Qaynar xətt:

(+99450) 247 90 86

Xalidə Hicranın sirli dünyası :  “Hikmət xəzinəsi” nin hikmətlərindən

news/2025_09_16/xalide_hicran_1758020645.jpg

CƏMİYYƏT

1197

16.09.2025, 14:59

Onun sirli dünyasında nələr yoxdur... Sakit, səssiz, fırçalı, qələmli, boyalı dünyasında...Bu dünyanın lirizmi, poetizmi, hikmət dolu xəzinəsi və rəsm əsərləri...Ətir qoxuyan əsrarəngiz söz və fırça gözəlliyi...

 Elə bu üç dünya barədə söz açacam...

 Qələmindən süzülən boyalı misralar, fırçasında boy atan rəngli dünya ilə elə bir harmonya yaradır ki, ordan baxanda hər şey musiqi rəngində görünür. Sanki orada dünyanın əvəzedilməz mənzərəsi, sirli baxışı tamam başqadır.  Orada həyatın rəngi, gülüşü, nəfəsi də  başqadır... O rənglərdə həyatın ağ və qara dilimləri  gülüşün acı və şirin qəh-qəhələrində nəfəsini çəkmədən inildəyir... Nədir bu iniltilər? Sevgi qədərimi, taleyin acılarımı, haqsızlıq deyilən barışmazlıqmı, yoxsa başına min bir oyunlar gətirilən bir ölkənin vətəndaşı olmaqmı? Bəlkə də hamısı... 

Öncə  sevgi dünyasına baş vuraq... 

O da başqaları kimi dünyaya göz açıb. Başqaları kimi sevdiyi sənətə sahiblənib. Sevdiyi ilə ailə qurub. Gözəl övladları olub... Allahın ona bəxş etdiyi istedad, fəhm deyilən altıncı hissin mükafatına layiq görülüb. Və qələmi ilə şeir dünyasını, fırçası ilə rəsm dünyasını gözəlliklərə qərq edib. Elə bu gözəlliklər içərisində xoşbəxt sənətkar taleyi yaşayıb. Sevə-sevə əlinə aldığı qələmi, fırçanı sevgi dünyasının  aliliyində taleyinin açarı, bəxtinin taxtı edib. Dəlicəsinə sevdiyi Hicranı ilə birlikdə...Lakin Hicranı ona vəfasız çıxıb. Dünyanı bəzəyən heykəltaraşlıq sənəti ilə məşhurlaşdığı bir vaxtda dəli sevgisinə əlvida deyib, öz dünyasına qovuşub. Bu cismi ayrılıq Xalidəsini divanə edir. Onun ayrılığına dözə bilməyən Xalidə xanım,  sevimli Hicran adını özünə  ləqəb seçir. Özüylə birgə yaşadır. Çünki onun vəfasız ölümünə inanmaq istəmir...

Qaranlıqda əlimdə şam,

Axtarmaqdan yorulmuşam.

Sənli günə həsrət qaldım,

Deyəsən, unudulmuşam.

 

    Xalidə xanım həyat yoldaşı ilə birlikdə uzun müddət xaricdə yaşayıb. Yaşadığı müddətdə onlar çox böyük sənət əsərləri yaradıblar. Hicran Seyidovun bir heykəltaraş kimi yaratdığı 20 metr hündürlükdə heykəlləri Ərəbistanın ən gözəl yerlərində yaradılmaqla turistlərin və yerli əhalinin marağına səbəb olub. Yaratdığı rəsm əsərlərinin, karikaturalarının, rəngkarlıq işlərnin Yaponiyada, Meksikada, Sinqapurda, Amerikada dəfələrlə sərgisi keçirilib. Onu da qeyd edim ki, bu sərgilərdə Xalidə xanımın da rəsm sərələri yer alıb və çox sevilib. Bir sözlə Hicran Seyidov rəssam-heykəltaraş kimi çoxlu hörmət və sevgi qazanıb. Ruhu  şad olsun. 

     

Hər iki cütlüyün yaratdığı sənət əsərlərindən biri dünyada ən böyük sayılan “Qobalen” əsəridir. Bu kətan üzərində xalça formasında hazırlanmış böyük zəhmət tələb edən on il müddətinə başa gələn əsərdir. Əsərin adı “Mənim Azərbaycanım” dır. Əsərin ölçüsü 10m-15m dir, çəkisi isə 600 kq-dan ağırdır. Dədə Qorquddan tutmuş Səməd Vurğuna qədər 33  klassik ədiblərimizin rəsmləri yer alıb bu əsərdə.

Qobalendə ədəbi irsimizin əbədiliyi xüsusi olaraq nəzərə çarpır. Xarici ölkədən bizim ölkəyə çox çətinliklə gətrilən əsəri Sumqayıt şəhəri Kimyaçılar zavodu alır. Ölkə Prezidentimiz İlham Əliyev cənabları da həmin əsəri ziyarət edib və xoş sözlərini söyləyib. Hal-hazırda həmin xalça zavodda qorunub saxlanılır. Təkcə  prezidentmizin deyil, eləcə də turistlərin marağına səbəb olan bu əsər tez-tez ziyarət olunur. 

Əslində qəriblikdə yaşayan cütlük öz sevgilərini Vətən sevgisiylə birləşdirməklə, sevginin böyüklüyünü, əzəmətini yaradıblar bu möhtəşəm əsərdə.    

Çox keçmir ki, Xalidə xanım mərhum yoldaşı Hicran Seyidovun rəssam yaradıcılığını əks etdirən nəfis şəkildə kitab hazırlayır. Bu, onun şəxsiyyətinə, sənətinə böyük hörmət əlaməti olaraq yarımçıq qalmış arzularının davamı və xatirəsi kimi həyata keçirilir. Bəli, Xalidə xanım sənətinə və sevgisinə sadiqliyini yaşaya-yaşaya beləcə ömür sürür. Sədaqətilə, etibarıyla...

Sən dön mənə, doyunca

O gözlərə bir baxım.

Barmağına üzük yox,

Qəlbinə nişan taxım.

***

Ürəyində Hicran adlı yükünü şeirlərində dilə gətirən şair:

Sən yoxkən bir ömrü sənlə bir yaşayıram,

Hicranın hicranını, özümlə daşıyıram.

-deməklə onun ağır yükünü çiyinlərində fədakarıla daşıyır.  Dəlicəsinə sevdiyin bir insanı itirmək qadın üçün nə qədər ağır olduğunu duymaq çox da çətin deyil. Və bu ağrıları misra-misra ağlayan, söz-söz dilə gətirən Xalidə xanım şeirlərində bülbül kimi fəğana dönür. Çəkinmədən deyərdim ki, mən Xalidə xanımın simasında zəmanəmizin Leylisini, Nigarını, Həcərini, Əslisini yenidən kəşf etmişəm. Onun obraz kimi deyil, həqiqi olduğunu təqdim edirəm. Bunu özü də misralarında  Hicranın hicranına bürünüb ahu-zar etməklə təsdiq edir:

Əsli, Leylilərin də

Bilərsən doğrusunu.

Xalidənin yanında

Bir yalan olduğunu.

***

Səninlə olardı  gecəm-gündüzüm,

Gecəyə dönübdür neçə səhərim.

İndi bilmirəm ki, vaxt, zaman nədir,

Səhərlər gecəmdir, gecə səhərim.

Xalidə xanımı oxuduqca sevgiyə, eşqə inamın artır və bu dünyanı unudaraq, sevdiyin bir aləmə, gənclik illərinə, sevginin bakirə hisslərinə dönürsən. Bir anlıq o illərin acısını, şirinliyini badə kimi başına qaldırırsan. Bu hislərdə nə qədər təmizlik, saflıq olduğunu bir anda duyursan.  Qəribə orasıdır ki, Xalidə xanım bu sevgini uşaq anadan necə doğulubsa bax, onu elə körpə, məsum saxlayır.

 Onun sevgisində bir süjet xətti var, Hicranına hicran dərdi, həsrətinə qovuşmaq arzusu... 

Leylinin kasıb daxmanın müşənbə işığında sevgi dərdlərinin saralmış səhifələrini vərəqlədiyi kimi Xalidə Hicran da dəli sevgisinin həsrətini gözlərinin çəkdiyi yollarda vərəqləyir. Hər varağında qəm dolu ömrünü şam kimi əridir. 

Kim deyir bəla deyil? -Eşq üzücü bir bəla, 

Sevdaya düşən könlüm bəla oldu başıma.  

Leylini xəstə etdi, Məcnun düşdü səhraya,

Eşq dəryasına düşdüm, hicran çıxdı qarşıma.

Burda dahi Füzulimizin bir beyti yadıma düşür:

Mən də Məcnundan  füzun aşiqlik istedadı var,

Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.

  Leyli-Məcnun obrazlılığı sevgi-məhəbbət ladının şirinliyi duyulur hər misrada. Hər kəs elə bilir ki, onun kimi heç kəs sevə bilməz. Əslində hər kəsin öz sevgisi elə Leyli- Məcnun qədərdir. Bunu sevən aşiqlərin əməlində görə bilirsən. Sevmək o deyil ki, Məcnun kimi səhraya  düşəsən. Sevmək sadiq olmaq, etibarını itirməmək, o sevgini olduğu kimi yaşatmaqdır. Elə Xalidə xanım kimi...

Xalidə Hicran bu sevda əzablarını Allahın bir yazısı, qisməti bilib, özüylə üsyan etmir. Taleyi ilə barışsa da, içindəki sınıqlıq, qəlb ağrıları bir yük kimi çiyinlərindən asılan şair, özü dünyasında  onun yaşadıqlarını yaşatmağa üstünlük verir. Sanki,  şeirlərində, rəsm əsərlərində aşiqliyin etbiar, inam mizanını qurur.  Bu əsl aşiqliyin, əsl sevginin təzahürüdür ki, onu hər qadın bu qədər təmiz yaşayıb, qəlbində sevgisinə abidə qura bilməz. Elə bir abidə ki, dağılmaz, silinməz...

Şair üçün sevgi həyatın mənası, qəlbinin özəlliyidir. Bu özəlliklərdən ilham alan şair eşqinin müqəddəsliyini qələminin mürəkkəbi edir. Eşqinin qanına boyanan qələm  ürəyinin titrəyişindən vəcdə  gələrək  onu sevginin çalarlarında rəngləyir,  qəlbinin aynasında saflaşdırır. Belə bir misal var:- Gözəl görən gözəl düşünür, gözəl düşünən həyatdan zövq alır.  Məhz rəssam gözləriylə, şair duyğularıyla həyati gözəllikləri dərindən duyaraq gözəl düşünən  poeziyanın bəsirət gözlü şairi Xalidə xanım acı hisslərimizə sığal çəkir:

Tale bəd əlini çəkmədi nədən?

Sevdalı yaşadı bu cansız bədən.

Yardı ürəyimi sənsizlik dərdi, 

Gözlərim göməyir nə göyü, yeri,

Yaralı ürəklə dönürəm geri.

 Unudlumaz sevginin, unudulmaz anlarını hər an xəyallarında canlandıran şair, təkcə xəyal aləmində özünə yuva qurmur. Özünü orda rahat hiss etsə də, söz və  fırça dünyasıda özünü tapmağa çalışır. Və tapdıqca da ilahi eşqin ilahi nemətinə şükranlıq edib onu yaşatmağa çalışır.  Bağrını deşən eşqin girdabında hər an bulunan, gözlərinin qarasını əridib ağıyla bu eşqin yollarına gözünü dikən harayını, hər an eşitmək olur. Onun həmdəmi gecələr Ay-ulduzlar, gündüz isə yalnız xəyalları və fırçalı sözü. Bu xəyalların içərisində öz sevgisini tapan, onunla dərdləşən və həsrətinin alovunu yalnız bu gileylərdə unutmağa çalışan  Xalidə xanım qəlbinin sakitləşməsi üçün yuxularına yan alır, ayrılıq yollarında bir haraya dönür:

Yanardı bağrının başı eşq ilə,

Hardasan, nə olar, bir üzümə gül!

Xəyallar aləmi sənindir, amma,

Ayrılıq yolları, əngəldir, əngəl,

Xəyaldan özünə bir cığır tap, gəl.

 

 Heyranlıqla onun sevgi dünyasını seyr etməkdən doymuram. Rus yazıçısı Yuri Lermantov yazırdı: - Qadınların göz yaşları onların həm hücumu, həm də müdafiə silahıdır. Qələmi ruhunun tələbində dayanan və saf eşqisinin sevdalısı olan şair romantik duyğularını  dilə gətirməklə oxucu qarşısında sevgisinə inam və etibarlı şəkildə sanki imtahan verir. Üzü ağ, alnı açıq. Bu isə bugünkü və gələcək nəsillərimizə bir örnək və bir sadiqlik məktəbdidir, desəm yanılmaram.  Xalidə Hicranın ikinci dünyası olan  hikmət dolu xəzinəsində söz tamam başqalaşır, rəngli olur, fərqli olur...

Sözün çalarları min rəngdə bərq vurur. Sözdə fikir, düşüncə  insan mənəviyyatının ruhsal aləmində özünə yer edir.  

 “Hikmət xəzinəsi” adlı 4 cildlik kitabına səyahət etdikcə, onun sanki Nizami dünyasına baş vururam. Hər kəlməsində Allaha inam və sevgi, insanlığa sədaqət, sözə ehtiram duyulan bu misralar sanki bir insanlıq abidəsidir. Bəlkə də ilhahi eşqdən yoğrulan bir sənət əsəridir. İnsani hisslərin aliliyində yer alan fikir və düşüncələr duyğuların həyat realizəsində,  genişliyi və özündərkin bədii obrazını yaradır:

Bu həyat dərsini verir kainat,

Deyir torpağa da bircə toxum at.

***

Düşünmə qəmlərdən olasan azad,

Qəmlə də könüllər olurmuş abad.

Xalidə Hicran həyat ruhu ilə insanın daxili dünyasının münasibətində həyat sevgisini, yaxud  duyğusal həyatın gərəkliyini təhlil edir. Həyata inam hissini çoxaltmaqla düşüncənin könül baxışını üzə çıxardır. İnsan qayğılarının, həyat nisgillərinin insani münasibətlərinə aydınlıq gətirir.  Həyat hikmətinin qəlblərə daşınmasının bəşəri dəyərinə dəyər qatır. Bu isə bir şair ruhunun, şair könlünün ilahi kökünə bağlıdır. Onun hər kəlməsində ruhsallığın sözlə qəlb arasındakı əbədiyaşarlığı  aydın görünür:

Ürəklə yaxınlaşsan pələng ilə vuruşa,

Pələng məğlub olacaq, ürəyin gəlsə cuşa.

***

Yamaqlısa corabın, o deyildir ayıbın,

İsmətini itirsən, gedəcəkdir  ayıbın.

***

Daşın əgər ağırsa, demək ağlın ağırdır,

Ağıldan yüngüllərin daşları da fağırdır.

***

Sözün ki var  mənası, varıdır zərxarası,

Mənasız olan sözün de, gözəldir harası.

“Lirik mən” in ictimai alqısı insanın həyat xarakterinin mənəvi tərəfini ortaya qoyur. Zamanın döngüsü, həyat dəyişgənliyi bəşəri duyğuların dərinlləşməsinə gətirib çıxarır. Bu mənada Xalidə Hicranın lirikasının  həyat üzü  həyatın ruhsal məzmununu ifadə edir. Mənəvi-əxlaqi  duyğuların həyat ritmi  insanlığın yetişməsi üçün  böyüklüyün zirvəsidir.  Bu zirvədə sözün nuru, zehnin işığı özünü göstərir. O, bir rəssam kimi sözün şəklini çəkməklə  sözdən fırçaya gedən yolun nə qədər gözəl olduğunu oxucuya çatdırır:

Mən ki bir rəssamam,  sözün şəklini çəkdim,

Mən hikmət dənizimə  bir az yağış çilədim.

***

O qeyrətdir, vəfadır, cəfadır, həm səfadır,

Sədaqətli kəslərin özü də bir həyatdır.

***

Əgər çəkə bilsəydim sədaqətin rəsmini,

Axtarsaydım əslini, çəkərdim öz əksimi.

***

Kimi uca zirvədir, ona ulaşmaq olmur,

Kimi ətirli çiçək, ondan heç vaxt doyulmur.

 Sözün şəklini çəkməklə hikmət dənizinə yağış yağdıran Xalidə xanım əslində bu yağışın bir nur olmasına, ilahi eşq olmasına, fəhmin və istedadın ruhsal dünyasında ona bəxş olunan ilahi nemətin olmasına işarə edir. İlahi sevgisində tanıdığı kəslərin etibarının, sədaqətinin, vəfasının, cəfasının,  səfasının bir həyat eşqi olduğunu dilə gətirməklə,  əslində bütün bu dəyər ölçülərinin başında özünün olduğunu təsdiqləyir. Yəni bunları öz  etibarı ilə qazanmasını, özünün insanlıq naminə əldə etdiyi bir xəzinə olduğunu bizə çatdırır. Bəli, əsl şair qəlbi, ürəyi qələmi ilə vəhdət olanda şəxsiyyət bütövləşir. Bu bütövlüyə onun fırçasını da əlavə etsək, ikiqat bütövlük insani dəyərin ölçüsündə öz zirvəsini tapmaq deməkdir bu. 

Yanmır vərəq yaşdırsa, onu alov qurudur,

Sonra quru olanda onu da özü udur.

***

Budur saxta insanlıq, ta betəri yox artıq,

Paxıllıqla yaltaqlıq, yaman artıb saxtalıq.

***

Olmasaydı yal güdən, olar çoxuna güvən,

Hamı özün qorusun yaltaq ikiüzlüdən.

Müəllif yanmayan yaş vərəqi alovun qurutması, sonra onu udmasını həyati gerçəkliyin acı həqiqətinə yönəldir.  Əzabdan, ağrı-acıdan, həsrət-hicrandan axan göz yaşlarını, yanan ürəyin alovu qurudar, demək istəyir. Sözün həqiqi mənasında iztirab içində keçən həyatın məşəqqətli sonudur bu. Bunların içində  ayrılığın iztirabı, zaman baxımından saxta insanlığın, paxıl, yaltaq simaların həyatımızda  yer aldığını nəzərimizə çatdırmaqla acılarımızı üzə çıxarır. Bütün bunların olmasına səbəb insanın özgüvənin itməsi, yox olmasıdır deməklə bizi haqq yoluna çağıran şair belə insanlardan qorunmağı da məsləhət görür:

Paxıllar dəstəsi salsa cənginə,

Yoluna davam et, yet məqsədinə.

***

Ey ömür sənin üçün,

Mən ömrümü vermişəm.

Vaxtım olmayanda, bil,

Dözümümü vermişəm.

***

Üç-beş nəfərə görə ruzimiz vardır hələ,

Ən yaxının da qurur,  hətta sənə min tələ.

***

Gülsəm, gözümdə işıqsan,

Ağlasam gözümdə yaş.

Dilimdə əziz sözümsən,

Həm ağılsan, həm də baş.

***

Bir canın ağrısa keçsə dərmanla,

Qəlbdəki ağrılar keçməz dərmanla.

Bir sözdən, rəftardan qırılarsa qəlb,

De, qırıq bir qəlbə neyləyər ki, həb?

Həyatın təhlili insanın əbədiyyətə olan inamını aydınlığı ilə üzə çıxardır. Özgüvən, özünüdərk insan varlığının ən ali hisləridir. Bunları qorumaq isə onun iradə və əzminin möhkəm olması və haqqa söykənməsindən irəli gəlir.  Bu baxımdan müdrik fikirləri ilə insan amalını misra-misra sərgiləyən müəllif insanın həyata marağını və həyat vərdişinin zənginliyini yaradır. 

Xalidə xanımın bədii yaradıcılığı çoxşaxəlidir.  Onun hər kəlməsində bədii estetik zövq, bəşəri duyğular özünü göstərir. Vətən və onun müqəddəsliyini özündə əks etdirən Bayraq. Kimliyimiz, ləyaqətimiz, qeyrəttimiz olan Bayraq. Şəninə nə qədər şeirlər yazılıb, mahnılar bəstələnib.  Xalidə xanım isə bu cür deyib:

Bayraqda varsa əgər bir damcı şəhid qanı,

Söylə, bayraqdan özgə müqəddəs  qeyri hanı?

***

Bayraqlar bir vətəndir,

Yolunda can verirsən.

Vətən üçün öləni,

Bayrağına bükürsən.

Uca zirvənin hakimi olan Vətən sevgisi, Bayraq sevgisi və onun söz hikməti. Sadə və ali... Xalidə xanımın söz  dünyası həyat emosionallığının, könül baxışının, insani düşüncələrinin  həyat dastanını yaradır. Təbii boyalarla, rəngarəng çalarlarla oxucunun diqqətini cəlb edir. Bu da onun mənəvi zənginliyinin, dünygörüşünün geniş və əhatəli olmasına, insan psixologiyasının, insan hisslərinin könül rahatlığına zəmin yaradır. O, insanı həyatının hikmətini dərk etməyi öyrədir.

Həyatın var fəlsəfəsi,

Daha çoxdur bilməcəsi,

Gen dünyanı parçalayır,

Həqiqətin incəlməsi.

***

Gözündən heç yayınmasın,

Haqq hardadır, nahaq  harda.

Bunu dəyişik salanlar,

Addım atsa, qalar darda.

Mənəvi saflıq, əxlaqi norma, həyata düzgün baxış, ruhi tərbiyə Xalidə Hicran yaradıcılığının əsas qayəsini təşkil edir. Hər bir sözü ünvanlı və bu ünvanın poeziya qapısı  sorğusuz-sualsızdır. Bu baxımdan ünvanlı sözlərini poetik tapıntıların incəliyi ilə zahiri rəsmiyyəti arasında doğmalıq yaradır.

Qəlbən səmimi olub, vicdanları oyaq insanlar əgər Allah qarşısında bu səmimiyyəti  izhar etsələr, cəmiyyətdə baş verən hadisələrə qarşı biganə ola bilməzlər. Elə bu mənada Xalidə Hicran şəxsiyyətindəki güclü səmimiyyət onun yaradıcılığında elə meyardı ki, onu oxuyan hər bir kəs duyur ki, bu insan cəmiyyətəki haqsızlığa qarşı biganə qala bilməz. Hər misrasında həqiqət çeşməsi çağlayan, hər fikrndə mənəvi ruhun paklığı duyulan bu şeirlərdə müasir insan həyatının örnəyi olan yaşam tərzinin obrazl təfəkkürü yüksək bacarıqla verilmişdir:

Ömür deyil möhkəm dəmir,

O bir sudur, axıb gedir,

Vaxtında dərməsən meyvə,

Yerə düşsə çox əzilir.

***

Salam  həsrət qalıb əsl salama,

Kim isə salamla gülə salama.

Salamın özü də xəcalət çəkir,

Bugünkü insan hal-əhvalına.

***

Verdiyim itməz, əgər olsa darı,

Özündəkin özgə ilə böl barı.

Namümkün işinin olar çarəsi,

Çünki verməyin var barı-bəhrəsi.

***

Həyatın acısı  təzahür etsə,

İnsan var acını içinə yığır.

Kim kiçik dərdini gözdə böyütsə,

Dərdi çəkisindən gələcək ağır.

 Baxın, nə qədər fəlsəfi dərin düşüncələr insani keyfiyyətlərin mizanında özünəməxsus şəkildə təzahür edir.  Xalidə xanımın  lirik dili, poetik boyaları atalar sözlərinə söykənən sənət əsəridir.  Hər bir sənət əsərinin keçmişi ilə gələcəyi  arasında haqqın səsi, həqiqətin harayı durur. Mənəvi dəyərin ölçüsü-biçisi, nizam-intizamı insan əxlaqının ləkəsiz ağ vərəqində özünə yer tapır. Bir sözlə, əsl örnəyə çevrilir. Oxuduqca saflaşırsan, mənən dincəlirsən.

Arzusu nə doğur, nə də böyüyür,

İnsanlar dünyada yolun azdıqca.

Bir xeyir iş edir, min şərə düşür,

Paxıllar dünyada hey çoxaldıqca.

İnsanlığın, mənəvi dəyərlərin, haqq-ədalətin azaldığına  biganə    qalmayan  şairin haqlı olduğuna isbat qalmır. Acı qurd kimi mənəviyyatımıza hücum çəkən  parazit ünsürlərin zaman-məkan  çərçivəsi onun gen dünyasında özünə yer tapa  bilmir. Həqiqi gerçəkliyin haqq üzünü pərdələyən, ona yalançı sığal çəkən zaman əslində elə məkan deyilən  varlığı da öz məhvərində   sürükləməyə çalışır. 

Xalidə Hicran lirikasının ahəngi, ruhi özəlliyi, ruhun  ağrı-acısını üzə çıxarmaqla insan həyatının əsrarəngizliyini inşa etməsindədir. Məhəbbət hissi, insanın mənəvi dünyasının həyat duyumu dolğunluğu ilə  qəlb sevdasının saflığında, insani hisslərində özünü gözəl ehtiva edir. Sevgisinin həyat alqışı, könül dünyasının zənginliyi misra-misra dilə gəldikcə insanı bir anlığa öz gözəlliyinin əbədiliyinə qovuşdurur. Həyat həqiqətlətini qəlbinin duyğularında cilalayan şair, mənəvi dünyasının səsinə ehtiramla yanaşır, onun işıqlı aləmini, sirrini bəyan edir. Bu isə ruhi duyğusallığın yaşam tərzini riqqətə gətirir. 

Söz var desən ağrı verər canına,

Söz var desən bais olar qanına,

Söz var ki,  neyləsən, gəlməyir,

Söz var bəla olar, gələrsə dilə.

       Söz insanın sirdaşı, munis dostudur. Söz insanın mənəvi dünyasının ifadə vasitəsidir. Bir sözlə,  Xalidə xanımın şeir dili düşüncələrinin həyat dili ilə birləşərək insanın ruhunu bürüyür, mənəvi dünyasının psixoloji halının duyarlığını yaradır.  Qəlb sevdasının qayğılarında bir həyat obrazı yaratmaqla həyati gücünü, insani keyfiyyətlərini ortaya qoya bilir. 

Tale yüklü problemləri ilə birlikdə qadının poeziya yolu getməsi çətin və eyni zamanda məsuliyyətlidir. Çətindi, ona görə ki, qadın poeziyada özünü yazır, məsuliyyətlidir ona görə ki, evin qadını və övlad anasıdır. Gərək ailədə necə  qadın olduğunu yazıb yaratdığın əsərlərdə eyniləşdirməyi bacarasan. Bu bacarığı hər kəlamında dilə gətirən Xalidə xanım sözün abidəsini qurmaqla yazıb yaratdıqlarının arxasında öz ərköyünlüyünü, öz böyüklüyünü çox məharətlə saxlamağı bacarır. Şeirlərində qətiliyi, dönməzliyi, əyilməzliyi onun son dərəcə qürurlu olmasından xəbər verir.  

Bəli, qəribə bir dünyanın  sakinləridir qadınlar. Gah dənizdi, gah çaydı, gah boranlı qışdı, gah da çiçəkli bahar. Bütünlükdə gözəl və ali hisslərin sahibi olmaq qadın xoşbəxtliyinin güzgüsüdür. Bu güzgüdə özünü tam görən, həyatın ilahi gücünə güvənən, saf məhəbbətin, ülviliyin, sədaqətin, inamın dəyərinə qiymət verən şair-rəssam hər kəsi düzlüyə, haqq-ədalətə çağırdı. Əslində bu çağırış müasir gənclərimizin adət-ənənələrimizə sadiqliyi, eşq-məhəbbətin insani münasibətdə və hörmətdə özünü təsdiqləməsidir.  

Söz ünvandır, sənət mərtəbə. Bu  ünvanın və mərtəbənin sahibi olanlar insani dəyərlərin hakimi olmaqla gələcəyimizə gedən yolun mayakına çevrilir. Bu baxımdan Xalidə Hicran  ünvanlı sözlərini rəssam fırçası ilə cilalayır, poetik tapıntılarının incəliyi ilə zahiri rəsmiyyət arasında  doğmalıq yaradaraq onun sənət mərtəbəsini qurur.  Və hər kəlməsində min bir məna duyulan şair;

Qələmdən süzülən hər bir kəlməndə,

Min məna gizlənib sən ey Xalidə.

 -özgüvənliyini, özdərkini ortaya qoyur. Hər kəlməsində özü dediyi kimi min məna gizlənən Xalidə Hicran dünyası... Onun dünyası bənzərsiz orijinal əsərdir. Onun dünyasında ən nəcib hisslər və duyğular rəssam sənətinin ecazrckarlığı ilə əbədiləşir.  Onun  dünyası sirli-müəmmalı, özündə böyük əbədi xəzinə olan, həm də kəşf olunmağa ehtiyacı olan bir dünyadır... Bu dünyada hər bir hiss öz məkanına sahib olur. Bu hisslər poeziyanın, rəsmlərin tülünə bürünərək, təkcə şairin özü üçün yox, onu oxuyanların da qəlbində  uyuyan nəğmələrə dönür.    

Əsərləri bir çox xarici ölkələrdə sərgilənən, qəzəlləri muğam ustalarının dilində oxunan, şeirlərinə çoxlu sayda mahnılar bəstələnən  Xalidə Hicran Seyidova  Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, İraq-Türkmən Ədəbiyyatı Birliyinin üzvüdür. Prezident mükafatçısıdır. 

Budur, Xalidə Hicran dünyası. Dünyanız xoş arzu və istəklərlə əbədi olsun əzizim Xalidə xanım. 

P.S. Sonda bir şeyi təəssüf hissi ilə oxucuların nəzərinə çatdırım ki, Xalidə Hicran Seyidovanın bir rəssam kimi yaratdığı çox böyük və dəyərli əsərləri  yaşadığı xarici ölkədə-Ərəbistanda saxlanılır. Öz ölkəmizdə onun əsərlərinin yerləşdirilməsi üçün dəfələrlə aidiyyatı orqanlara müraciət etsək də, bir emalatxana belə ona qıyan olmadı. Biz sərvətimizi beləmi qoruyuruq?  Yəqin ki, buna bir əlac tapılar...

 Hörmətlə: Nəcibə İlkin

Yazıçı, şair-publisist,

AYB-nin, AJB-nin üzvü,

Prezident mükfatçısı