Qaynar xətt:

(+99450) 247 90 86

DEPUTAT: “Azərbaycan Ordusu suverenliyimizin və tarixi Zəfərimizin etibarlı təminatçısıdır"  

DEPUTAT: “Azərbaycan Ordusu suverenliyimizin və tarixi Zəfərimizin etibarlı təminatçısıdır\"  

CƏMİYYƏT

79

25.06.2026, 19:07

Azərbaycan xalqı hər il 26 iyun tarixini böyük qürur və təntənə ilə — Silahlı Qüvvələr Günü kimi qeyd edir. Bu əlamətdar tarix təkcə bir təqvim günü deyil, həm də Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunun, xalqımızın milli təhlükəsizliyinin təmin edilməsində göstərdiyi misilsiz xidmətlərin və Vətənə sədaqət nümunəsinin təntənəsidir.

Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a özəl açıqlamasında Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı və rəşadətli ordumuzu təbrik edib, Azərbaycan Silahlı Qüvvələrinin formalaşması tarixi və keçdiyi böyük inkişaf yolu barədə mühüm məqamlara toxunub.

Deputat Zaur Şükürov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin müasir və qüdrətli bir sərkərdə ordusuna çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır:

“Ulu Öndərin hələ 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə milli hərbi kadrların hazırlanması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmağa başlandı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu uzaqgörən siyasətin ən bariz nümunəsidir. Bu gün qürurla qeyd edə bilərik ki, müasir Azərbaycan Ordusunun təməlində Heydər Əliyevin uzaqgörən siyasəti və dövlətçilik düşüncəsi dayanır”.

Müstəqilliyimizin ilk illərində ölkəmizin ciddi təhlükələrlə, Ermənistanın hərbi təcavüzü və daxili xaosla üzləşdiyini xatırladan deputat, dövlət idarəçiliyindəki səriştəsizliyin orduya da mənfi təsir etdiyini bildirib. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi təmin edərək, vahid komandanlığa əsaslanan nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də imzalanan atəşkəs sazişindən sonra isə ordunun maddi-texniki bazası gücləndirildi, şəxsi heyətin döyüş ruhu yüksəldildi.

Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün — 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.

Zaur Şükürov vurğulayıb ki, bu gün Ümummilli Liderin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla və yeni keyfiyyət mərhələsində davam etdirilir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi büdcə dəfələrlə artırılmış, ordumuz dünyanın ən müasir silah və texnikası ilə təchiz olunmuşdur. Yerli hərbi sənaye potensialı gücləndirilmiş, peşəkar kadr hazırlığı və beynəlxalq hərbi əməkdaşlıq genişləndirilmişdir.

Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü və hazırlıqlı orduları sırasında layiqli yerini tutmuşdur”.

Deputat ordumuzun qüdrətinin 2020-ci il Vətən müharibəsində bütün dünyaya sübut olunduğunu diqqətə çatdırıb:

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və sərkərdəlik məharəti sayəsində rəşadətli ordumuz tarixi Zəfərə imza ataraq otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu tarixi Qələbədə şəhidlərimizin misilsiz qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalq-ordu birliyi həlledici rol oynadı”.

Zaur Şükürov həmçinin əlavə edib ki, ordumuzun gücü Vətən müharibəsindən sonra da öz sözünü dedi. 2023-cü ilin sentyabrında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşu və dövlət suverenliyi tam şəkildə təmin olundu, üçrəngli bayrağımız Xankəndidə, Şuşada və digər bütün tarixi torpaqlarımızda qürurla dalğalandı.

Açıqlamasının sonunda Milli Məclisin deputatı Zaur Şükürov bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri müstəqil dövlətimizin təhlükəsizliyinin və xalqımızın dinc həyatının ayıq-sayıq keşiyində dayanır. Orduda aparılan ardıcıl islahatlar, hərbi qulluqçulara göstərilən yüksək dövlət qayğısı və gənc nəslin vətənpərvərlik ruhu Azərbaycan Ordusunun gələcəkdə daha da qüdrətli olacağına tam zəmin yaradır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimiz bundan sonra da yeni-yeni uğurlara və daha böyük zəfərlərə imza atacaqdır.

Çimnaz Telmanqızı