Oxu24.com hacishahin.az-a istinadən xəbər verir ki, Məbəs - həzrət Məhəmməd-Müstəfanın (s) ilk vəhy almaqla peyğəmbərliyə seçildiyi gündür. Yəni, bu gün həm də Qurani-Kərim nazil olmağa başlayıb.
O həzrət (s) peyğəmbərliyə yetişməmişdən bir qədər əvvəl xalqdan uzаq gəzər, Hira mağarasında Allaha ibadət edərdi. Rəcəb ayının 27-si səhər çağında mağarada yuxuya gedən həzrət Məhəmməd (s) görür ki, mağaraya mələk girir. Həmin andaca yuxudan oyanır və görür ki, mələk doğurdan da mağaradadır. Bu, Cəbrayıl (ə) idi. Vəhy mələyi ona deyir: "Oxu!" O da: "Oxuya bilmirəm," - cavabını verdikdə, mələk bir daha təkrarlayır: "Oxu!". Bu zaman peyğəmbər (s) soruşur: "Nə oxuyum?" Cəbrayıl buyurur: "Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi..." Həmin vaxt peyğəmbərimizin (s) qırx yaşı var idi.
Tarixin ən mühüm günlərindən olan Məbəs bayramında xüsusi ibadətlər tövsiyə olunub. Məbəs gecəsi qüsl almaq (Məbəs gecəsinin qüslu niyyətilə), həzrət Əlinin (ə) ziyarətnaməsini oxumaq, gecə yarısı ərəfələrində on iki rikətli namaz qılmaq və digər ibadətləri yerinə yetirmək olar. On iki rikətli namaz (altı dəfə iki rikətli namaz) qılarkən "Fatihədən" sonda istənilən kiçik surələrdən birini oxumaq, hər salamdan sonra əyləşmişkən hər biri yeddi dəfə olmaqla "Fatihə", "Fələq", "Nas", "İxlas", "Kafirun" və "Qədr" surələrini, daha sonra yeddi dəfə "Ayətəl-Kürsünü" və bir dəfə aşağıdakı duanı oxumaq gərəkdir:
"Əl-həmdu lilləhil-ləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil-mulk və ləm yəkun ləhu vəliyyun minəz-zul və kəbbirhu təkbirən. Allahummə inni əs-əlukə bi məaqidi izzik əla ərkani ərşik və muntəhar-rəhməti min kitabik və bismikəl-ə-zəmil ə-zəmil ə-zəm və zikrikəl-ə-lal ə-lal ə-la və bi kəlimətikət-təmmat, ən tusalliyə əla Muhəmmədin və alihi və ən təf-ələ bi mə əntə əhluh"
Tərcümə: "Həmd olsun o Allaha ki, nə övladı, nə mülkünə şəriki, nə də aciz olmadığından bir hamisi var. O, böyükdür, olduqca böyük! İlahi, ərşinin sütunları üzərindəki Sənin izzət məqamına, Kitabından gələn nəhayət rəhmətinə, sonsuz əzəməti olan adına, sonsuz uca olan zikrinə, kamil kəlmələrinə xatir Məhəmməd (s) və onun soyunu xeyir-bərəkətinlə ucalt, mənimlə isə Özün layiq olduğun tərzdə davran!"
Bu duadan sonra diləklərinizi Allahdan diləyə bilərsiz.
Məbəs günü qüsl almaq, çoxlu salavat demək, oruc tutmaq bəyənilən işlərdəndir. Yeri gəlmişkən, müstəhəb oruc tutmaq istəyənlər üçün ən gözəl fürsət bu gündür. Bu bayramda oruc tutmaq çox tövsiyə olunur. Peyğəmbəri (s) və həzrət Əlini (ə) bu gündə yaxından ya uzaqdan ziyarət emək də tövsiyə olunur. Məbəs günü bir neçə namaz qılmaq da yaxşıdır ki, onlardan birinin qılınma qaydası belədir: on iki rikət (altı dəfə iki rikətli) namazın hər rikətində "Fatihədən" sonra istənilən surə oxunur, ən son salamlardan sonra hər biri dörd dəfə olaraq "Fatihə", "İxlas", "Fələq" və "Nas" surələri oxunur. Daha sonra hər biri dörd dəfə olaraq aşağıdakı dualar ardıcıl deyilir:
1)"La ilahə illəllah vallahu əkbər və subhanəllah vəl-həmdulillah və la həula və la qüvvətə illa billahil-əliyyil-əzim" (Tərcümə: Allahdan başqa bir tanrı yoxdur, Allah ən böyükdür, Allah nöqsansızdır, bütün təriflər Allaha aiddir, əzəmətli və uca Allahdan başqa güc və qüdrət yoxdur"); 2) "Allahu Allahu rabbi, la uşriku bihi şəy-ən" (Tərcümə: "Allahdır, Allahdır rəbbim, Ona heçnəyi şərik bilmirəm"); 3) "La uşriku bir rabbi əhədən" (Tərcümə: "Rəbbimə heçkəsi şərik bilmirəm").
Bayramın həm gecəsi, həm gündüzü digər ibadətlərlə, o cümlədən Quran oxumaqla, əlavə namaz qılmaqla, digər duaları oxumaqla məşğul olmaq olar.
Xatırladaq ki, bu il rəcəbin 27-ci gecəsi aprel ayının 2-si məğrib azanından sonra daxil olur, rəcəbin 27-ci günü isə aprel ayının 3-nə təsadüf edir. Oxu24.com
ŞƏRHLƏR