Azərbaycanda vəziyyət sabitdir, qorxulu, təhlükəli heç nə yoxdur. Məsələlərə də sakit, həyəcansız tərzdə yanaşmaq, qiymət vermək gərəkdir.
Bunu Oxu24,com.-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerlərindən olan millət vəkili Aydın Mirzəzadə son bir sutka ərzində ölkədə yaşananlara münasibətini bildirərkən deyib.
O, bildirib ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyalarından birində yaşanan qəza ilə bağlı son bir sutkada paytaxt Bakıda və digər bölgələrdə enerji, su, nəqliyyat təminatında müəyyən problemlər yaranıb:
"Qeyd edim ki, Azərbaycandakı elektrik stansiyaları 40 dərəcə istiləyə hesablanıb. Ancaq bir neçə gündür ki, ölkədə də anomal hava şəraiti, istilər hökm sürür, bu da təbii ki, istər-istəməz öz təsirini göstərir, yəni, havanın temperaturu 40 dərəcədən yüksək olduğu İstilik Elektrik Stansiyasının yarımstansiyalardan birində qəza əmələ gəlib. Təbii ki, elektrik təminatında problem yaşananda, digər sahələrdə, su, nəqliyyat təminatında da problemlər yaranır. Amma vəziyyət yoluna qoyulur, problemlərin həlli yönündə işlər davam etdirilir. Çox yəqin ki, yaxın zamanlarda da bütün məsələlər yoluna qoyulacaq. Şaiyələrə, əlavə söz-söhbətlərə də ehtiyac yoxdur. Hər şey nəzarətdədir".
Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin silahlı hücuma məruz qalmasına gəlincə, millət vəkili bu məsələdən yeni xəbər tutduğunu bildirib:
"Yəqin ki, bununla da bağlı yaxın saatlarda hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama veriləcək. Eyni zamanda, hadisənin səbəbləri araşdırılacaq, günahkarlar tapılacaq və cəzalandırılacaq. Elmar Vəliyevə də keçmiş olsun deyir, tezliklə sağalıb, ayağa qalxmasını, işinin başına dönməsini arzulayıram".
Millət vəkili bu hadisələrdə, son bir sutkada yaşananlarda təxribat elementlərinin olmasını da istisna edib:
"Azərbaycanda oturuşmuş hüquqi-demokratik bir dövlət, güclü idarəetmə sistemi var. Hər şey ölkə prezidentinin və Azərbaycan dövlətinin nəzarətindədir. Dövlətimizə qarşı nə içəirdən, nə də kənardan hər hansı bir təhlükə yoxdur. Təxribat, sabotaj elementlərindən də söhbət gedə bilməz".
Kamil HƏMZƏOĞLU
www.oxu.az Oxu24.com
ŞƏRHLƏR