Zeytunsevənlər üçün yaşıl işıq - Bakıda bayram
03 Oktyabr 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
624
04.08.2026, 12:24
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində avtonom nəqliyyatın fəaliyyətinə hüquqi zəmin yaratmaq məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər olunub. Qanunvericilikdə yapılan yeni tənzimləmələrə əsasən, yaxın gələcəkdə ölkəmizdə sürücüsüz avtobus və qatarların fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu dəyişikliklər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi də daxil olmaqla aidiyyəti dövlət qurumlarının səlahiyyətlərini dəqiq müəyyənləşdirir. Lakin bu innovativ texnologiyanın təhlükəsiz və fasiləsiz çalışması yalnız hüquqi çərçivənin yaradılması ilə bitmir. Sürücüsüz nəqliyyat vasitələrinin küçə və prospektlərə çıxarılması genişmiqyaslı texniki və infrastruktur hazırlıqlarının görülməsini tələb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, avtonom nəqliyyat vasitələrinin təhlükəsiz fəaliyyəti üçün yol, dəmir yolu, rabitə, enerji, rəqəmsal xəritələndirmə və kibertəhlükəsizlik sistemləri vahid kompleks şəklində hazırlanmalıdır.
"İlk mərhələdə bütün şəhərdə deyil, xüsusi marşrutlarda tətbiq edilməlidir"
Ekspertin sözlərinə görə, sürücüsüz nəqliyyatın tətbiqində ilk növbədə fiziki yol infrastrukturu yüksək standartlara cavab verməlidir:
"Avtonom nəqliyyat vasitəsi ətraf mühiti kameralar, radarlar və peyk naviqasiyası vasitəsilə tanıyır. Bu sistemlərin düzgün işləməsi üçün yol nişanları aydın görünməli, zolaqlar silinməməli və işıqforlar rəqəmsal şəbəkəyə inteqrasiya olunmalıdır. İnsan sürücü yol xətti silindikdə təcrübəsinə əsasən qərar verə bilir, lakin avtonom sistem üçün bu qeyri-müəyyənlik qəza riski yaradır.
Buna görə də sürücüsüz avtobusların ilk mərhələdə bütün şəhərdə deyil, əvvəlcədən seçilmiş xüsusi marşrutlarda — məsələn, hava limanı–şəhər mərkəzi, metro stansiyası–universitet şəhərciyi və ya bulvar ərazisində tətbiqi daha məqsədəuyğundur”.
Adil Nəbiyev vurğulayıb ki, adi naviqasiya xəritələri sürücüsüz nəqliyyat üçün kifayət etmir:
“Nəqliyyat vasitəsi santimetr dəqiqliyində olan rəqəmsal xəritəyə ehtiyac duyur. Yol təşkilindəki hər bir dəyişiklik anında rəqəmsal sistemə işlənməlidir.
Avtobus yalnız kamera ilə işıqforun rəngini görməməli, rəqəmsal siqnalla işıqforun nə vaxt dəyişəcəyi barədə məlumat almalıdır. Şəbəkə vasitəsilə avtomobil qarşıdakı qəza, təmir və ya təcili yardım avtomobili barədə əvvəlcədən xəbərdar edilməlidir”.
Ekspert sürücüsüz nəqliyyatın təkərlər üzərində hərəkət edən kompüter olduğunu xatırladaraq kibertəhlükəsizlik və nəzarət mexanizmlərinə xüsusi diqqət çəkib:
"GPS siqnalının saxtalaşdırılması və ya sistemə zərərli kod yerləşdirilməsi sərnişinlərin həyatına təhlükədir. Proqram təminatı sertifikatlaşdırılmalı, kibertəhlükəsizlik auditləri keçirilməlidir.
Bundan əlavə, vahid Monitorinq və Məsafədən İdarəetmə Mərkəzi qurulmalıdır. Sürücünün salon daxilində olmaması insan nəzarətinin ləğvi demək deyil. Polis əməkdaşı əl işarəsi verdikdə və ya gözlənilməz maneə yarandıqda distant operator dərhal prosesə müdaxilə edə bilməlidir”.
Qatarların avtonomlaşdırılması prosesinə toxunan Adil Nəbiyev bildirib ki, relsli nəqliyyatda bu sistemi tətbiq etmək nisbətən daha asandır:
"Qatarlar müəyyən olunmuş rels xətti ilə hərəkət etdiyi üçün risklər daha azdır. Lakin metro stansiyalarında platforma ilə rels xətti arasında avtomatik qoruyucu qapıların quraşdırılması mütləqdir. Bu qapılar yalnız qatar tam dayandıqdan sonra açılmalı, sərnişinlərin və ya kənar əşyaların relsə düşməsinin qarşısını almalıdır”.
Ekspert sözlərini yekunlaşdıraraq bildirib ki, Azərbaycanda avtonom nəqliyyat sisteminə tələsmədən, pilot layihələr, hərtərəfli sınaqlar və yüksək yol mədəniyyətinin formalaşdırılması fonunda mərhələli şəkildə keçilməlidir.
Çimnaz Telmanqızı
00:16 / 04 Oktyabr 2026
71
23:56 / 03 Oktyabr 2026
62
23:26 / 03 Oktyabr 2026
66
22:53 / 03 Oktyabr 2026
71
22:48 / 03 Oktyabr 2026
69
22:41 / 03 Oktyabr 2026
80
22:29 / 03 Oktyabr 2026
74
22:13 / 03 Oktyabr 2026
132
22:08 / 03 Oktyabr 2026
90
21:24 / 03 Oktyabr 2026
79
21:09 / 03 Oktyabr 2026
95
20:57 / 03 Oktyabr 2026
117
20:51 / 03 Oktyabr 2026
93
20:38 / 03 Oktyabr 2026
96
20:27 / 03 Oktyabr 2026
534
20:14 / 03 Oktyabr 2026
96
20:03 / 03 Oktyabr 2026
406
19:52 / 03 Oktyabr 2026
538
19:51 / 03 Oktyabr 2026
118
19:46 / 03 Oktyabr 2026
76
19:34 / 03 Oktyabr 2026
78
19:34 / 03 Oktyabr 2026
79
19:25 / 03 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.