Qaynar xətt:

(+99450) 247 90 86

İsrafil Şahverdiyevin Milli Qəhrəmanlığa gedən ÖMÜR YOLU   —   ANIM GÜNÜDÜR 

news/2026_01_13/whatsapp_image_2026_01_13_at_132949_1768301598.jpeg

CƏMİYYƏT

272

13.01.2026, 15:04

Bu gün  Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım günüdür.

Oxu24.com -a Şahverdiyevlə bağlı Milli Qəhrəmanın Laçın Polis alayında döyüş yoldaşı olmuş, onu yaxından tanıyan və xatirəsini hər zaman əziz tutan keçmiş polis işçisi Rauf Qəmbərov danışıb:  

“Mən 1990- cı ildə Laçın Polisinə qəbul olunanda  İsrafil  orda çoxdan işləyirdi. 1975-ci ildən... Tək şöbədə yox, rayonda böyük hörməti, nüfuzu vardı. Həmin vaxt əsgərlikdən gələn kimi işə girmişdim , çünki erməni yaraqlıları dəstə halında, quldur kimi,  azərbaycanlılar yaşayan kəndlərə girir, yollarını kəsir dinc əhaliyə işgəncə verir, öldürür, qalanlarını qorxudurdu. Bax belə bir ortamda İsrafili tanımışam. Onun quldurlara qarşı  dözümsüzlüyünü, cəsur addımlarını, qorxmazlığını görmüşəm.

 Yaşda da,  təcrübədə də, bizdən böyük idi.  Əməliyyatlar zamanı o qədər çevik, cəld hərəkət edirdi ki,  o vaxt gənc polislər “pişik kimi qayaya çıxır,  dərəni keçir” deyib heyrət edirdilər. Baxmazdı ki,  ermənilər namərddir, hər dəqiqə  onu güllə ilə arxadan vurar,  olayın bir başa içərisinə girirdi, problem olan kəndin ortasından  əməliyyata başlayardı. Hocaz dağı uğrunda gedən döyüşlərdə bir səngərdə döyüş yolumuz olub, orda şahid oldum ki, bu adam “ölüm qorxusu” nədir,  bilmir.

    İlk gündən hər kəs onun kimi olmağa çalışırdı:”pişik kimi cəld, şir kimi ürəkli, qurd kimi cəsur”.  Bax elə belə də deyirdik, biz gənclər.  Harda ermənilər tərəfdən bir qanun  pozuntusu  olsa, ilk özünü ora çatdıran İsrafil olardı. 1990-ci ildə  alayda fəaliyyət göstərən 20 - 21 yaşlı  gənclərə örnək idi. Mənə də nümunə idi.  

 İsrafilin ən çox bəyəndiyimiz  xarakterlərindən biri də  “uşaqlara” yəni,  yenicə polisə işə girmiş gənc polislərə yuxardan aşağı baxmaması idi. Sadəlik vardı içində və bu sadəliyinə görə hər kəs onunla rahat danışa, problemini paylaşa bilirdi.   O vaxtlar Şuşa Laçın arasında Qaladərsəsi kəndi var idi. Əhalisi də ermənilərdən ibarət,amma əsasən orada ermıni quldur dəstələr yerləşmişdilər. O yol üçün təhlükə idi. İnanırsınız,  İsrafil  o yolu təkbaşına nəzarətdə saxlayırdı. Onun belə qorxmaz hərəkətlərinə həmişə reaksiya verirdik, deyirdik ki, o yol təhlükəlidir, oradan erməni də, rus da keçir , ehtiyatlı ol, sözümüzü gülümsəyərək cavab vermirdi. Bilirdi ki, ona yol göstərmirik, sadəcə ürəyimiz yanırdı deyə  biixtiyar  fikrimizi deyirdik. O günləri xatırlayıram və anlayıram ki, Şəhidlik onun  əvvəldən elə bil alnına yazılmışdı.

Əvvəldən axıra kimi bütün kiçik və böyük döyüşlərin mərkəzində olan bu igid, bir an belə geri addım atdığı olmadı.Zabux postuna ermənilər hücüm edəndə ilk bizə (posta olanlara) özünü köməyə çatdıranlardan birincisi də elə İsrafil  olmuşdu. Çox xatirələr var İsrafildən, eləcədə Laçın polisinin 90- cı illərdə döyüşən igidlərindən.Laçın Polisinin böyük döyüş yolu olub. Laçın, Hocaz dağ, Şuşa, Daşaltı, Qubadlı, Füzuli, Kəlbəcər ərazilərində onlarla döyüşlərin iştirakçıları olublar, bizim uşaqlar.Və bütün bu döyüşlərdə İsrafilin öz döyüş yolu və sücayəti olub. Laçın Polisinin bütün şəhidlərinin ruhu qarşısında ehtiramla baş əyirəm. Məkanın cənnət olsun  İsrafil Komandir!”

 Xatırladaq ki, İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil alıb. Onu da bildirməyi özümüzə borc bilirik ki, Unannovu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənddir. Dağətəyi ərazidə yerləşən bu təbiət gözəli kəndi bağirbəyli nəslinə mənsub ailələr Unannovu adlı bulağın yaxınlığında saldiğına görə belə adlanıb. 1933-cü ildə oykonim Unanevi variantında qeydə alınıb. Oykonimi bəzi tədqiqatçilar Unan (şəxs adı) və novu komponentlərinə ayıraraq "Unanın novlu bulağı" kimi izah edirlər.

Qəhrəmanın döyüş yolu

 

1971-1974-cü illərdə hərbi xidmətdə olub. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur polis işçisi kimi ilk günlərdən vətənin müdafiəsinə qalxıb. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirib.

Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun böyük rolu olub. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlanıb. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkiliblər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olub. Onlarla erməni işğalçını məhv edib.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girib. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilib. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olub. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçib və qarşı tərəfdən atılan güllə onun həyatına son qoyub.

Qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsində  misilsiz xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Milli Qəhrəman Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Yeri gəlmişkən, ötən ilin aprelində, "Nissan Pathfinder" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində sürücü, 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyevanın həlak olduğu xəbəri bizi sarsıtdı. İsrafil Şahverdiyevin oğlu Anar Şahverdiyev mediaya açıqlamasında bildirdi ki, əmisi Rəsulun qızı  İlahə Şahverdiyeva hərbçi idi və hərbi hissələrin birində gizir kimi xidmət göstərirdi.

 Bu hadisə təsdiq etdi ki, bu nəslin qadınları da kişiləri qorxmaz, cəsur və qəhrəmandırlar. 

Allah bütün şəhidlərimizin məkanını cənnət etsin!Biz onlara bocluyuq!

 Hazırladı: Əntiqə Rəşid