Son zamanlar Ermənistanda Baş Nazir Nikol Paşinyana qarşı etirazların artması təsadüfi deyil. Rusiyalı ekspertlər hesab edir ki, etirazların arxasında Rusiyanın əli var. Əgər xatırlayırsınızsa, Moskvanın, hakimiyyətə gələn kimi qərbyönümlü mesajlar verən Paşinyana təmkinli yanaşması o vaxt maraqla qarşılanmışdı. Təbii ki, Rusiyanın “müstəmləkəsi”ndə baş verən proseslərə Kremlin biganə yanaşmasını başa düşmək çətin idi. Analitiklərin sözlərinə görə, Rusiya bilərəkdən sakit dayanaraq, Paşinyanın özünü təhlükəsiz hiss etdiyi bir vaxtda hərəkətə keçdi.
Paşinyan hakimiyyətə gələrkən həm kütlədən, həm də qərbdən ciddi şəkildə dəstək almışdı. Hadisələri ciddi şəkildə izləyən Moskva məhz bu üzdən Paşinyana müdaxilə etməyə ehtiyat etdi və ya zamanını gözlədi... Cəhd uğursuz alınsaydı, rəsmi Moskvanın dəstəkçiləri üzə çıxa, İrəvandakı dayaqlarını birdəfəlik itirə bilərdi. Ekspertlərin fikrincə indi vəziyyət tamam fərqlidir. Mövcud mənzərə təxminən belədir:
1. Xalq verdiyi vədlərə əməl etməyən və ya edə bilməyən Paşinyana əvvəlki kimi inanmır, bu baxımdan dəstək vermir.
2. Ermənistan hökumətinin etirazlarına, dirənişlərinə baxmayaraq, keçmiş prezident Robert Köçəryanın azadlığa çıxması müxalifətin imicinə əsaslı şəkildə təsir etdi.
3. Qarabağ klanı Paşinyanı açıq-aydın təhdid etməyə başlayıb. Vəziyyət o yerə çatıb ki, təntənəli şəkildə oğlunu hərbi xidmətə yola salan Nikol, tələm-tələsik onu İrəvandakı hərbi hissəyə köçürtmək məcburiyyətində qaldı. Özü də, Şuşada yallı gedib araq içəndən bir neçə saat sonra...
4. Prezident Armen Sarkisyan hökumətə qarşı bəyanatlar səsləndirməyə başlayıb.
5. Müxtəlif əyalətlərdə sosil xarakterli nümayişlər start götürüb.
Bəzi analitiklər bu məqamda Rusiyanın taktiki gedişini ön plana çıxarır. Hesab olunur ki, Paşinyan tez-tez Moskvaya dəvət edilməklə, onun ətrafında şübhə yaradıldı. Yəni Qərb dairələrində Nikolun Moskva ilə gizli sövdələşmələr əldə etməsi barədə təsəvvür yarandı. Rusiyalı liderlər erməni naziri saatlarla qapı arxasında gözlətməklə, görüşlərin uzun keçməsi fikrini formalaşdırdı.Nəticədə soyuq Sibir havası, Paşinyana Qərbin istisinə qızınmağa imkan vermədi...
İndi Moskvanın istədiyini Paşinyana diqtə etməsi üçün münbit zəmin yaranıb. Bundan sonra Nikol Paşinyan hakimiyyətdən getmək istəsə belə, canını asanlıqla xilas edə bilməyəcək. Çünki əvvəlki hakimiyyətin qalıqları Nikol postundan uzaqlaşan kimi onun həbsinə çalışacaq. Ortaya isə kifayət qədər səbəblər atılacaq. Məsələn, Robert Köçəryanın qanunsuz həbsi, müxalifətə yaxın hesab olunan iş adamlarının ölkədən didərgin salınması və.s. Necə deyərlər, nökərin ağanın üzünə ağ olmasının cavabı sərt olar... Oxu24.com
ŞƏRHLƏR