Qaynar xətt:

(+99450) 247 90 86

Tez də olsa...  Elman Eldaroğlu YAZIR

Tez də olsa...  Elman Eldaroğlu YAZIR

CƏMİYYƏT

45

17.08.2026, 13:04

Deyir ki:- "Təəssüf edirəm, bu gün televiziyada danışığı ilə insanları yoran, nitqində heç bir məna və informasiya yükü olmayan aparıcılar var. Aparıcı etikasını qoruyaraq ad çəkmək istəmirəm, amma eləsi var ki, kanalı nə vaxt açırsan, ancaq onun səsini eşidirsən. İnsan özü başa düşməlidir ki, tamaşaçını yorur. Təsəvvür edin, verilişə 3-4 qonaq çağırır, amma efir vaxtının 80 faizində özü danışır, qonaqlara isə cəmi 20 faiz vaxt qalır..."

Onun televiziyadakı “Yaddaş” verilişinə sevə-sevə tamaşa edir, radiodakı “Azəri caz” verilişini də eyni şövqlə dinləyirəm. Verilişləri çox maraqlı olur. Yəqin ki, daxili dünyasının zəngin olduğundan irəli gəlir. Bəli, o, yüksək hazırlıqlı, səlist və təmiz nitqi, eləcə də ziyalı davranışı ilə seçilən media xadimidir. Uzun illərdir ki, Azərbaycan efir məkanında özünəməxsus üslubu ilə tanınır...

“Mən Neft və Kimya institutunun energetika fakültəsini bitirmişəm. Hələ də özümü jurnalist hesab etmirəm, mən aparıcıyam. Mənə aparıcı kimi populyarlıq gətirən də "Kiçik Qala" televiziya layihəm olub. Musiqini çox sevirəm, yanvarın 9-da ilk efir günümün 32 ili tamam oldu. Əsasən milli musiqimiz və caz məni daha çox cəlb edir. Amma başqa müasir musiqi istiqamətlərini də, xüsüsən lanjı çox bəyənirəm...”- söyləyir.

O, 1962-ci ildə Bakı şəhərində dünyaya gəlib. Atası mühəndis, anası isə uşaq həkimi işləyib. 1979 -cu ildə orta məktəbi bitirib. Özü jurnalist olmaq istəsə də həmin il atasının istəyi ilə M. Əzizbəyov adına Neft Kimya İnsitutunun energetika fakultəsinə daxil olub. 1984-cü ildə institutu bitirb və 10 il ixtisası üzrə energetik kimi çalışıb. Çalışdığı müddətdə mühəndis vəzifəsindən rəis müavini vəzifəsinə qədər yüksələ bilib. Daha sonra öz istəyi ilə jurnalist fəaliyyətinə başlayıb və Azərbaycanın bir çox televiziya və radio kanallarında çalışıb. Hal-hazırda İctimai TV-də çalışır...

Deyir ki:- “Hər il Vaqif Mustafazadənin anadan olduğu və vəfat etdiyi tarixi qeyd edirəm və bunu özümə borc bilirəm. “ANS”də işlədiyim zamanlarda bir hadisə baş verdi. Dekabrın 16-sı Vaqifin vəfat etdiyi gün idi, mən də verilişi ona həsr etmişdim. Dəyərli dostlarımdan biri mənə zəng etdib dedi ki, gecə yuxuda Vaqifi görmüşəm, çox kədərli idi. Kənardan radiodan sənin səsin gəlirdi və Vaqif gileyləndi ki, bir dənə o yada salır məni. Bir də dedi ki, mənim təşəkkürümü ona bildir. Beləcə dostum gördüyü bu yuxunu mənə danışdı. Onda çox kövrəldim. Bu hadisənin üstündən 3 ay keçirdi və növbəti efirimi bitirəndə məni çağırdılar ki, sənə zəng gəlib. Gördüm həmin dostumdur. Dedim, nolub? Gördüm ki, səsi birtəhərdir. Mənə dedi ki, inanırsınız, mən Vaqifi yuxuda gördüm yenə və mənə gülə-gülə dedi ki, təşəkkürümü ona çatdırdın. Bundan sonra gəl mistikaya inanma. Bir aparıcı kimi özümə bunu borc bilirəm ki, bu cür insanları tez-tez yada salım. Bunu öz tarixi missiyam hesab edirəm.”

Sənət adamlarının, o cümlədən Vaqif Mustafazadə kimi görkəmli şəxsiyyətlərin xatirəsini hər zaman ehtiramla yad edir. Efirdə hər hansı bir ləhcədən uzaq, təmiz, qrammatik düzgün və səlis danışıq qabiliyyətinə malikdir. Radionu televiziyadan daha üstün və səmimi hesab edir, illərdir radio layihələrinə sadiq qalır. Efir mədəniyyətinə önəm verir, mənasız və boş danışıqlardan uzaq duraraq məzmunlu verilişlər təqdim etməyi bacarır. Cəsarətli və ədalətlidir. Televiziya məkanındakı qüsurları və peşə etikasına riayət etməyənləri açıq şəkildə tənqid etməkdən çəkinmir. Onun ən müsbət xüsusiyyətlərindən biri də sadəliyi, xoş ünsiyyət qurmaq bacarığı və dinləyicilərə hər zaman pozitiv əhval-ruhiyyə bəxş etməsidir. Ümumiyyətlə, o, səmimi insandır...

“10 il, Bakı Caz Festivallarının aparıcısı olmuşam. Mən kimləri görmüşəm səhnədə, kimlərlə bir səhnədə dayanmamışam. Bir dəfə Sevda Ələkbərzadə ifa etməli idi, səhnəyə çıxmamışdan öncə mən, daha sonra Sevda özü də xahiş etdi ki, çəngəl-bıçağın səsinə bir qədər diqqət edin, insanın fikrini yayındırır. Ona görə bəziləri caza kübar görünmək xatirinə qulaq asmağa gəlirdilər. Kübarlıqla bağlı mənim bir aforizmim var: “Toylarda geyilən əlbisələrin uzunluğu kübarlıqdan xəbər verən əsas xüsusiyyətdir”. Toyda kübar cəmiyyətin geyindiyi əlbisəni geyinən adam elə bilir ki, kübardır. Amma bəzən kübar bildiyimiz adamlardan elə davranış görürük ki, deyirsən mən bunu normal adam bilirdim.”- söyləyir.

Nə isə, budəfəki söhbətimin qəhrəmanı televiziya və radio verilişlərinin aparıcısı, müxtəlif televiziya və radio verilişlərinin müəllif və tərtibçisi, Əməkdar mədəniyyət işçisi Rahib Azəridir. Avqustun 21-i Rahib bəyin 64 yaşı tamam olur. Onu tez də olsa bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu