Qaynar xətt:

(+99450) 247 90 86

Qızılın fantastik yüksəlişi nə qədər davam edəcək?

news/2026_02_10/qizil_1770741293.jpg

CƏMİYYƏT

74

10.02.2026, 20:34

Son vaxtlar qızılın qiyməti əhəmiyyətli dərəcədə bahalaşaraq investorların diqqətini çəkib. Ötən ayın sonunda bir unsiya qızılın qiyməti 5 000 ABŞ dollarını keçib və bazarda qeydə alınmış rekord səviyyələr müəyyən olunub. Bu göstəricilər qlobal bazarlarda qiymətli metallara tələbin artdığını və riskli aktivlərdən “təhlükəsiz liman” rolunu oynayan qızıla sığınan investorların çoxaldığını göstərir.

Bəzi bazar analitikləri isə gələcəkdə bu trendin davam edərək qızılın daha yüksək səviyyələrə, hətta bəzi proqnozlara görə 6000 – 8000 dollar/unsiya ətrafına yüksələ biləcəyini istisna etmirlər. Qlobal iqtisadi gözləntilər və bazar proqnozları qızılın qiymətinin yüksək qalmağa davam edəcəyini, hətta onilliyin sonuna qədər daha da arta biləcəyini deməyə əsas verir.

 Oxu24.com məsələ ilə bağlı News24.az-a danışan “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov bildirib ki, son günlər qlobal bazarlarda qızıl yenidən psixoloji hədd sayılan 5 000 ABŞ dolları səviyyəsi ətrafında möhkəmlənib:

"Son enişdən sonra spot gümüşün də unsiya üzrə 80 ABŞ dolları səviyyəsinə yaxınlaşması müşahidə olunub. Ümumi mənzərə onu göstərir ki, qiymətlər yüksəldikcə bazarda həm maraq artır, həm də volatillik (kəskin dalğalanma) dərinləşir. Qızılın artım tempini əsasən, dolların zəifləməsi, faiz dərəcələri ilə bağlı gözləntilər və “qoruyucu aktivlərə yönəlmə” tələbinin yenidən güclənməsini şərtləndirir. Dolların ucuzlaşması qızılı digər valyutalarda alanlar üçün daha əlçatan edir. Eyni zamanda bazarlar 2026-cı ildə faizlərin müəyyən dövrdə mərhələli şəkildə azaldılması ehtimalını qiymətlərə daxil etməyə başlayıb".

İqtisadçı hesab edir ki, faizlərin enməsi qızıl kimi gəlir gətirməyən aktivlər üçün adətən daha əlverişli fon yaradır. Bununla yanaşı, Çinin mərkəzi bankının, eləcə də digər mərkəzi bankların qızıl alışlarını ardıcıl olaraq bir ildən artıq müddətdə davam etdirməsi də qiymətlər üçün əlavə dayaq amili kimi qiymətləndirilir:

"Eyni zamanda mərkəzi bankların tələbi qızılın dinamikasına mühüm təsir göstərir, lakin bu tələbin il ərzində dəyişkən olması mümkündür; alışların azalması qiymətlər üzərində əlavə təzyiq yarada bilər.

Mövcud yüksəlişin qısamüddətli geriçəkilmələrlə əvəzlənməsi riski də nəzərə alınmalıdır. Belə risk mövcuddur və qiymət dinamikası bunu son dövrdə artıq nümayiş etdirib. Kəskin geriçəkilmələr, adətən, qiymət artımı fonunda mövqelərin həddən artıq yığılması və daha sonra sürətlə bağlanması ilə bağlı olur. Bu halda eniş təkcə fundamental amillərin dəyişməsi ilə deyil, həm də likvidlik və ticarət şərtlərindəki dəyişikliklər səbəbindən sürətlənə bilər".

Əmircanov qeyd edib ki, mövcud dalğalanmaların avtomatik olaraq uzunmüddətli, dərin eniş demək olmadığını bildirən yanaşmalar da kifayət qədərdir:

"Növbəti aylarda vəziyyət daha çox iqtisadi xəbərlərin axınından, eyni zamanda geosiyasi proseslərdəki dəyişikliklərdən asılı olacaq. Xüsusilə ABŞ-dan açıqlanan göstəricilər bazarın faiz gözləntilərinə və dolların hərəkətinə təsir etdiyindən, qızılın qiymət trayektoriyası bu xəbərlərə həssas qala bilər. Əgər ABŞ göstəriciləri güclənərsə və dollarla yanaşı real faizlər də yüksələrsə, investorların əldə etdikləri qazancı reallaşdıraraq mövqelərini azaltması və qiymətdə qısamüddətli düzəliş ehtimalı arta bilər. Bazarın həssas görünməsinin səbəblərindən biri də odur ki, qızıl artıq çox sürətlə bahalaşıb: 2026-cı il üçün bəzi proqnozlarda 5 500 ABŞ dollarından yuxarı səviyyələr də səsləndirilsə də, cari qiymətlər zaman-zaman bu gözləntilərdən də yuxarı hərəkət edə bilir".

Onun sözlərinə görə, gümüş bazarı isə adətən daha “kəskin” reaksiya verir:

"Həm sürətli yüksəlişə, həm də sərt enişə daha meyllidir. Gümüş çox zaman qızılla müqayisədə bazar risklərinə daha həssas aktiv kimi qiymətləndirilir; riskə meyillilik yüksək olduqda gümüşün qızılı üstələməsi mümkündür. Bu, gümüşün ikili xarakteri ilə də izah olunur: o, həm qiymətli metal, həm də sənaye metaldır. Buna görə bazarda gərginlik artanda spekulyativ mövqelər daha tez bağlana, riskə meyillilik güclənəndə isə gümüş daha sürətli yüksələ bilər.

Ümumilikdə, hər iki metal üzrə maraq yüksək olaraq qalır, lakin gümüşdə qiymət dalğalanmalarının daha sərt olması ehtimalı yüksəkdir. Başqa sözlə, gümüşün qiyməti qızılla müqayisədə daha yüksək dəyişkənlik nümayiş etdirə, həm yüksəliş, həm də eniş fazalarında kəskin hərəkət edə bilər. Nəticə etibarilə, qızılın son artımı tək bir səbəbdən deyil, dollar və faiz gözləntiləri, qlobal qeyri-müəyyənlik və mərkəzi bank tələbi kimi amillərin eyni vaxtda təsir göstərməsindən qaynaqlanır. Eyni zamanda, qiymətlər sürətlə yüksəldiyi üçün xəbərlər və bazar şərtləri dəyişən kimi qısamüddətli sərt enişlər yenidən təkrarlana bilər. Gümüş isə qızılın yanında bazarın ümumi əhvalını daha tez əks etdirən metal kimi çıxış edir: bazarda qeyri-müəyyənlik artdıqda daha tez geriləyə, bazarda nisbi sabitlik və canlanma gücləndikdə isə daha sürətli bahalaşa bilər", - deyə İqtisadçı qeyd edib.