İnsan fitri olaraq kamala meyl edər və onun ən böyük arzusu - inkişaf etməkdir. "İnsan heç vaxt xeyir (mal və dünya rifahı) tələb etməkdən yorulmaz və doymaz". ("Fussilət" 49).
İnsan öz təbiəti baxımından tələskən olduğu üçün, bəzən həqiqi yolunu azır və hətta səhv edir. Kamalı həqiqi yerində axtarmır. Ona görə də Quran bəşərin bu təbii ehtiyacını aydın şəkildə bəyan edir və onu tanıdır. "Həqiqətən bu Qur'an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün(dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir". ("İsra" 9).
İnsan ictimai bir varlıq olduğu üçün, inkişafı da bu zəminədə baş verər - həm fərdi və həm də ictimai. Qurani-Kərim fərdi inkişafla bağlı İbrahim (ə) peyğəmbəri yada salır və buyurur:"Həqiqətən Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və İlahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona (onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik". ("Ənbiya" 51).
Bu ayə Həzrət İbrahimdən (ə) fərdi inkişaf etmiş bir insan kimi bəhs edir. Çünki o, tövhidə və maarifin haqqına kamil şəkildə hidayət olmuş insan idi. (Tebyan)
İnsan cəmiyyətinin ictimai inkişaf etməsi də çox mühümdür. Qurani-Məcid Səba cəmiyyətini inkişaf etmiş bir cəmiyyət kimi tanıtmışdır. "Həqiqətən, Səba qövmü üçün onların məskənlərində (Allahın qüdrəti və rəhmətinə dair) bir nişanə var idi. (Orada) sağ və sol tərəfdə iki bağça (var idi. Onlara dedik:) "Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Məskəniniz) pak bir şəhərdir və Rəbbiniz də bağışlayan"". ("Səba" 15). Səba cəmiyyətində əkinçilik və iqtisadiyyat güclü inkişaf etmişdi. Bu şəhərin hər iki tərəfində yaşıl bağçalar var idi ki, məhsul verir və şəhərin iqtisadiyyatını təmin edirdi. Ancaq sonralar sel gəlməsi nəticəsində bu bağçalar tələf oldu və bu şəhərin iqtisadi inkişafı dayandı.
Təhlükəsizliyin inkişaf etməsi də cəmiyyətin inkişaf etmək amillərindəndir. Quran bununla bağlı buyurur: "Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı get-gəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) "Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin - amanlıqla get-gəl edin"". ("Səba" 18).
Cəmiyyətin inkişaf etməsinə təsir edən başqa bir amil isə siyasi inkişafdır. Quranın buyurduğuna görə, Səba cəmiyyətində siyasət də inkişaf etmişdi. "(Sonra) dedi: "Ey əyanlar və böyüklər, işim barədə mənə rəyinizi söyləyin, çünki mən heç vaxt siz yanımda olmayınca bir iş barədə qəti hökm verməmişəm"". ("Nəml" 32). Bu ayədən göründüyü kimi, Səba mələkəsi qəbilə başçıları ilə məsləhətləşir. Onların nəzərini öyrənmədən heç bir iş görmür.
Bəs insanın inkişaf etməsinə yardım edə bilən amillər hansılardır?
1. Dua. Bir insanın fərdi inkişafına təsir edə bilən amillərdən biri də Allah Təalaya bununla bağlı dua etməsidir. "Məni çağıran zaman dua edənin duasını qəbul edirəm". ("Bəqərə" 186). Dua - insanın Allahal rabitə qurmasıdır. İnsan Allahın yardımı olmadan inkişaf edə bilməz.
2. Elm kəsb etmək. Elm kəsb etmək - insanın inkişaf etməsinə təsir edən mühüm amillərdəndir. Qurani-Kərimdə Həzrət Musanın (ə) Xızr (ə) peyğəmbərlə söhbəti bu cür bəyan edilir: "Musa ona dedi: "(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?"". ("Kəhf" 66).
3. Keçmişdəkilərdən ibrət almaq. Quran bu haqda buyurur: "Şübhəsiz, onların(peyğəmbərlərin və onların ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Qur'an) yalandan uydurulması mümkün olan bir söz deyil. Lakin özündən öncə olan (səma kitabların)ı təsdiq edən, (din işləri və mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən və imanı olan tayfa üçün doğru yol göstərən və mərhəmətdir". ("Yusif" 111).
4. Məada diqqət etmək. İnsanın məada və cəza gününə diqqət etməsi inkişaf etməsinə zəminə yaradan başqa bir amildir. "İman gətirmiş şəxs dedi: "Ey mənim qövmüm, mənə tabe olun, sizi doğru və hədəfə çatdıran yola hidayət edim". "Ey mənim qövmüm! Bu dünya həyatı yalnız (məhdud və müvəqqəti) bəhrələnməkdir və həqiqətən sabitlik və əbədilik evi (təkcə) axirətdir (axirət həyatıdır)"". ("Ğafir" 38-39).
Oxu24.com
ŞƏRHLƏR