Məzuniyyətlə bağlı YENİ QAYDA
07 Oktyabr 2026, 21:47
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
56
07.10.2026, 22:54
Bu gün Azərbaycan ədliyyə sistemində görülən işlər və aparılan islahatlar, məhkəmə qərarlarının icrasındakı mövcud problemlər və bu istiqamətdə atılan addımlar, penitensiar sistemdə tətbiq edilən yeniliklər, rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr ictimai maraq doğuran mühüm mövzular sırasındadır. Həmçinin cəzaçəkmə müəssisələrində məhkumların islahı və reabilitasiyası, peşə təhsilinin təşkili, eləcə də probasiya sahəsində tətbiq edilən yeniliklər diqqət mərkəzindədir.
Oxu24.com xəbər verir ki,Ədliyyə naziri Fərid Əhmədov "Report" və İTV-yə müsahibəsində bu mövzulara aydınlıq gətirib.
Nazir ədliyyə sahəsində görülən işlər və gələcək planlar barədə danışıb.
İTV: Ədliyyə Nazirliyinin ən mühüm fəaliyyət istiqamətlərindən biri məhkəmə qərarlarının icrasıdır. Cəmiyyətdə və sosial şəbəkələrdə vaxtaşırı bununla bağlı müxtəlif fikirlər səslənilir. Bu sahədə hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Ötən müddət ərzində hansı nailiyyətlər əldə olunub, hansı işlər görülüb?
- İcra sənədlərinin və onların içində mühüm yer tutan məhkəmə qərarlarının icrası Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən biridir. Bu da təsadüfi deyil, çünki məhkəmə qərarlarının icrası həm vətəndaşlarımızın və sahibkarlıq subyektlərinin hüquqlarının həyata keçirilməsinin, həm də bütünlükdə məhkəmə hakimiyyətinə etimadın formalaşmasının vacib alətlərindən biridir. Bu səbəbdən də məhkəmə qərarlarının və digər icra sənədlərinin icrası daim diqqət mərkəzində saxlanılır.
Son illərdə həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin sonuna icra göstəricilərimiz 60% həddinə çatıb. Bu, son 5 ilin ən yüksək göstəricisidir. Cari ilin ilk 6 ayının nəticələrinə görə isə icra göstəriciləri təxminən 62% həddində olub. İlin sonuna qədər bu göstəricinin təxminən 62-65% arasında olacağını proqnozlaşdırırıq.
Təbii ki, icra göstəricilərimizin 100% həddində olmasını istəyərdik. Təəssüf ki, dünyanın heç bir yerində bu göstəricilərə nail olmaq mümkün deyil və bunun da müxtəlif səbəbləri olur. Bu, borcluların əmlak vəziyyəti, ödəmə qabiliyyəti və resurslardan irəli gələn digər səbəblərlə bağlı ola bilər. Lakin bizim hədəfimiz davamlı olaraq icra göstəricilərini artırmaqdan ibarətdir.
"Report": Qeyd etdiyiniz kimi, icra sənədlərinin icrasında bəzi çətinliklər var. Bu maneələr nədən ibarətdir və bunun həlli yolları üçün hansı addımlar atılır? Xüsusi icra məmurları institutu bu problemlərin həllində nə dərəcədə effektiv rol oynayır?
- Qeyd etdiyim kimi, icra göstəricilərinin 100% həddinə çatdırılması bizim ideal hədəflərimizdən olardı. Lakin müxtəlif obyektiv və subyektiv amillərlə bağlı səbəblərdən buna nail olmaq mümkün olmur. Subyektiv səbəblərin sırasında etiraf edirəm ki, bəzən icra məmurlarının kompetensiyasının zəifliyindən qaynaqlanan hallar da ola bilər. Və yaxud bəzən icra məmurları qanunvericiliklə müəyyən olunmuş çərçivələrdən kənar davranışlar sərgiləyə bilirlər ki, biz bunlara qarşı ən sərt tədbirləri görürük.
Digər subyektiv səbəblərdən biri də pul tələbləri üzrə icra sənədlərinin icrası zamanı borclunun maddi durumu ilə bağlıdır. Çünki bəzi hallarda pul tələbləri ilə bağlı icra sənədləri daxil olanda icra məmuru bütün zəruri icra hərəkətlərini görməsinə baxmayaraq, borclunun hər hansı bir aktivi aşkar edilmir. Yəni rəsmi gəliri və yaxud adına rəsmiləşmiş hər hansı bir daşınar və ya daşınmaz əmlakı olmadığına görə tələbin icra edilməsi mümkünsüz olur.
Buna baxmayaraq, bu hallarda da biz zəruri icra hərəkətlərini həyata keçirir və borclunun gələcəkdə aktivləri yarandığı halda tələbin bu aktivlərə yönəldilməsini təmin edirik. Amma bütövlükdə pul tələbləri ilə bağlı bu subyektiv məqamlarla üzləşmiş oluruq ki, bunlar da məhkəmə qərarlarının icrasında müəyyən maneələr yarada bilir.
Bunlarla yanaşı, icra ilə bağlı olan çətinliklərin obyektiv səbəbləri də var. Bu da əsasən son illərdə icraata daxil olan işlərin sayında kəskin artımın müşahidə olunması ilə bağlıdır. Müqayisə üçün qeyd edim ki, 2020-2023-cü illərdə icraata daxil olan icra sənədlərinin sayı il ərzində 307-309 min olub. Bu rəqəm 2024-cü ilin sonuna təxminən 30% artaraq 387 min təşkil edib. 2025-ci ilin sonuna isə bu göstərici 436 minə çatıb. Bu ilin sonuna il ərzində icraata daxil olmuş işlərin sayının 500 mini keçəcəyini proqnozlaşdırırıq. Təbii ki, bu da İcra xidmətinin iş yükünü xeyli artırıb.
Bir tərəfdən bunu ölkədə məhkəmə hakimiyyətinə etimadın artması və iqtisadi fəallığın, mülki dövriyyənin artmasının nəticəsi kimi qiymətləndirməliyik. Bu, müsbət haldır. Amma digər tərəfdən də İcra xidməti aşırı dərəcədə yüklənib. Bu yüklənmə icra məmurlarının sayının statik qalması fonunda baş verib. Yəni bir tərəfdən icraata daxil olan işlərin sayında kəskin artım, digər tərəfdən isə icra məmurlarının sayının dəyişməz olaraq qalması problemi ilə üzləşmişik.
Təbii ki, biz buna baxmayaraq icra intizamını gücləndirərək, bu sahədə müasir rəqəmsal alətləri tətbiq etməklə icra göstəricilərimizin artmasına nail ola bilmişik. Lakin qeyd etdiyim problemləri nəzərə alaraq, onların köklü, fundamental institusional islahatların həyata keçirilməsi yolu ilə həllinin mümkün olduğunu hesab edirik və bu istiqamətdə bir sıra təşəbbüslər irəli sürmüşük.
Bu təşəbbüslərdən biri xüsusi icra məmuru institutunun formalaşması və tətbiqi ilə bağlı idi. Bildiyiniz kimi, 2025-ci ildə "Xüsusi icra məmurları" haqqında qanun qəbul edilib, bu institutun 2026-cı ildə tətbiqi nəzərdə tutulub. Bu qanunun əsas fəlsəfəsi ondan ibarətdir ki, dövlət icra sənədlərinin icrası ilə bağlı yükünün bir hissəsini bazara ötürərək bu münasibətlərdə artıq nəzarəti və tənzimlənməni həyata keçirən quruma çevrilir.
İlkin mərhələdə xüsusi icra məmurlarının fəaliyyəti bir sıra kateqoriyaya aid olan icra sənədlərinə tətbiq olunacaq. Bu da əsasən pul tələbləri ilə bağlı olan işlərdir. Bunun iki səbəbi var. Təbii ki, xüsusi icra məmurlarının fəaliyyətinin səmərəli təşkili üçün təbii təşviq mexanizmləri olmalı idi və bu mexanizm təsisatın gəlirliliyi ilə bağlı idi. Ona görə də ilkin mərhələdə pul tələblərindən irəli gələn icra işlərinin onlara ötürülməsini daha məqsədəmüvafiq hesab edirik.
Bunun digər bir səbəbi də var. İcra portfelimizə nəzər salsaq, bu günə təqribən 1 milyon 90 min icra sənədi var. Bunların 60%-dən çoxu pul tələbləri ilə bağlı olan işlərdir. Bu rəqəm elə təəssürat yarada bilər ki, subyekt dairəsi olaraq pul tələbləri ilə bağlı 600 mindən artıq tələbkar var. Bu əsla belə deyil. Pul tələblərinin 520 mindən artıq hissəsi cəmi 40 subyekti əhatə edir. Başqa sözlə, cəmi 40 hüquqi şəxs 520 min icra sənədi üzrə tələbkar qismində çıxış edir. Bunlar əsasən banklar, bank olmayan kredit təşkilatları (BOKT), məişət avadanlığının satışı ilə məşğul olan subyektlər və digər hüquqi şəxslərdir.
Burada əsasən bankların və BOKT-ın təminatsız kreditlər verdiyini, sonra o kreditlərin geri qaytarılmasında çətinliklərlə üzləşdiyi halları görürük. Belə hallarda onlar məhkəməyə müraciət edirlər. Məhkəmə qərarı qəbul edildikdən sonra həmin icra sənədi bizim icraata daxil olur və nəticədə iş yükümüz kəskin şəkildə artır.
Biz əsla ölkədə kreditlərin verilməsinin əleyhinə deyilik. Bu iqtisadi dövriyyəni təşviq edən amillərdəndir. Lakin hər hansı bir sahibkarlıq subyektinin öz riskini düzgün idarə etməməsi nəticəsində dövlət qurumunun yüklənməsinin əleyhinəyik. Qanunun da məqsədi və məntiqi bundan ibarətdir ki, hər hansı bir subyekt öz riskini düzgün idarə etməməsi nəticəsində ona münasibətdə borc yaranırsa, bununla bağlı olan xərcləri həmin subyekt özü çəkməlidir.
Xüsusi icra mexanizmi də məhz bunu təmin etmiş olacaq. Xüsusi icra məmurları dövlət icra məmuru ilə eyni səlahiyyətlərə malik olacaqlar. Onlar da daxil olan tələblər üzrə icra hərəkətlərini dövlət icra məmuru kimi tam şəkildə həyata keçirə biləcəklər. Fərq yalnız ondan ibarət olacaq ki, onlar bunu ödəniş müqabilində edəcəklər. Beləliklə, bu portfelin böyük hissəsini özəl sektora ötürdükdə dövlətin bu sahədə yükü xeyli azalmış olacaq.
Məlumat üçün bildirim ki, xüsusi icra məmurlarının şəhadətləndirilməsi prosesinə artıq başlamışıq. Onlar müsabiqənin birinci mərhələsi olan yazılı mərhələni bitiriblər. Müsahibə mərhələsindən sonra təlimlərdən keçib xüsusi icra məmuru olaraq tam fəaliyyətə başlaya biləcəklər.
Digər tərəfdən üzləşdiyimiz növbəti obyektiv problem icra məmurlarının sayı ilə bağlıdır. Yenə də mən icraatda olan işlərimizin sayını yadınıza salmaq istərdim. İcraatda olan 1 milyon 90 minə yaxın işi icra məmurlarının sayına bölsək, ölkə üzrə hər icra məmuruna ildə ortalama 3500-4000 icra işi düşür. Rayonlarda isə bu rəqəm 10 mindir.
Bu, əsasən ədliyyə qulluğuna qəbul olan şəxslərin rayonlarda icra məmuru qismində işləmək istəməməsi ilə bağlıdır. Ədliyyə orqanlarına qulluğa qəbul olarkən Bakıda işləmək istəklərini ifadə etsələr də, rayonlara getmək istəmirlər. Beləliklə, rayonlarımızda icra məmuru resursumuz kəskin şəkildə azalmağa başlayıb.
Biz bu məsələnin həlli üçün qanunvericiliyə dəyişiklik təklifi ilə çıxış etdik. Dövlət icra məmurları haqqında qanuna dəyişiklik edilərək ümumiyyətlə icra məmurlarına münasibətdə ali hüquq təhsili tələbinin aradan qaldırılmasına nail olduq. Bu təbii ki, bir çox müzakirələrin nəticəsində verilmiş qərar oldu. Əsas sual ondan ibarət idi ki, dövlət icra məmuruna münasibətdə nə kimi səriştələr tələb olunur? Belə qənaətə gəldik ki, dövlət icra məmuru əslində tam olaraq 4 illik hüquq təhsili almadan təlimləndirmə prosesini keçməklə bu fəaliyyəti həyata keçirə bilər.
Artıq bu istiqamətdə ali hüquq təhsili olmayan icra məmurlarının seçimi prosesinə başlamışıq. Bu il 600-ə yaxın namizəd müraciət edib və onlardan 300-ə yaxını birinci mərhələdən keçərək müsahibə mərhələsinə buraxılıb. Onlara təlim keçirildikdən sonra regionlardakı vakansiyalarımıza yönləndirəcəyik. Bu institusional islahatları aparmaqla biz həm iş yükü ilə bağlı olan problemimizi, həm də resurs çatışmazlığı ilə bağlı olan çətinliklərimizi həll etmiş olacağıq.
İTV: Cəmiyyətdə daim diqqət mərkəzində olan məsələlərdən biri də penitensiar müəssisələrdir. Gəlin ondan başlayaq ki, bu təkcə cəzaçəkmə müəssisəsi deyil, həm də islah müəssisəsidir. Və burada çox önəmli bir məsələ məhkumların islah prosesinin təşkilidir. Azadlığa çıxan şəxslərin yenidən cinayət törətməsinin qarşısını almaq üçün cəzaçəkmə müəssisələrində hansı tədbirlər görülür? Bu istiqamətdə sizin fikrinizcə nələr edilməlidir?
- Tamamilə doğrudur. Adına baxmayaraq ki, bu cəzaçəkmə müəssisəsidir, təbii ki, buna birinci növbədə islah prizmasından yanaşmalıyıq. İslah dedikdə cəmiyyətdə ilk növbədə cinayətkara münasibətdə cəzaçəkmə müəssisələri ağıla gəlir. Amma mən islah prosesini dar hüquqi mənada deyil, daha geniş mənada bütövlükdə cəmiyyətdə baş verməli olan proses kimi qiymətləndirirəm.
Çünki bir şəxs cəzaçəkmə müəssisəsinə daxil olmazdan öncə azadlıqda hər hansı bir davranış sərgiləyib. Bu adətən islah olunmamış şəxsin davranışı olduğuna görə həmin şəxs cəzaçəkmə müəssisəsinə daxil olur. Hər hansı bir vətəndaşın islah prosesinə bütövlükdə cəmiyyətin məsuliyyəti kimi baxmalıyıq. Bu baxımdan cəzaçəkmə müəssisələrində baş verən islah prosesi əslində təkrar islah prosesi kimi qiymətləndirilməlidir.
Yəni qeyd etdiyim kimi bir şəxs azadlıqda islah olunmadığına görə, o, hər hansı bir cinayəti törədərək cəzaçəkmə müəssisəsinə daxil olur və burada artıq təcrid şəraitində onun islahı prosesinə biz yenidən başlamış oluruq.
Cəzaçəkmə müəssisələrində tətbiq etdiyimiz vasitələr əsasən tərbiyə işindən, məhkumların ictimai faydalı əməyə, təhsil və peşə təhsilinə cəlb olunmasından ibarətdir. Azadlıqda da tərbiyə işi ailə təsisatı, eyni zamanda məktəbəqədər təhsil və məktəb təhsili ilə bağlıdır.
Bir şəxsin əməyə cəlb olunması, ictimai faydalı əməklə məşğul olması onun bir şəxsiyyət, vətəndaş kimi formalaşmasına töhfə verir. Bu baxımdan biz islah prosesinə geniş mənada, yəni bütövlükdə cəmiyyətin məsuliyyəti kimi baxmalıyıq. Adlarını çəkdiyim təsisatlar işlək olmadıqda şəxs deviant davranışa (cəmiyyətdə qəbul edilən qanun, qayda, ümumi davranış normalarının əleyhinə gedən hərəkət – red.) əl atmış olur, cinayətkar təfəkkürü formalaşır, qanunu pozur və cəzaçəkmə müəssisəsinə daxil olur.
Azərbaycanda cinayətkarlığın səviyyəsi çox aşağıdır. Bunu hətta ən inkişaf etmiş Qərb ölkələri ilə müqayisədə də görürük. Bu da adlarını çəkdiyim təsisatların kifayət qədər təsirli olması anlamına gəlir və bu prosesdə təbii ki, hüquq-mühafizə orqanlarının da effektiv fəaliyyəti danılmazdır.
Lakin bütün cəmiyyətlərdə və dövlətlərdə cinayətkar davranışa malik olan insanlar var və Azərbaycan da bu baxımdan istisna deyil. Onlar cinayət törətdikdə cəzaçəkmə müəssisəsinə daxil olurlar və artıq onların islah prosesi təcrid şəraitində həyata keçirilməyə başlayır. Sadaladığım vasitələri tətbiq etməklə onların islah olunması və gələcəkdə təkrar cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə bu prosesi təşkil edirik.
Düşünürəm ki, bu vasitələrdən ən önəmlisi təhsil və xüsusilə səriştə və bacarıqlara əsaslanan peşə təhsili vasitəsilə bu islah prosesini təşkil etməkdir. Nəyə görə məhz bunlar üzərində xüsusi vurğu işarəsini qoyuram? Çünki dünyanın müxtəlif ölkələrində və Azərbaycanda cinayət törədən şəxslərə nəzər salsaq, onların bir qisminin əmək qabiliyyətli, lakin işsiz adamlar olduğunu görürük. Onların işlə təmin olunmamasının səbəbi əmək bazarında işsizliyin olması ilə əlaqədar deyil. Sadəcə onların əmək bazarında təklif olunan işlərə uyğun səriştə və bacarıqları yoxdur.
Təkrar cinayətlər statistikasına baxanda bunların da sırasında işsiz adamların sayının xeyli sayda olduğunu müşahidə edirik. Bu səbəbdən də biz cəzaçəkmə müəssisələrində bu səriştə və bacarıqların formalaşması və cəzadan azad olduqdan sonra həmin şəxslərin işlə təmin olunması məsələsinə xüsusi önəm veririk.
Bildiyiniz kimi, "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Faəliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli Sərəncamı var. Bu sərəncama əsasən peşə təhsilinin təşkili ilə bağlı bir sıra tapşırıqlar verilib və bunların icrası çərçivəsində tərəfimizdən yeni bir layihəyə - "N.Ə.F.Ə.S" layihəsinə start verilib.
Bu layihə çərçivəsində dövlət-özəl tərəfdaşlığı əsasında bir sıra peşə təhsili hazırlığı proqramlarına başlamışıq. Həm regionlarda, həm də Bakıda yerləşən cəzaçəkmə müəssisələrində əmək bazarında tələb olunan ixtisaslar üzrə peşə hazırlığına başlamışıq. Bununla bağlı bazar araşdırması aparmışıq və hansı peşələrə daha çox ehtiyac olduğunu müəyyən edərək bu sahədə peşəkarlıq səviyyəsi yüksək olan özəl tərəfdaşları cəlb etmişik.
Belə ki, artıq cəzaçəkmə müəssisələrində elektrik montyoru, elektrik-qaz qaynaqçısı, hibrid və elektrik nəqliyyat vasitələrinin təmiri və bir sıra digər sahələr üzrə peşə hazırlığına başlamışıq.
İlkin mərhələdə ildə 1100 məhkumun sertifikatlaşmış peşə hazırlığına cəlb olunması nəzərdə tutulub. Bu prosesə yalnız özəl tərəfdaşlar deyil, eyni zamanda dövlətə məxsus hüquqi şəxslər də cəlb olunublar. Onlar da cəzaçəkmə müəssisələrində müvafiq infrastrukturun qurulmasına və təlimlərin təşkilinə kömək edirlər.
"Report": Cəmiyyətdə olan bəzi yanaşmalardan irəli gələrək bəzi işə götürənlər məhkum olunmuş şəxslərə ehtiyatla yanaşırlar. Və bu da onların işlə təmin olunmasına maneələr yaradır. Bəs bu problemin həllini nədə görürsünüz?
- Ədliyyə Nazirliyi olaraq bizim də stereotipimiz var idi ki, işəgötürənlər cəzaçəkən və yaxud cəza çəkmiş şəxslərin işə qəbuluna ehtiyatla yanaşırlar. Amma 500 işəgötürən arasında rəy sorğusu apardıq və gördük ki, bu, birmənalı belə deyil. Əslində, bu stereotipin müəyyən dərəcədə əsassız olduğu qənaətinə gəldik.
Təbii ki, bu, şəxsin törətdiyi cinayətdən asılı olaraq və işləmək istədiyi vəzifədən asılı olaraq dəyişə bilər. Məsələn, ehtiyatsızlıqdan törədilən cinayətlərə münasibətdə işə götürənin yanaşması daha dözümlüdür və daha az ehtiyatlanır. Amma daha ağır cinayətlər törətmiş şəxslərə münasibətdə onların davranışları təbii ki, daha ehtiyatlıdır.
Bütövlükdə belə bir stereotip və stiqmanın mövcudluğu ilə razıyam. Bunun aradan qaldırılması üçün özəl tərəfdaşları cəzaçəkmə müəssisələrinə cəlb edə bilmişik. Məhkumlarla birlikdə təlim və təcrübə prosesində iştirak etməklə, onlarla yaxından tanış olmaqla işəgötürənlərdə bu ehtiyatların, stereotip və stiqmaların aradan qaldırılmasına nail olacağımıza inanırıq. Bununla bağlı artıq müsbət təcrübələrimiz də var.
İTV: Gəlin razılaşaq ki, penitensiar xidmət müəssisələrində məhkum olunan şəxsin islah olunması həm də bu penitensiar xidmət müəssisəsində mövcud şəraitdən, yəni infrastrukturdan asılıdır. Sizi qane edirmi mövcud infrastrukturun vəziyyəti və qarşıya qoyduğunuz məqsədlərə nail olmaq üçün yetərlidirmi? Bu sahədə hansı işlərin görülməsi planlaşdırılır, hansı addımların atılması gözlənilir?
- Bildiyiniz kimi, bu günə qədər cənab Prezidentin tapşırığıyla bir sıra yeni cəzaçəkmə müəssisələri tikilib və bu proses davam etməkdədir. Sizinlə tam razıyam ki, sadaladığım məsələlərin həlli üçün, hətta sağlam peşə təhsili infrastrukturunun qurulması üçün bütövlükdə cəzaçəkmə infrastrukturunun sağlam olması lazımdır. Bu istiqamətdə də hazırda bir sıra tədbirlər həyata keçirilir. Cənab Prezidentin tapşırığı ilə artıq yeni cəzaçəkmə müəssisələri tikilir. Bu layihələr mövcud infrastrukturun yenilənməsinə xidmət edir.
Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlamışıq. Eyni zamanda Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub. Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsilərini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub.
Bu cəzaçəkmə müəssisələri tam müasir standartlara cavab verəcək. Burada həm yeni peşə təhsili infrastrukturunun, həm də cəza çəkənlərə nəzarət mexanizmlərinin rəqəmsal alətlərlə - üz tanıma sistemləri və digər texnoloji həllərlə qurulması nəzərdə tutulur. Bu da öz növbəsində islah prosesinə mühüm töhfə vermiş olacaq.
Bununla yanaşı, biz cəzaçəkmə müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi istiqamətində geniş rəqəmsal layihələrin həyata keçirilməsinə başlamışıq. Bu layihələrin bütövlükdə cəzaçəkmə müəssisələrinin idarə edilməsinin daha da optimallaşdırılması və şəffaflaşdırılmasına xidmət edəcəyinə inanırıq.
Burada əsasən vətəndaşla fiziki təmasın azaldılmasına yönəlik rəqəmsal həllərin tətbiq edilməsini nəzərdə tutmuşuq. Artıq bu rəqəmsal həlləri pilot layihə olaraq tətbiq etməyə başlamışıq. Bunlardan biri ziyarətçilərin onlayn informasiya sistemidir. Bu sistemlə məhkumlarla görüşə qeydiyyat və məhkumlara sovqat göndərilməsi prosesləri tam rəqəmsallaşdırılıb. Bu proseslərə nəzarət aləti kimi bu rəqəmsal həllərdən istifadə edirik.
Bundan başqa, məhkumlarla video görüş platforması yaradılıb və istifadəyə verilib.
Eyni zamanda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində yeni teletibb, yəni məhkumların məsafədən müayinəsi platforması formalaşdırılıb. Bu, həm resursların düzgün idarə olunması, həm də daha keyfiyyətli, sürətli tibbi xidmətin göstərilməsini təmin etmək məqsədilə formalaşdırılıb.
Hazırda bu rəqəmsal həlləri dörd cəzaçəkmə müəssisəsində tətbiq edirik və bütün Penitensiar xidmətin infrastrukturunu əhatə etməyi nəzərdə tutmuşuq. Bu həlləri tətbiq etməklə bütövlükdə Penitensiar xidmətdə proseslərin daha rəvan, effektiv qurulmasına nail ola biləcəyik.
"Report": Cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəzanın icrası sahəsinə vəziyyətlə bağlı fikirləriniz maraqlı olardı. Bu çərçivədə probasiya nəzarəti cəmiyyətin təhlükəsizliyi, həm də məhkumların reabilitasiyası baxımından gözlənilən nəticəni verdimi?
- Bildiyiniz kimi, cənab Prezident 2017-ci ildə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncam imzalayıb. Məhz bu Sərəncamda Probasiya xidmətinin yaradılması tapşırığı verilib. Xidmət həmin ildən etibarən fəaliyyət göstərir.
Probasiyanın əsas iki məqsədi var. Bunlar azadlığı məhdudlaşdırılmış şəxslər üzərində probasiya nəzarətini həyata keçirmək və sosial adaptasiya və məhkumların reabilitasiyasından ibarətdir. Sosial adaptasiya və məhkumların reabilitasiyası bizim üçün prioritet istiqamətlərdən biridir. Çünki məhz probasiya nəzarətində olan şəxslərin cinayət törətmək riskləri daha böyük ola bilər və biz düşünürük ki, bu onlar üçün həssas dönəmdir. Bu zaman həmin şəxslərin sosial reabilitasiyasını təmin etməklə qanuna itaət edə biləcək vətəndaşlara çevrilməsinə nail ola bilərik.
Həyata keçirilən tədbirlər nəticəsində biz artıq probasiya şərtlərini pozmuş şəxslərin sayında kəskin azalma müşahidə edirik. 2023-cü ilin sonuna bu rəqəm 842 olmuşdusa, 2025-ci ilin sonunda 9 dəfə azalmaqla 93-ə düşmüşdür. Eyni zamanda probasiya nəzarətində olan şəxslərin təkrar cinayət törətməsi hallarının təxminən 15% azaldığını müşahidə edirik.
Bütövlükdə probasiya sahəsində daha köklü islahatların həyata keçirilməsi məqsədilə probasiya fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar 2027-2031-ci illəri əhatə edən konsepsiya hazırlamışıq. Bu konsepsiya layihəsi hazırda hökumətdə razılaşma prosesindədir və düşünürəm ki, bu konsepsiyanın tətbiqi ilə Probasiya xidməti üzrə qeyd etdiyim hədəflərə çata biləcəyik.
İTV: Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə ekspertizasının rolu danılmazdır. Hətta mən çox vaxt tanışlarımdan eşidirəm ki, ekspertizanın nəticəsi çıxsın, görək necə olacaq. Və bu cəmiyyətdə mövcud olan bir fikirdir. Məhkəmə ekspertizası sahəsində həllini gözləyən problemlər hansıdır və bu istiqamətdə nə işlər görülür?
Məhkəmə ekspertizasının və ekspertin rəyinin məhkəmənin qəbul etdiyi qərar üçün əhəmiyyəti böyükdür. Bununla belə, yekunda təbii ki, ekspertin rəyi məhkəmə üçün onun qiymətləndirəcəyi sübutlardan biri qismində çıxış edir. Başqa sözlə, məhkəmə bütün sübutları, o cümlədən ekspert rəyini vəhdət şəkildə qiymətləndirərək yekun qənaətə gəlir.
Məhkəmə ekspertizası institutunun əhəmiyyəti nəzərə alınaraq, 2024-cü ildə cənab Prezident tərəfindən bu sahədə fəaliyyətin daha effektiv və mərkəzləşdirilmiş şəkildə koordinasiyasını təmin etmək üçün Azərbaycan Respublikasında Məhkəmə Ekspertizası Şurası yaradılıb. Bu Şuraya da bir sıra tapşırıqlar, o cümlədən ekspertiza fəaliyyətinin bütün qurumlar arasında qarşılıqlı şəkildə tam rəqəmsallaşdırılması tapşırığı verilib.
Bununla əlaqədar olaraq, Şuranın təklifləri əsasında 2025-ci ildə "Məhkəmə Ekspertizası" informasiya sisteminin yaradılması haqqında Fərman imzalanıb. Hazırda bu informasiya sistemi tam olaraq istifadəyə hazırdır. Sadəcə bəzi normativ tənzimləmənin tamamlanması gözlənilir. Proses yekunlaşdıqdan sonra sistem tam şəkildə istifadəyə veriləcək.
Sistem yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan məhkəmə ekspertizası deyil, eyni zamanda digər qurumlarda həyata keçirilən qeyri-tibbi ekspertiza və tibbi ekspertiza növlərini də əhatə edəcək. Bu sistem vasitəsilə ekspertiza prosesinin real vaxt rejimində izlənməsi mümkün olacaq, yəni iş üzrə tərəflər ekspertizanın statusu haqqında məlumat əldə edə biləcəklər. Bütövlükdə bu informasiya sistemi ekspertiza sahəsində çox önəmli məlumat bazasına çevriləcək.
Bundan başqa, Şuranın fəaliyyəti nəticəsində "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya" hazırlanıb. Sənəd cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilib və konsepsiyanın əhatə etdiyi müddət ərzində həm bir sıra institusional və normativ, həm də bütövlükdə ekspertiza infrastrukturunun inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
"Report": Bildiyiniz kimi, ölkədə yeni özəl məhkəmə ekspertləri fəaliyyətə başlayacaq. Həmin ekspertlər məhkəmə ekspertizası sahəsinin inkişafına öz töhfəsini verəcəkmi və bu töhfə nədən ibarət olacaq?
- Əslində icra sahəsində gördüyümüz tədbirləri analoji olaraq ekspertiza sahəsində də tətbiq edə bilərik. Çünki icra sahəsində olduğu kimi, ekspertiza sahəsində də icraata daxil olan işlərin sayında kəskin artım müşahidə edirik. Son 4 il ərzində icraata daxil olan işlərin sayında 45 %-ə yaxın artım müşahidə olunub. Bu da dövlətin bu sahədə yükünü kəskin şəkildə artırmaqla nəticələnib. İcraata daxil olan işlərin sayındakı artım həm ekspert rəylərinin keyfiyyətinə, həm də vaxtında təqdim olunmasına təsir göstərə bilir.
Bütövlükdə, bundan öncə verilən sualın məntiqi davamı olaraq, bu ədalət mühakiməsinə də hansısa mənada mənfi təsir göstərə bilər. Bu sahədə iş yükünü optimallaşdırmaq məqsədilə özəl ekspertiza institutunun və özəl ekspertlərin fəaliyyətə başlaması ilə bağlı şəhadətləndirmə prosesinə start vermişik. Hazırda bu proses davam etməkdədir. Onlar təlim prosesini bitirdikdən sonra seçim prosesindən keçib özəl ekspert kimi fəaliyyətə başlaya biləcəklər.
Qanunla dövlətin müstəsna səlahiyyətinə aid edilmiş ekspertiza sahələri istisna olmaqla, bütün digər ekspertiza sahələrində dövlət ekspertləri ilə yanaşı, özəl ekspertlər də rəy verə biləcəklər. Beləliklə, bu sahədə dövlətin yükünü azaldıb, ədalət məhkəməsinə müsbət töhfə verə biləcəyik.
İTV: Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən bir sıra rəqəmsal layihələr barədə məlumat verdiniz. Bəs ədliyyə fəaliyyətinin digər hansı istiqamətlərində rəqəmsallaşma tədbirləri həyata keçirilir? Bütövlükdə rəqəmsal ədliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün hansı yeniliklər gözlənilir? Ümumiyyətlə rəqəmsallaşma və süni intellekt zamanın tələbidir. Ədliyyə Nazirliyi bu tələblərə ayaqlaşa bilirmi?
- Bildiyiniz kimi bütün dövlət qurumlarında fəaliyyət istiqamətləri üzrə rəqəmsal layihələr həyata keçirilir. Ədliyyə Nazirliyi rəqəmsallaşmaya öz-özlüyündə hədəf kimi yox, digər hədəflərə çatmaq üçün alət kimi baxır. Əminəm ki, digər qurumlarda da bu məsələyə eyni yanaşma mövcuddur.
Bu günə qədər müxtəlif sahələrdə dövlət xidmətlərinin rəqəmsallaşmasının şahidi olmuşuq. Ədliyyə Nazirliyi də bu baxımdan istisna deyil. Lakin bu prosesin daha da dərinləşməsi və rəqəmsallaşmaya yeni nəfəs verilməsi 2026-cı il tarixində iki mühüm sənədin qəbul olunması ilə baş tutub.
Bunlardan biri birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə bağlı cənab Prezidentin Fərmanı, digəri isə Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planıdır. Bu mühüm sənədlər sayəsində rəqəmsallaşma prosesi daha da dərinləşərək bu sahədə yeni hədəflər müəyyən edilib.
Bu hədəflər bilavasitə iqtisadiyyata əlavə dəyərin qatılması, idarəetmənin səmərələşdirilməsi və data əsaslı qərarların qəbul edilməsi məqsədlərinə xidmət etməlidir. Düşünürəm ki, ən vacib məqsədlərdən biri kimi rəqəmsallaşma vətəndaş məmnunluğunun təmin edilməsinə töhfə verməlidir. Ədliyyə Nazirliyində bu günə qədər həyata keçirilən və bundan sonra da həyata keçiriləcək rəqəmsal layihələr məhz bu məqsədlərə xidmət edir.
Ədliyyə Nazirliyində rəqəmsallaşmanın tarixi 15 illik dönəmi əhatə edir. Bu, ilk olaraq notariat xidmətlərinin rəqəmsallaşdırılması, elektron notariatdan başlayıb. Lakin biz demək olar ki, fəaliyyət istiqamətlərimizin bütün sahələrində yeni rəqəmsal layihələrin həyata keçirilməsinə başlamışıq.
İcra sahəsində elektron icra informasiya sistemi yenidən qurulub və bu informasiya sistemi əsasında "Mobil icra" tətbiqi istifadəyə verilib. Artıq bu tətbiqin 30 mindən çox aktiv istifadəçisi var. Eyni zamanda icra məqsədləri üçün tərəfimizdən elektron hərrac informasiya sistemi istifadəyə verilib. Elektron hərrac informasiya sistemi bütövlükdə hərrac prosesinin şəffaflaşdırılması və daha da əlçatan edilməsinə xidmət edən vacib informasiya sistemlərindən biridir.
Bundan əlavə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək səlahiyyətimiz var və bu səlahiyyət çərçivəsində də bələdiyyələrin gəlir və xərc portalını formalaşdırmışıq.
Eyni zamanda notariat sahəsində, xüsusilə "Mobil notariat" üzərindən geniş xidmətlər göstərməkdəyik. Hazırda "Mobil notariat" tətbiqinin 1,8 milyon aktiv istifadəçisi var. Tətbiqdəki xidmətlərin Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planına uyğun olaraq, "mygov" platformasına keçirilməsi nəzərdə tutulub və hazırda bu prosesi həyata keçirməkdəyik. "Mobil notariat" tətbiqində olan 13 xidmət artıq "mygov" üzərindən həyata keçirilir.
Bununla yanaşı, vətəndaşlıq vəziyyəti aktlarının da rəqəmsallaşdırılması istiqamətində bir sıra addımlar atmışıq və bunlardan doğum, nikah, ölüm, vətəndaşlıq vəziyyəti və ailə tərkibi ilə bağlı arayışların verilməsini də "mygov" üzərindən həyata keçiririk.
Düşünürəm ki, bizim fəaliyyətimizin ən vacib istiqamətlərindən biri datanın təmizlənməsidir, çünki bir çox dövlət qurumlarına münasibətdə Ədliyyə Nazirliyinin məlumat bazaları, xüsusən Əhalinin Dövlət Reyestri ilkin mənbə məlumatı rolunda çıxış edir. Biz ilkin mənbə məlumatlarının mübadiləsi çərçivəsində 42 dövlət qurumu ilə inteqrasiya həyata keçiririk. Həmin dövlət qurumlarının xidmətləri bilavasitə bu ilkin mənbə məlumatlarının təmizliyindən asılıdır. Hazırda FİN kod əsaslı olan məlumatların 95%-nin təmizliyinə nail ola bilmişik.
Bununla yanaşı, süni intellekt əsaslı həllər də istifadəyə verməkdəyik və bu əsasən notariat sahəsindədir. Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə vermişik ki, vətəndaşlar notariuslara alqı-satqı məqsədilə gedəndə öncədən əmlakın dəyərini müəyyən edə bilsinlər.
Qeyd etdiyim kimi, artıq bir sıra layihələri həyata keçiririk. Bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Bu fikrin də altından xüsusilə xətt çəkmək istəyirəm ki, bütün rəqəmsal layihələrimiz adlarını çəkdiyim iki mühüm sənəddə (Red. – Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı) müəyyən edilmiş o üç məqsədə xidmət edəcək.
23:23 / 07 Oktyabr 2026
7
23:20 / 07 Oktyabr 2026
16
23:19 / 07 Oktyabr 2026
19
23:09 / 07 Oktyabr 2026
32
22:50 / 07 Oktyabr 2026
49
22:48 / 07 Oktyabr 2026
68
22:38 / 07 Oktyabr 2026
55
22:28 / 07 Oktyabr 2026
1867
22:27 / 07 Oktyabr 2026
64
22:00 / 07 Oktyabr 2026
76
21:53 / 07 Oktyabr 2026
52
21:47 / 07 Oktyabr 2026
230
21:35 / 07 Oktyabr 2026
306
21:31 / 07 Oktyabr 2026
71
21:25 / 07 Oktyabr 2026
111
21:15 / 07 Oktyabr 2026
275
21:11 / 07 Oktyabr 2026
93
21:06 / 07 Oktyabr 2026
67
21:05 / 07 Oktyabr 2026
57
20:49 / 07 Oktyabr 2026
197
20:34 / 07 Oktyabr 2026
508
20:30 / 07 Oktyabr 2026
2106
20:27 / 07 Oktyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.