Qaynar xətt:

(+99450) 247 90 86

Söhbət milyonlardan gedir:  Bakı-Tbilisi-Qars qatarının Azərbaycan üçün xeyrindən RƏSMİLƏR DANIŞIR

Söhbət milyonlardan gedir:  Bakı-Tbilisi-Qars qatarının Azərbaycan üçün xeyrindən RƏSMİLƏR DANIŞIR

CƏMİYYƏT

144

02.06.2026, 18:28

Hazırda Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilir.

Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edir.

 

Qeyd edək ki, BTQ dəmir yolu 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərsə də, layihə bu gün istifadəyə verildi. Magistralın ümumi uzunluğu 827 kilometrdir və bunun 213 kilometri Gürcüstan ərazisindən keçir. 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. 5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.

Mütəxəssislərin fikrincə, xəttin tam istismara verilməsi Orta Dəhlizin imkanlarını genişləndirəcək, Çin və Mərkəzi Asiyadan Avropaya yükdaşımaların həcmini artıracaq və regionun tranzit potensialını daha da gücləndirəcək.

BTQ-nin  fəaliyyətə başlaması Cənubi Qafqazdakı siyasi proseslərə necə təsir göstərəcək? Bu xəttin fəaliyyətə başlaması Azərbaycanın qeyri-neft sektorunun inkişafına və dövlət büdcəsinin tranzit gəlirlərinə qısa müddətdə necə təsir edəcək? 

Mövzu ilə bağlı Oxu24.com-a danışan Millət vəkili Azər Badamov qeyd edib ki, İran müharibəsi, Hörmüz boğazının blokadası diqqəti beynəlxalq yükdaşımalara daha həssas yanaşmağa yönəldib:

“Dövlətlər, iqtisadi təsisatlar tərəfindən ən təhlükəsiz, etibarlı və səmərəli yolu getdikcə daha da aydınlaşdırmağın əhəmiyyəti üzərində dayanılır. Dünyanın supergücləri, hətta bu anlayışın özü belə demək olar ki, müxtəlif coğrafi regionlara yayılır, bu regionlarda da ayrı-ayrı aktorların daha da fərqləndiyinin, siyasi meydanda daha da göründüyünün şahidiyik. Bir tərəfdən önəmli addımların atıldığının, digər tərəfdən isə vacib siyasi mülahizələrin doğrulduğunu da görmək olur. “Yeni əsas yollar üzərində vizyon axtarışlarının hər biri nə dərəcədə realdır?” sualı ortaya çıxır. Səyahət məsafəsini, yol məsrəflərini azaltmaq əsas prioritetdir. Rusiyanın Ukraynaya müdaxiləsi və ardınca Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən təhlükəsizlik amilinin özü daha da aktuallaşır. Yaxın Şərq, Hörmüz boğazı ətrafında baş verən hadisələr, ən əsası da qeyri-müəyyənlik məlumdur. Bunun özü investorlarda olduqca böyük şübhələr, durğunluq yaradır. Bir amil də var ki, marşrutların istifadəsinin iqtisadi tərəfi dövlətlərin onların ətrafında yaratmaq istədiyi obrazla uyğunluq təşkil etmir. Azərbaycan bu baxımdan sözü ilə əməli uyğunluq təşkil edən dövlətdir. Azərbaycan Prezidentinin adının olduğu bütün layihələrə inam daha da artır”.

Millət vəkili əlavə edib ki, prosesdə iqlim amili də təsirsiz deyil:

“Partlayış, və ya hər hansı bir yanacaq tökülməsi böyük təhlükə yaradır, xüsusən də bu, Arktika kimi yerlərdə ciddi fəsadlara səbəb olur, çünki neft məhsulları soyuqda daha yavaş parçalanır. Bundan əlavə, gəmilərin mühərriklərindən yayılan qara karbon soyuq mühitə düşəndə iqlim dəyişikliyini sürətləndirir, çünki his buzu və qarı qaraldır, əks etdirmə qabiliyyətini azaldır. Yəni, daha çox günəş işığını udur və istiliyi tutur. Bütövlükdə, proses zəncirvaridir, iqlimə çox böyük fəsadları var. Əlavə xərci də nəzərə almadan keçmək olmaz, çünki o, nadir hallarda bütöv zəncirin bir yerində görünür, bu, bütün təchizat zəncirinə yayılır.

Bakı-Tbilisi-Qars dəmir yolu məhz belə bir dünya reallığında daha əsaslı addımlarla üzə çıxır. Marşrut üzrə 5 milyon ton həcmə görə tranzit daşımalardan gəlirlər gələcək. Dövlət büdcəsinin tranzit gəlirlərinə qısa müddətdə necə təsir edəcəyini indidən demək qeyri-dəqiq proqnoz olar. Lakin daşımaların həcmi 1 milyon tondan 5 milyon tona çatacaqsa, bu, kifayət qədər ciddi gəlir deməkdir. Həm də ki, gələcəkdə Bakıdan İstanbula dəmir yolu ilə getmək mümkün olacaq. Bu da turizm potensialının inkişafına imkan yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu hərtərəfli əlavə imkanlar formalaşdıracaq”.

Azər Badamovun fikrincə, sözügedən dəmir yolunun rəsmi açılışı Azərbaycan məhsullarının ölkədən xaricə çıxması, habelə Azərbaycan üzərindən daşınan yükdaşımaların həcminin artması deməkdir:

“Nəqliyyat və kommunikasiyaların əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan bu məsələdə etibar edilən tərəfdir. Çünki regionlar və dövlətlər alternativ yollar axtarışından daha çox, hansı ölkənin daha təhlükəsiz, daha etibarlı olduğu üzərində düşünürlər. Təsadüfi deyil ki, bu istiqamətdə Azərbaycan özünü illər ərzində tutmuş olduğu mövqe və vizyonu ilə sübut edib.

Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona qədər artırılmasının özü də kifayət qədər ciddi bir hadisədir. İllər ərzində marşrutun ötürmə qabiliyyətinin artırılması əsas hədəflərdən biri idi, buna nail olundu. Deməli, prinsipiallıq, koordinasiyalı iş var. Qeyd olunmalı amil odur ki, Azərbaycan, Gürcüstan və Türkiyə liderləri arasında son illərdə intensivləşən səfərlər trayektoriyası bu nəticənin əldə edilməsində mühüm paya malikdir.

Azərbaycan beynəlxalq yükdaşımalardan ciddi gəlirlər əldə edir. Coğrafi reallığımızı imkan və perspektivlərə çevirə bilirik. Tranzitdən gələn gəlirlərin əhəmiyyətli hissəsi sosial xərclər üçün xərclənir, bu da şübhəsiz ki, Azərbaycan vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Yükdaşıma vaxtının azaldılması da əsas amillərdən biridir ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında birbaşa dəmir yolu bu müddəti qısaldır.

Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri şübhəsiz ki, iqtisadidir. Lakin burada siyasi, strateji, tarixi amilləri də nəzərə almaq lazımdır. Ona görə ki, bu, birbaşa Türkiyə ilə əlaqə deməkdir. Bu isə tarix boyu qoparılmağa çalışılan zəncirin bərpası deməkdir”.

Deputat sonda qeyd edib ki, regional əməkdaşlığın qaçılmaz reallıq olduğu bir dövrdə yaşayırıq:

“Region dövlətləri ilə münasibətlər müsbət olmasa, qlobal bazara çıxmaq son dərəcədə çətindir. Bu istiqamətdə Azərbaycan regional əməkdaşlığı təşviq edən aktordur. Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın ən böyük layihələri arasında dayanır. Bu isə layihənin beynəlxalq əhəmiyyətini və çəkisini də artırır.

Bakı-Tbilisi-Qars dəmir yolunu o baxımdan strateji adlandırıram ki, bu, həm də region xalqlarının iqtisadi alətlərini, müqəddəratını öz əllərində cəmləşdirməsi deməkdir. Layihə bir daha Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığının nəticə verdiyini sübut edir. Bu nəticə bütün regiona müsbət təsir edəcək. Region dövlətləri və xalqları arasında mübadiləni sürətləndirəcək. Cənubi Qafqazın simasının siyasi ambisiyalardan uzaqlaşıb, iqtisadi rəqabət amili üzrə köçürülməsini sürətləndirəcək. Bu, dayanıqlı sülh, dayanıqlı iqtisadiyyat, xarici aktorlar üçün təhlükəsiz, etibarlı investisiya mühiti deməkdir. Cənab Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar tarix yazır”.

Milli Məclisin deputatı Vüqar Bayramov Oxu24.com-a açıqlamasında deyib ki, bütövlükdə nəqliyyat və logistika sektoru region ölkələrinin, xüsusən də Azərbaycanın dövlət gəlirlərinin formalaşmasında xüsusi paya və strateji əhəmiyyətə malikdir:

“Bu kontekstdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun imkanlarının genişləndirilməsi ölkəmizin tranzit potensialını tamamilə yeni müstəviyə daşıyır. BTQ dəmir yolunun uzun müddət öncə istifadəyə verilməsinə baxmayaraq, onun ötürmə qabiliyyətinin artırılması hər zaman prioritet məsələlərdən biri olub. Son illər bu istiqamətdə aparılan genişmiqyaslı infrastruktur işləri artıq yekunlaşıb və BTQ-nin tam gücü ilə, yeni imkanlarla fəaliyyət göstərməsinə şərait yaradıb. Burada söhbət dəmir yolunun illik ötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılmasından gedir. Bu, praktiki olaraq həm Azərbaycanın yerli istehsalı olan məhsulların xarici bazarlara daha böyük həcmdə daşınmasına, həm də ölkəmiz üzərindən keçən beynəlxalq tranzit yüklərin axınının kəskin çoxalmasına gətirib çıxaracaq".

V.Bayramov vurğulayıb ki, bu layihə Azərbaycanın qlobal logistik qovşaq kimi mövqeyini birmənalı şəkildə möhkəmləndirir:

"İnfrastrukturun bu cür genişləndirilməsi ölkəmizin beynəlxalq yükdaşımalardan əldə etdiyi birbaşa gəlirlərin artmasını təmin edəcək. Ümumiyyətlə, son dövrlər dəmir yolu nəqliyyatının Azərbaycan iqtisadiyyatında, xüsusən də Ümumi Daxili Məhsulda (ÜDM) payının davamlı şəkildə artması müşahidə olunur. Bu sözügedən sektorun milli iqtisadiyyatımıza verdiyi töhfənin bariz göstəricisidir.

Hesab edirəm ki, BTQ-nin yenilənmiş ötürmə imkanları qeyri-neft sektorunun və şaxələndirilmiş ixrac potensialının inkişafına mühüm təkan verən  əlamətdar və strateji hadisələrdən biridir".

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi ” mövzusunda hazırlanıb.

Mehin Mehmanqızı