Qaynar xətt:

(+99450) 247 90 86

 Bakının daha bir küçəsində YENİLİK 

 Bakının daha bir küçəsində YENİLİK 

CƏMİYYƏT

71

14.05.2026, 17:55

Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihənin əsas hissəsi yekunlaşıb.

 Oxu24.com bu barədə Manset.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icra edilən layihənin məqsədi yol hərəkətinin təhlükəsizliyini artırmaq, nəqliyyat axınının fasiləsizliyini təmin etmək və şəhər mobilliyini daha səmərəli təşkil etməkdir.

Layihə çərçivəsində aşağıdakı dəyişikliklər həyata keçirilib:

- Sola dönən nəqliyyat vasitələri üçün hər iki istiqamətdə axından ayrılmış xüsusi zolaqlar yaradılıb. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılır, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə bilir.

- Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, nizamlanmayan hərəkət ləğv edilib. Nəqliyyat vasitələrinin və piyadaların növbəli və təhlükəsiz hərəkətini təmin etmək üçün bu kəsişmədə yeni işıqforlar quraşdırılıb.

- Piyadaların təhlükəsizliyi üçün nizamlanan piyada keçidləri təşkil olunub, əlilliyi olan şəxslərin rahat hərəkəti üçün panduslar inşa edilib.

Layihəyə əsasən, Tbilisi prospektində Ə.Salamzadə küçəsi ilə kəsişmə istiqamətində avtobus zolağı təşkil olunub.

Bu layihənin icrası nəticəsində:

- qeyd edilən yol sahəsində buraxıcılıq qabiliyyəti artırılıb;

- ictimai nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib;

- piyadaların təhlükəsizliyi yaxşılaşdırılıb;

- əlçatanlıq yüksəlib

Qeyd edək ki, layihənin yekunlaşdırılması istiqamətində işlər (yol nişanlarının quraşdırılması, səkilərin və pandusların təşkili) davam etdirilir.