Qaynar xətt:

(+99450) 247 90 86

Vəkillə hüquqi dildə MÜSAHİBƏ  

Vəkillə hüquqi dildə MÜSAHİBƏ  

HÜQUQ

235

23.04.2026, 15:16

Oxu24.com-un suallarını  Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Vəfadar Piriyev cavablandırıb.

Sözügedən müshaibəni təqdim edirik:

-“Beynəlxalq Münasibətlər” ixtisası üzrə təhsil alan şəxslərin əlavə təlim və imtahanlardan keçərək vəkil kimi fəaliyyət göstərməsi ideyasına münasibətiniz necədir?

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2014-cü il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair” Qərarına əsasən, “ali hüquq təhsilli” anlayışı yalnız “Hüquqşünaslıq” ixtisasını deyil, eyni zamanda “Beynəlxalq hüquq” ixtisası üzrə ali təhsili də ehtiva edir. Bu yanaşma məntiqidir, çünki hər iki ixtisasın əsasında hüquq elmi və hüquqi metodologiya dayanır.

Lakin hesab edirəm ki, qeyd olunan hüquqi mövqenin “Beynəlxalq Münasibətlər” ixtisasına şamil edilməsi yolverilməzdir. Belə ki, adıçəkilən ixtisas çərçivəsində müəyyən həcmdə beynəlxalq hüquqa dair biliklər verilsə də, bu təhsil proqramının əsasını diplomatiya, siyasi proseslər və beynəlxalq münasibətlərin analizi təşkil edir. Halbuki vəkillik fəaliyyəti bilavasitə milli qanunvericiliyin dərindən, sistemli və praktiki yönümlü mənimsənilməsini tələb edir. Bu baxımdan, yalnız əlavə hüquq təhsili (məsələn, hüquq ixtisası üzrə ikinci ali təhsil) alındığı halda belə şəxslərin hüquq sahəsində fəaliyyət imkanları müzakirə predmeti ola bilər.

Bu təşəbbüsün həyata keçirilməsi hüquqi baxımdan nə dərəcədə mümkündür? Mövcud qanunvericilik buna imkan verirmi?

 “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün hüquq ixtisası üzrə ali təhsilin mövcudluğu mütləq şərt kimi müəyyən edilmişdir. Sözügedən norma imperativ xarakter daşıyır və onun tətbiqində genişləndirici şərhə yol verilmir.

Bu səbəbdən, qeyri-hüquq ixtisası üzrə məzunların birbaşa vəkillik fəaliyyəti ilə məşğul olması mövcud hüquqi çərçivə daxilində mümkün deyil. Belə bir təşəbbüsün həyata keçirilməsi yalnız qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi, o cümlədən “ali hüquq təhsili” anlayışının yenidən müəyyənləşdirilməsi və əlavə kvalifikasiya mexanizmlərinin tətbiqi ilə mümkündür.

Vəkillər Kollegiyasında üzv sayının artırılması üçün alternativ hansı mexanizmlər nəzərdən keçirilir?

Vəkillər Kollegiyasına üzvlərin sayının artırılması istiqamətində son illərdə müəyyən institusional addımlar atılmışdır. Belə ki, əvvəlki dövrdə vəkillik fəaliyyətinə qəbul üçün tələb olunan ən azı 3 illik hüquq sahəsində iş stajı tələbi 1 ilə endirilmişdir. Bu dəyişiklik yeni məzunların peşəyə çıxış imkanlarının genişləndirilməsi və vəkillərin sayının artırılması məqsədinə xidmət edir.

Bununla yanaşı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ELSA Azərbaycan və “Femida Könüllüləri” kimi tələbə təşkilatları ilə əməkdaşlığı hüquq tələbələri arasında vəkillik peşəsinə marağın artmasına müsbət təsir göstərir. Tələbələr arasında aparılan sorğular da göstərir ki, vəkillik fəaliyyəti ən çox üstünlük verilən hüquq peşələrindən biridir.

Eyni zamanda, hüquq təhsilinin keyfiyyətinin artırılması, namizədlər üçün sistemli hazırlıq mexanizmlərinin yaradılması, təcrübə proqramlarının genişləndirilməsi və praktik bacarıqların inkişaf etdirilməsi də bu sahədə mühüm rol oynayır. Regionlardan olan hüquqşünasların peşəyə cəlb olunması məqsədilə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi də məqsədəuyğun hesab olunur.

Regionlarda və ixtisaslaşmış sahələr üzrə vəkil çatışmazlığı probleminin həlli üçün hansı addımlar planlaşdırılır?

Regionlarda vəkil xidmətlərinə çıxışın artırılması istiqamətində son dövrlərdə mühüm addımlar atılmışdır. Bu baxımdan, Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının istifadəyə verilməsi xüsusi qeyd olunmalıdır. Ümumilikdə, regionlarda regional vəkil bürolarının yaradılması və fəaliyyətinin genişləndirilməsi bu problemin həllində effektiv mexanizmlərdən biri kimi çıxış edir.

Bununla yanaşı, regionlarda və ixtisaslaşmış sahələr üzrə vəkil çatışmazlığının aradan qaldırılması kompleks yanaşma tələb edir. Bu çərçivədə regionlarda fəaliyyət göstərən vəkillər üçün maddi və institusional stimulların tətbiqi, infrastruktur təminatının yaxşılaşdırılması, habelə gənc hüquqşünasların həmin ərazilərdə fəaliyyətə təşviqi məqsədilə xüsusi mexanizmlərin yaradılması vacibdir. Eyni zamanda, ixtisaslaşmış hüquqi sahələr üzrə təlim və inkişaf proqramlarının təşkili də mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq hüquq, miqrasiya və gömrük hüququ kimi sahələrdə ixtisaslaşmış hüquqşünasların hazırlanması istiqamətində Kollegiyanın xüsusi proqramları varmı?

Beynəlxalq hüquq, miqrasiya və gömrük hüququ kimi sahələr üzrə ixtisaslaşmanın gücləndirilməsi müasir hüquq xidmətlərinin keyfiyyətinin artırılması baxımından xüsusi aktuallıq daşıyır. Bu istiqamətdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin Akademiyalarında tələbələr üçün müvafiq təlimlərin keçirilməsi təqdirəlayiqdir.

Bununla yanaşı, ixtisasartırma kurslarının, sertifikat proqramlarının və praktiki yönümlü təlimlərin sistemli şəkildə təşkili zəruridir. Müvafiq dövlət və peşə qurumları tərəfindən davamlı peşəkar inkişaf proqramlarının həyata keçirilməsi bu sahədə ixtisaslaşmış hüquqşünasların hazırlanmasına mühüm töhfə verə bilər.

Gələcəkdə qeyri-hüquq ixtisası üzrə məzunların hüquq sahəsinə inteqrasiyası ilə bağlı yeni modelin tətbiqi gözlənilirmi?

Qeyri-hüquq ixtisası üzrə məzunların vəkillik fəaliyyəti kimi birbaşa hüquqi peşələrə inteqrasiyası məqsədəuyğun hesab edilmir. Belə şəxslər hüquq sahəsində yalnız yardımçı vəzifələrdə – məsələn, hüquqşünas köməkçisi, analitik və ya əlaqəli sahələrdə fəaliyyət göstərə bilərlər.

Hesab edirəm ki, hüquq peşəsinin spesifikliyi və məsuliyyəti nəzərə alınaraq, bu sahəyə giriş yalnız ixtisaslaşmış hüquq təhsili almış şəxslərlə məhdudlaşdırılmalıdır. Əks yanaşma hüquqi xidmətlərin keyfiyyətinə mənfi təsir göstərə və peşə standartlarının zəifləməsinə səbəb ola bilər.

Müsahibəni apardı: Nərmin Balacayeva