Qaynar xətt:

(+99450) 247 90 86

Süni intellekt tibdə İNQİLAB edir: Robotlar cərrahları əvəz edəcək? — PROQNOZ  

Süni intellekt tibdə İNQİLAB edir: Robotlar cərrahları əvəz edəcək? — PROQNOZ  

CƏMİYYƏT

60

11.08.2026, 13:59

Süni intellekt və robot texnologiyalarının sürətli inkişafı səhiyyə sistemində misilsiz yeniliklərin əsasını qoyur. Son zamanlar yayılan proqnozlara görə, cəmi üç-dörd il ərzində "Optimus" robotlarının dünyada ən təcrübəli cərrahları belə geridə qoyacağı və mürəkkəb əməliyyatları daha dəqiq icra edəcəyi iddia olunur. Bu cür texnoloji sıçrayışlar tibb aləmində robotların həkimləri tam əvəzləyəcəyi, yoxsa mütəxəssislərin qərarvermə rolunu dəyişəcəyi ilə bağlı ciddi müzakirələrə səbəb olub. Müasir diaqnostika və cərrahiyyə proseslərində süni intellektin tətbiqi həkim xətalarını minimuma endirmək potensialına malikdir. Lakin robot texnikasının inkişafı nə qədər yüksək pilləyə çatsa da, mütəxəssis yanaşmasının və insan amilinin rolu aktuallığını qoruyub saxlayır. Məhz bu məsələ robotların texniki üstünlüyündən daha çox, həkimlərin tibbi qərarlardakı funksiyasının necə formalaşacağını gündəmə gətirir.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tibb eksperti Rasif Bağırov bildirib ki, süni intellekt müasir dünyada kəşf olunan ən gözəl və səmərəli metodikalardan biridir.

Ekspertin sözlərinə görə, süni intellekt hər bir sahədə olduğu kimi tibbdə də mütəxəssislərin bilik və savadını artırmaq üçün ən yaxşı köməkçidir:

"İstənilən ixtisas sahibi olan həkim öz savadını artırmaq istəyirsə, süni intellekt ona çox düzgün və doğru yollar göstərə bilir. Bu texnologiya xüsusilə peşəkar mütəxəssislərə yüksək səviyyədə yardım edir. Təcrübəli həkim dəqiq suallar verdikdə süni intellekt ona maksimal dərəcədə ətraflı və faydalı məlumatlar təqdim edir, işin irəliyə getməsinə və diaqnostikanın dəqiq qoyulmasına böyük dəstək olur".

R.Bağırov qeyd edib ki, müasir tibbdə xəstələrə yanlış diaqnozların qoyulması və ya əməliyyatların yetərincə keyfiyyətli aparılmaması səbəbindən insanların xaricə üz tutması hallarına tez-tez rast gəlinir. Süni intellekt və robot texnologiyaları isə bu problemlərin aradan qaldırılmasında müstəsna rol oynayacaq.

Əməliyyatların robotlar tərəfindən aparılması və qərarvermə prosesinə toxunan ekspert vurğulayıb ki, əsas məsuliyyət yenə də həkimin üzərində qalacaq:

"Qərarı vermək hər zaman müalicə həkiminin, cərrahın öz əlində olacaq. Əməliyyatın icrasını isə robotlar həyata keçirərsə, bu proses daha təkmil, dəqiq və səhvsiz formada baş tutacaq. Yəni robot həkimin qərarını daha yüksək keyfiyyətlə icra edən mükəmməl bir vasitəyə çevriləcək".

Süni intellektin gələcək inkişaf mərhələlərinə də toxunan Rasif Bağırov texnologiyanın tibbdə inqilabi kəşflərə yol açacağını bildirib:

"Hazırda süni intellekt texnologiyalarında müəyyən mərhələlər qət olunur. 'Grok 5' kimi daha üstün modellar istifadəyə verildikdə tibb və texnologiya sahəsində böyük sıçrayış baş verəcək. Bu vaxta qədər müalicəsi mümkün hesab olunmayan bir çox xəstəliklərin həlli yolları tapılacaq və yeni kəşflər ortaya çıxacaq. Bütün bunlar insanlığın və səhiyyənin inkişafına misilsiz töhfə verəcək".