Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblərdə kişi müəllimlər niyə azdır? - Ekspert səbəbləri AÇIQLADI  

Məktəblərdə kişi müəllimlər niyə azdır? - Ekspert səbəbləri AÇIQLADI  

CƏMİYYƏT

61

07.10.2026, 20:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hazırda ölkənin ümumtəhsil məktəblərində qadın müəllimlərin sayının kişi müəllimlərə nisbətən xeyli üstünlük təşkil etməsi illərdir müzakirə olunan aktual mövzulardan biridir. Statistik rəqəmlərə nəzər saldıqda məktəblərdəki pedaqoji kadrların təqribən 85 faizinin qadınlardan, cəmi 15 faizinin isə kişilərdən ibarət olduğu müşahidə edilir. Təhsil ocaqlarında gender balansının bu cür qeyri-bərabər şəkildə formalaşması cəmiyyətdə və mütəxəssislər arasında müxtəlif müzakirələrə səbəb olur. Xüsusilə oğlan şagirdlərin təlim-tərbiyəsində və sinif rəhbərliyində kişi müəllimlərin rolunun və müəyyən təmasların vacibliyi hər zaman önə çəkilir. 

Lakin son illərdə abituriyentlərin, xüsusilə də oğlanların pedaqoji ixtisaslara marağının zəiflədiyi açıq şəkildə nəzərə çarpır. Hətta bəzi hallarda ən zəif bal toplayan abituriyentlər belə müəllimlik peşəsini seçməkdən yayınıb daha zəif ixtisaslara üz tutur. Bu tendensiyanın formalaşmasının arxasında duran əsas səbəblər sırasında sosial məsələlər və maddi təminat amili əsas yer tutur. Kişi müəllimlərin məktəblərdən uzaqlaşaraq repetitorluq fəaliyyəti ilə məşqul olması və ya xarici ölkələrə üz tutması mövcud vəziyyətə mənfi təsir göstərir. Məhz bu vacib problemin köklərini və aradan qaldırılma yollarını aydınlaşdırmaq üçün təhsil ekspertinin fikirlərini oxucularımıza təqdim edirik.

Mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Ramin Nurəliyev məsələnin detallarını və vacib həll yollarını açıqlayıb.

Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırda ümumtəhsil məktəblərində təqribən 85 faiz ətrafında qadın müəllimlər, 15 faiz ətrafında isə kişi müəllimlər tədris prosesinə cəlb olunur. Ekspertin sözlərinə görə, istənilən hal odur ki, qadın və kişi müəllimlər ümumtəhsil məktəblərində bərabər sayda, yaxud da az fərqlə olsunlar. Lakin hazırkı mövcud vəziyyət heç də xoş təəssürat formalaşdırmır, çünki bəzi oğlan şagirdlərinə məhz kişi müəllimlərin dərs keçməsi, sinif rəhbəri olması və onlarla müəyyən təmasda olmaları daha müsbət və effektiv təsirlər formalaşdıra bilir.

Kişi müəllimlərin sayının azalmasının əsas səbəblərini göstərən ekspert qeyd edib ki, ilk növbədə sosial məsələlər ön plana gəlir, çünki istər-istəməz kişi müəllimlərin müəyyən qədər əməkhaqqının aşağı olması, donanışıq məsələsində müəyyən çətinliklərin çəkilməsi (əvvəlki illərdə bu daha çox idi) bu sahəyə marağı azaldır:

“Kişi müəllimlərin məktəblərdən ayrılması, xarici ölkələrə gedib müəyyən qədər pul qazanmaq arzusu və həmin ölkələrdə başqa fəaliyyətlərlə məşğul olması kimi hallar yaşanır. Bəzi kişi müəllimlər orta ümumtəhsil məktəblərində dərketmə prosesində iştirak etmək istəmir, məktəblərdən ayrılsalar da, sadəcə repetitorluq fəaliyyəti göstərirlər.

Mövcud vəziyyətdə oğlan abituriyentlər pedaqoji ixtisaslara çox meyilli deyillər və hətta balları aşağı olanlar belə müəllimlik ixtisası yazmadan daha zəif ixtisasları seçməyə üstünlük verirlər”.

Kişi müəllimlərin sayının artırılması üçün atılmalı addımlardan bəhs edən Ramin Nurəliyev vurğulayıb ki, heç bir ayrı-seçkilik edilmədən bütün müəllimlərin əməkhaqqının artırılması gündəmdə olmalıdır.

"Müəllimlərin sosial rifahında müəyyən düzəlişlər həyata keçirilməli, eləcə də sosial fəaliyyət gücləndirilməlidir.Müəllim kartlarında olan güzəştlərin sayı artırılmalıdır”.

Yekunda ekspert bildirib ki, universitetə qəbul zamanı 11-ci sinif şagirdlərindən müəllimlik ixtisasını seçən oğlan uşaqlarına müəyyən güzəştlər, imtiyazlar və təqaüdlər verilməlidir ki, gələcəkdə bu balansın qorunub saxlanılması təmin edilsin.

Çimnaz Telmanqızı