qaytarmaq olar” fikri düzgün deyil. 14 günlük müddət bütün məhsullara və bütün vəziyyətlərə eyni formada tətbiq edilmir. Məhsulun istifadə olunub-olunmaması, ilkin əmtəə görünüşünün saxlanılması, qablaşdırma və etiketlərin vəziyyəti, məhsulun aid olduğu kateqoriya və mövcud qüsurun səbəbi kimi məsələlər nəzərə alınmalıdır.

Əgər məhsul sadəcə istifadə olunmayıb və istehlakçı onu satıldığı vəziyyətdə geri təqdim edirsə, qanunvericiliyin müəyyən etdiyi şərtlər daxilində dəyişdirilməsi və ya qaytarılması mümkün ola bilər. Əgər məhsul istifadə olunub və daha sonra qüsur yaranıbsa, artıq məsələ istehlakçının sadəcə “14 günlük hüququ” ilə deyil, məhsulun keyfiyyəti və qüsurun səbəbi ilə bağlı hüquqi normalarla qiymətləndirilir.

Bu səbəbdən vətəndaşlar məhsul alarkən “14 gün ərzində istənilən məhsulu qaytara bilərəm” düşüncəsinə əsaslanmamalı, konkret məhsulun hüquqi statusunu və geri qaytarılma şərtlərini nəzərə almalıdırlar. Satıcı ilə problem yarandıqda isə məhsulun alışını təsdiq edən sənədləri, qablaşdırmanı və digər sübutları qorumaq istehlakçının hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırladı: Turan Etibaroğlu