Qaynar xətt:

(+99450) 247 90 86

Kredit borcu olanlara XƏBƏRDARLIQ: Kütləvi güzəşt gözlənilmir — AÇIQLAMA

Kredit borcu olanlara XƏBƏRDARLIQ: Kütləvi güzəşt gözlənilmir — AÇIQLAMA

CƏMİYYƏT

118

25.06.2026, 17:33

Son dövrlərdə qlobal və regional iqtisadi dalğalanmalar fonunda borc öhdəliklərinin yerinə yetirilməsi məsələsi yenidən aktuallıq qazanıb. Bu kontekstdə borcalanların maliyyə yükünü yüngülləşdirmək məqsədilə irəli sürülən "kredit tətili" mexanizmi ətrafında müzakirələr intensivləşib.

Sözügedən sistemin effektivliyi və onun hansı hədəf kütləsinə şamil edilməsinin daha doğru olması ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Oxu24.com-a açıqlamalar verib.

Ekspert ölkənin bank-maliyyə sektorundakı mövcud mənzərəni, kütləvi kredit tətilinin hansı hallarda mümkün ola biləcəyini və vətəndaşların fərdi problemlərinin həlli yollarını ətraflı təhlil edib.

İqtisadçı Xalid Kərimli bildirib ki, hazırda ölkədə ümumi maliyyə sabitliyi hökm sürür. Xüsusilə bankların rüblük maliyyə göstəriciləri bu sektorun ən dinamik inkişaf edən sahələrdən biri olduğunu sübut edir. Bank sektorunda illik ortalama artım templəri 15-20% arasında dəyişir.

Ekspertin sözlərinə görə, bu artımda iqtisadiyyatın şəffaflaşması, rəqəmsallaşma, onlayn ödənişlərin və elektron ticarətin genişlənməsi mühüm rol oynayır. Hazırda maliyyə sektorunun artım tempi digər sahələri kəskin üstələyir, həm kapitalın, həm də aktivlərin gəlirliliyi ən yüksek səviyyələrdədir.

Maliyyə sisteminin sağlamlığına toxunan ekspert qeyd edib ki, bankların portfelində qeyri-işlək (vaxtı keçmiş) kreditlərin xüsusi çəkisi cəmi 2.8 - 3% arasındadır. Bu isə olduqca yaxşı və uğurlu bir göstəricidir:

“Hazırda ölkədə kredit götürən şəxslərin borcları qaytarması ilə bağlı kütləvi və ciddi bir problem yaşanmır. İstehlakçıların kredit yükündən kütləvi şəkildə əziyyət çəkməsi mənzərəsi mövcud deyil. Mərkəzi Bankın bu sahədə apardığı siyasət kifayət qədər mühafizəkar və qonşu ölkələrlə müqayisədə məhdudlaşdırıcıdır. Bu səbəbdən, kreditlərin geri ödənilməməsinin ölkə iqtisadiyyatına gətirə biləcəyi risklər faktiki olaraq yox səviyyəsindədir”.

Xalid Kərimli vurğulayıb ki, hamını əhatə edən kütləvi kredit tətilləri yalnız müstəsna və fors-major hallarda tətbiq oluna bilər. Bunun üçün ölkədə ciddi iqtisadi kataklizmlər baş verməli və ya zəlzələ kimi əhalinin ümumi ödəniş qabiliyyətini dərhal aşağı salan böyük təbii fəlakətlər yaranmalıdır. Belə hallarda Mərkəzi Bank və dövlət birgə qərarla kredit tətili tətbiq edə bilər.

Lakin indiki sabit iqtisadi şəraitdə bütün parametrlər kütləvi güzəştin əleyhinədir və vətəndaşlar öz kredit öhdəliklərini vaxtında icra etməlidirlər.

Kütləvi kredit tətili üçün əsas olmasa da, fərdi qaydada problemlərlə üzləşən vətəndaşlar üçün çıxış yolları mövcuddur. Ekspert bildirir ki, borcalanın ödənişində problem yaranarsa, o, ilk növbədə borc götürdüyü banka müraciət etməlidir:

"Bank vətəndaşın arqumentlərini, gəlirlərinin kəskin azalmasını və maliyyə vəziyyətinin pisləşməsini nəzərə alaraq, ona fərdi kredit tətili, restrukturizasiya, ödəniş qrafikinin dəyişdirilməsi və ya müəyyən güzəşt dövrünün (möhlətin) verilməsi kimi həll yolları təklif edə bilər”.

Maliyyə sektoru bir qrup vətəndaşdan pul cəlb edərək digərlərinə kredit verən vasitəçi qurumdur. Bank verdiyi borcları toplaya bilməsə, özü də depozit sahiblərinə olan borclarını ödəyə bilməz. Bu səbəbdən, risklərin idarə olunması və fərdi güzəştlərin edilməsi birbaşa bankların öz idarə heyətinin və müvafiq strukturlarının səlahiyyətindədir. Real çətinliyi olan vətəndaşların müraciət edəcəyi əsas ünvan məhz müştərisi olduqları maliyyə qurumudur.

Çimnaz Telmanqızı