Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115801
az

Pezeşkian İsraillə müharibədən qaçmaq üçün təklif edib: Azərbaycanı vurun -ŞOK İDDİA

14:3010 Avqust, 2024
123
DÜNYA
  • A

“The Telegraph” xəbər verir ki, İranın yeni prezidenti İsraillə geniş müharibənin qarşısını almaq üçün İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı mübarizə aparır.

SEPAH-ın yüksək səviyyəli generalları mülki əhali arasında itkilərin qarşısını almaq üçün əsas diqqətini hərbi bazalara yönəltməklə Tel-Əvivə və İsrailin digər şəhərlərinə birbaşa zərbə endirməkdə israr edirlər. Lakin keçən ay keçirilən seçkilərdə SEPAH-ın namizədini məğlub edən mötədil Məsud Pezeşkian qonşu ölkələrdəki gizli İsrail bazalarını hədəf almağı təklif edib. Xatırladaq ki, İran daha əvvəl İraq Kürdüstanında “Mossad”-ın “casus bazaları” adlandırdığı yerləri hədəfə almışdı.

İranın necə cavab verəcəyinə qərar vermək üçün son məsuliyyət ali lider Ayətullah Əli Xameneinin üzərinə düşür. SEPAH komandirinin müavini Əli Fədavi bildirib ki, İran Xameneinin bu sui-qəsdə görə İsraili “sərt şəkildə cəzalandırmaq” əmrini yerinə yetirməyə hazırdır.

Ancaq Məsud Pezeşkianın köməkçiləri “The Telegraph”-a bildiriblər ki, SEPAH İsrailə qarşı daha aqressiv cavab tədbirləri görməklə prezidentin mövqelərini sarsıtmağa çalışır: “Cənab Pezeşkian qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər”.

Tehrandan “The Telegraph”-a danışan köməkçi deyib ki, SEPAH-ın İsraili hədəfə almaqda israrlı olması onların məruz qaldıqları rüsvayçılığı ört-basdır etmək məqsədli deyil, məqsəd onun bir həftəlik prezidentliyinə xələl gətirməkdir: “O təklif edib ki, Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli bir yeri hədəf alsın və bu ölkələrə bundan əvvəl xəbər versinlər və bütün drama bitsin. O, həmçinin Livan Hizbullahını daha mürəkkəb silahlarla silahlandırmağı və İranın gücləndirilmiş dəstəyi ilə “onların döyüşməsinə icazə verməyi” təklif edib.

Pezeşkianın nəşrə danışan ikinci köməkçisi deyib: "Cənab Pezeşkianın SEPAH komandirlərini nəzarətdən çıxa biləcək hərəkətlərdən yayınmağa inandırmağa çalışdığı uzun və gərgin müzakirələr olub. Pezeşkian SEPAH-ın ölkəni müharibəyə cəlb etmək istədiyini bilir, bununla belə, o, seçki kampaniyası zamanı insanlara dinc həyat şəraitinin yaradılması da daxil olmaqla verdiyi vədləri yerinə yetirməkdə qərarlıdır. Liderin ofisindəki nüfuzundan istifadə edərək, o, SEPAH-ın İranı müharibəyə sürükləməsinin qarşısını almağa çalışır. Amma güc qurumları daxilində cənab Pezeşkianın səylərini necə əngəlləmək barədə müzakirələr aparılıb”. Bir müddət əvvəl Pezeşkian özü də güc qurumları daxilində ona maneə olmaq istəyənlərin, işləməyə imkan verməyənlərin olduğunu demişdi.

Mənbənin məlumatına görə, bu həftə keçirilən görüşlərdən birində SEPAH-ın xaricdəki Qüds qüvvələrinin komandanı Esmail Qaani deyib: “Bu gün cavab verməsək, növbəti dəfə daha da kobud davranacaqlar”.

İran hakimiyyəti adətən sızdırmalar üçün Körfəz mediasını, İsrail-İran savaşına maneə olmaq istəyən ABŞ “göyərçinləri” isə “Foreign Policy” kimi nəşrləri, bəzən də Körfəz mediasından istifadə edirdilər. Məsələn, İsrailin Azərbaycan üzərindən İranı vuracağı haqda dezinformasiya əvvəlki yazılarda qeyd etdiyimiz kimi məhz Körfəz və ABŞ-ın demokratlara yaxın mediasında eyni vaxtda getmişdi.

Bir müddət əvvəl isə Körfəz mediası məlumat yaymışdı ki, ABŞ artan gərginliyi dayandırmaq üçün hərəkətə keçib. ABŞ nümayəndə heyəti gizli şəkildə Türkiyədən qalxan xüsusi təyyarə ilə İrana gedib. Təyyarə Tehran yaxınlığındakı Karan şəhərinə eniş edib və orada İranın kəşfiyyat-xarici işlər komandası ilə 2 saatlıq kritik görüş keçirilib. Görüş zamanı ABŞ rəsmiləri İran nümayəndələrinə xəbərdarlıq ediblər ki, Netanyahu böyük regional müharibə istəyir: "O, İranı məhv etmək istəyir. Netanyahunun hiyləsinə qapılmayın".

Pezeşkian komandasının Qərbə mesajlarını Böyük Britaniya KİV-ləri vasitəsilə çatdırması bu üslubda bir yenilikdir. Bir müddət əvvəl Pezeşkiana yaxın şəxslər Qərb mediasına açıqlamalarında İsmayil Həniyənin SEPAH tərəfindən qətlə yetirildiyi ehtimalı olduğunu deyiblər. Onlar hesab edirlər ki, məqsəd Pezeşkianın nüfuzunu zədələmək və Qərblə yumşalma siyasətinə bəri başdan maneə törətmək olub: “SEPAH cənab Pezeşkianın xarici siyasətə münasibəti və onun islahatçı siyasətinin bəzi aspektləri ilə razı deyil. Heç bir ağlı başında olan insan bu qətlin öz prezidentliyinin ilk gününə təsadüf etməsini qəbul edə bilməz. O, prezidentliyinin ilk günlərində İsraillə müharibəyə getməyə məcbur ola bilər. Bütün bunlarda SEPAH günahkardır”.

"The Telegraph" isə açıqlamadığı mənbəyə istinadən yazırdı ki, İsrail kəşfiyyatı SEPAH-ın vəzifəli şəxslərin mühafizəsinə məsul olan “Ənsar-ul Mehdi” dəstəsinin bir neçə üzvünü ələ alaraq İsmayil Haniyənin qala biləcəyi 3 otağa partladıcılar yerləşdirib. Ard-arda həyata keçirilən həbslər bu versiyanın ciddi ola biləcəyini göstərir.

Burda Azərbaycanın adının hallandırılması 2010-cu illərdəki eyni dəst-xəttin təkrarıdır. Amma o zaman Azərbaycana zərbə təklifləri adətən SEPAH tərəfindən səsləndirilir, beləliklə, Qərb böyük müharibə təhlükəsi ilə şantaj olunurdu. İndi belə təklifin sülh çağırışı, üstəlik , azərbaycanlı-türk kimliyi vurğusu ilə hakimiyyətə gəlmiş biri tərəfindən səsləndirlməsi maraqlıdır. Ola bilsin ki, bu, onun adından yayılmış təxribat da ola bilər. Məhz Azərbaycanın əsas iqtisadi-siyasi tərəfdaşı olan Britaniya KİV-lərində dərci isə Qərbi şantaj xarakterindədir. Sızdırmanın Pezeşkian hökumətinin xarici siyasət kursunu formalşadıran Cavad Zərifin çevrəsindən ötürülməsi ehtimalı daha yüksəkdir: Zərifə yaxın islahatçılar Pezeşkianı mümkün qədər öz təsirləri altında saxlamağa çalışırlar.

Adətən, Qərblə yumşalmalardan söhbət gedəndə, ABŞ və Avropanın Almaniya, Fransa kimi ölkələri nəzərdə tutulurdu. Pəhləvilər dövründəki acı xatirələr səbəbindən Britaniya ilə yaxınlaşmaya İranda elə də isti yanaşılmayıb. Amma indi məhz Britaniya mediası, dolayısı ilə Britaniya diplomatik kanalları Qərblə təmaslar üçün vasitəçi olaraq seçilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ
İranda dəhşətli qəza: 10 ölü, 17 yaralı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu