Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi xalq hərəkatı qalib gəlir.
Oxu24.com xəbər verir ki, etirazçılar artıq küçələrdən çəkiliblər və hər kəs sabah – mayın 1-də keçiriləcək baş nazir seçkilərinə hazırlaşır.
Ermənistanın yeni konstitusiyasına görə, ölkəyə rəhbərlik edəcək baş naziri parlament seçməlidir. Parlamentdə baş nazir seçilən Serj Sarkisyan etirazlar nəticəsində istefa verməyə məcbur oldu.
Hazırda baş nazirliyə əsas namizəd Paşinyandır. Onu özünün təmsil olunduğu “Elk”, həmçinin, “Daşnaksutyun” və “Sarukyan” fraksiyaları dəstəkləyir. Lakin Paşinyanın qələbəsi üçün 105 deputatdan 53-nün ona səs verməsi lazımdır. Üç fraksiya onu dəstəkləsə də, qələbə üçün Sarkisyanın Respublika Partiyasından da ən azı 6 deputatın Paşinyana səs verməsi lazımdır. Bu, mümkün olacaqmı? Hələlik heç nə aydın deyil.
Bu arada, Paşinyan Moskvanın narahat olduğu məsələyə aydınlıq gətirdi. O, “Avrasiya İqtisadi İttifaqı ilə heç bir problem yoxdur. Biz Emənistanın ittifaqdan çıxışı üzrə məsələni qoymağa hazırlaşmırıq” deyə bildirdi. Hesab etmək olar ki, bu açıqlama Paşinyanın baş nazirlik yolunu açacaq. Amma doğrudanmı Qərbdəki erməni diasporunun dəstəyi ilə Sarkisyanı devirən Paşinyan Rusiyaya münasibətdə səmimidir? Proseslərin ümumi analizi onun siyasi gediş etdiyinin daha inandırıcı olduğunu deməyə əsas verir. Çünki Moskvanın dəstəyi olmadan Ermənistanda iqtidarı ələ almaq çətindir. Paşinyan başlatdığı hərəkatın nəticəsiz başa çatmasındansa, indiki halda Rusiya ilə razılaşıb hakimiyyətə gəlməyi, öz siyasi planlarını sonrakı mərhələdə həyata keçirməyi düşünür. Mayın 1-də baş verənlərə aydınlıq gələcək.
Paşinyanın Dağlıq Qarabağla bağlı mövqeyi isə xüsusi diqqət çəkdi. O bildirdi ki, “Azərbaycanı Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda “konstruktiv məcraya qayıtmağa məcbur etmək” lazımdır. Bizim vəzifəmiz ordunu möhkəmləndirmək, döyüş hazırlığını artırmaqdır. Bu, Azərbaycanı konstruktiv məcraya qaytarmağın yoludur. Biz Qarabağı tam dəstəkləyirik və baş nazir seçiləcəyim təqdirdə ilk addımım təmas xəttində operativ vəziyyətlə tanış olmaqdan ibarət olacaq”.
Bu, faktiki müharibə çağırışıdır və hətta Sarkisyan belə buna cəsarət etmirdi. İlk baxışdan, bu açıqlamanı Paşinyanın seçkiyə hesablanmış fikri olaraq qiymətləndirmək olar.
Rusiyalı politoloq Aleksey Martınov isə hesab edir ki, Paşinyan baş nazir seçilsə, ölkə daxilində dəstəyi almaq üçün Qarabağ məsələsində daha sərt mövqe nümayiş etdirəcək. Onun fikrincə, vəziyyət nəzarətdən çıxacaqsa, Qarabağda müharibə qaçılmaz olacaq.
Oxu24.com
ŞƏRHLƏR