Qaynar xətt:

(+99450) 247 90 86

Hərbi təlimlərə çağırılanların nəzərinə 

2023/01/15/1673727841_1654856208_1645183922_herbi-and.jpg

HƏRBİ

121

27.01.2026, 22:30

Hərbi təlimlərdə iştirak məsələsi bir çox vətəndaşı düşündürən və tez-tez sual doğuran mövzulardan biridir. Bəzən insanlar iş, ailə vəziyyəti və ya digər səbəblərə görə bu cür çağırışlara necə yanaşmalı olduqlarını tam dəqiqləşdirə bilmirlər. Belə hallarda əsas sual ortaya çıxır: vətəndaş hərbi təlimlərdə iştirakdan imtina edərsə, onu hansı hüquqi nəticələr gözləyə bilər?

 

Oxu24.com  bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən müəyyən məsuliyyət tədbirləri nəzərdə tutulur:

 

“Məcəllənin 606.3-cü maddəsinə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına (burada – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri) üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur”.

 

P.Sədrəddinov əlavə edib ki, həmin maddənin “qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur:

 

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür”.