Qaynar xətt:

(+99450) 247 90 86

Dünən ölən sabiq nazir haqda sensasiya: Prezident onu niyə vəzifədən çıxardı?

Dünən ölən sabiq nazir haqda sensasiya: Prezident onu niyə vəzifədən çıxardı?

CƏMİYYƏT

181

13.09.2026, 23:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün vəfat edən sabiq daxili işlər naziri Vaqif Novruzov haqda indiki nəsil çox az bilir. Hətta çoxları onun hansı dönəm nazir olduğunu xatırlamır. Üzərindən 30 ildən artıq vaxt keçdiyi üçün bu, təbiidir. Amma Vaqif Novruzov elə bir zamanda daxili işlər naziri vəzifəsini tutub ki, onu tanımaq həmin dövrün bir çox hadisələrinə bələd olmağa kömək edə bilər.

1993-cü il iyunun 4-də Gəncə şəhərində hərbi qiyam baş verdi. Polkovnik Surət Hüseynov tabesizlik göstərdi. Komandiri olduğu 709 saylı hərbi hissə dövlətə qarşı silah çəkdi. Surətin qiyamçı roluna girməsinin sifarişinin Rusiyadan verildiyi haqda indiyə kimi iddialar səsləndirilib. Onun SSRİ-nin Gəncədə yerləşən 104-cü Hava Desant Diviziyasının komandiri general-mayor Valeri Şerbakla yaxın olduğu, ondan təlimat aldığı deyilir. S.Hüseynov özü sağlığında bu məsələni etiraf etmişdi. Bildirmişdi ki, Şerbakla dəfələrlə görüşüb. İddialara görə, V.Şerbak Surət Hüseynova Rusiyanın onu Azərbaycanda hakimiyyətə gətirməyə çalışdığını deyib. Bundan sonra onun daha da həvəsləndiyi, qanuni prezidenti və legitim hakimiyyəti devirmək üçün hərəkətə keçdiyi deyilir.

Surət Hüseynov Əbülfəz Elçibəy hakimiyyəti dövründə yüksək vəzifələr tutub. O, baş nazirin müavini, prezidentin Qarabağ üzrə xüsusi səlahiyyətli nümayəndəsi, hərbi hissə komandiri olub. Qarabağda 1992-93-cü illərdə hərbi əməliyyatlara birbaşa rəhbərlik edib. Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Milli Qəhrəman fəxri adına layiq görülüb.

1993-cü ilin əvvəllərində mərkəzi hakimiyyətlə arasında yaranan gərginlik onun karyerasına mənfi təsir etdi. Surət prezidentin Qarabağ üzrə xüsusi səlahiyyətli nümayəndəsi və baş nazirin müavini vəzifələrindən azad edildi. 709 saylı hərbi hissə buraxıldı. Amma tam işsiz də qalmadı. 1993-cü ilin fevral ayında Yun Konserni yaradıldı və S.Hüseynov ora rəhbər təyin edildi.

Sonradan o, baş nazir vəzifəsini tutdu. Qiyamın miqyasının böyüməməsi və Azərbaycanın parçalanmasının qarşısının alınması məqsədi ilə Əbülfəz Elçibəy tərəfindən Naxçıvandan Bakıya dəvət edilmiş və 15 iyun günü Milli Məclisin sədri vəzifəsinə seçilmiş mərhum Heydər Əliyev Surət Hüseynovun “güc nazirlikləri mənə tabe olacaq” şərtini qəbul etmişdi. Bu o vaxtlar idi ki, Azərbaycanın müstəqilliyi təhlükə altına düşmüşdü. Surət Hüseynovla bərabər Moskvaya bağlı qüvvələr fürsət gözləyirdi. Heydər Əliyevin mahir siyasi bacarığı, usta gedişləri “Moskva uşaqları”nı neytrallaşdırdı. Surət Hüseynova geniş səlahiyyət verildi və o, daha axmaq iddialara düşməkdən qismən çəkindi. Heydər Əliyev təkcə hakimiyyəti onunla bölüşmədi, həm də məsuliyyəti bölüşdü. Qarabağda ağır döyüşlər gedirdi, rayonlar ard-arda işğal edilirdi. Bu vəziyyət daxili ictimai rəyi gərginləşdirmişdi. Baş nazir vəzifəsini tutan Surət Hüseynov status-kvonu saxlamaq üçün müəyyən manevrlər etməyə çalışırdı. Heydər Əliyev isə onun güc nazirlərini özünə tabe etdirməsinə mane olmurdu. Bu ağılsız inadla S.Hüseynov özünü çox çətin vəziyyətə salmışdı.

Məmmədrəfi Məmmədov, Surət Hüseynov, Heydər Əliyev 

Beləliklə qiyamçı polkovnik “möhtəşəm üçlük”ə – müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə öz adamlarını gətirdi. Müdafiə naziri Məmmədrəfi Məmmədov, milli təhlükəsizlik naziri Nəriman İmranov və daxili işlər naziri Vaqif Novruzov təsdiqləndi.

HAŞİYƏ

O vaxt (1993-cü il) baş prokuror təyin edilən Əli Ömərovun da Surət Hüseynovun kadrı olması haqda dövrü mətbuatda çox yazılırdı. Deyilənə görə, Əli Ömərov Surətin təqdimatı ilə bu vəzifəyə təsdiqlənib.

Hər üç nazir qiyam yolu ilə baş nazir vəzifəsini ələ keçirmiş Surət Hüseynovun yaxın adamları idilər. Onların içində vəzifədə ən çox qalan Məmmədrəfi Məmmədov oldu. Onun o vaxt dövlət katibi olan Lalə Şövkət Hacıyevanın kadrı olduğu deyilirdi. Milliyyətcə ləzgi olan Rəfiyev məhz Surət Hüseynovun təqdimatı ilə bu posta gətirilmişdi. 1995-ci ilin fevral ayında vəzifəsindən azad edildi.

Nəriman İmranov da qatı Surətçi kimi ad çıxarmışdı. Onun vəzifədə olduğu dövrdə Milli Təhlükəsizlik Nazirliyində ağlasığmaz hadisələr baş vermişdi. 1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə “alınmaz və basılmaz qala” olan MTN-dən sensasion qaçış baş vermişdi. Nazirliyin təcridxanasında saxlanılan keçmiş müdafiə naziri Rəhim Qazıyev, «Laçın» alayının komandiri Arif Paşa (Paşayev), Müdafiə nazirinin keçmiş müavini Baba Nəzərli, separatçı “Talış-Muğan Respublikası”nın rəhbəri  Əlikram Hümbətov qaçmışdılar. Bu hadisə “Əsrin müqaviləsi” imzalandıqdan bir gün sonra baş vermişdi. Ardınca isə yüksək dövlət nümayəndələri – Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov və Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov sui-qəsd nəticəsində öldürüldülər. Bu hadisələrin arxasında Rusiya xüsusi xidmətinin dayandığı deyilirdi. Məqsəd Azərbaycanın Qərbə inteqrasiyasının qarşısını almaq, Rusiyanın təsir dairəsində qalmasını təmin etmək idi.

Bu qaçışdan sonra Nəriman İmranov vəzifəsindən uzaqlaşdırıldı. Onun yerinə Namiq Abbasov təyin edildi.

Vaqif Novruzovun vəzifədən getməsinin səbəbi ölkədə sabitliyi pozan qüvvələrə qarşı loyallıq göstərməsi oldu. Prezident Heydər Əliyev onu 1994-cü ilin 29 aprel tarixində Fərmanla işdən çıxardı. Yerinə isə Ramil Usubov təyin olundu. Vaqif Novruzov heç bir il belə vəzifədə qala bilmədi. Onun vəzifədə olduğu dövr daxili işlər orqanlarının ən zəif, effektsiz fəaliyyət göstərdiyi mərhələ kimi yadda qaldı.

Nəriman İmranovun və Vaqif Novruzovun o vaxt xeyli aktiv olan hərbi müxalifətlə yaxın olduğu istisna edilmirdi. Üstəlik hər iki nazirin Rusiyaya bağlı olduqları da deyilirdi.

Vaqif Novruzov milli azadlıq hərəkatının iştirakçılarına qarşı amansız mövqeyi ilə tanınır. Sovet vaxtı polis rəisi olarkən hərəkatçıların həbs edilməsində, onlara işgəncə verilməsində fəal rol oynadığı deyilir. Bu haqda milli azadlıq hərəkatının tanınmış nümayəndələri də danışıb.

1995-ci ilin mart ayında OMON qiyamı yatırıldı. Rövşən Cavadov o hadisələr zamanı aldığı güllə yarasından həyatını itirdi, qardaşı, Xətai rayonunun sabiq prokuroru Mahir Cavadov ölkədən qaçdı. Hərbi müxalifət məğlub edildi, zərərsizləşdirildi, onun hakimiyyətdəki nümayəndələri təmizləndi. Bundan sonra Azərbaycanda sabitlik yarandı. Siyasi müxalifət üçün müəyyən imkanlar formalaşdı.

Vaqif Novruzovun həyatına nəzər yetirəndə Rusiya ilə dərin bağlantıları diqqət çəkir. 1940-cı ildə anadan olan V.Novruzov 1984-cü ildə polkovnik rütbəsi alıb. 1991-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin kollegiyasında 6-cı Baş İdarənin rəisi seçilib.

1990-cı ildə deputat mandatı qazanıb. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsini imzalayan deputatlardan biridir. 2026-cı il sentyabrın 12-də 86 yaşında vəfat edib.

Ailəli idi, 3 övladı var.