Qaynar xətt:

(+99450) 247 90 86

114 yaşlı Şabikə nənə: Yoldaşım məni gəmi ilə qaçırmışdı – Foto

2019-03/1551888915_sabik2.jpg

CƏMİYYƏT

969

06.03.2019, 20:23

\"\"  Axundova Şabikə Fərhad qızı Lənkəran rayonunun Boladi kəndində yaşayır. O, kəndin ən yaşlı sakinidir. Şabikə nənənin nə az, nə çox, düz 114 yaşı var.
Oxu.Az-ın əməkdaşları 114 yaşlı qadının evində olub, onunla söhbətləşiblər: Şabikə Axundovanın şəxsiyyət vəsiqəsində 1905-ci ildə anadan olduğu qeyd edilib. Şabikə nənə deyir ki, bu yaşa çatmasına əsas səbəb ömür boyu fiziki işlər görməsi olub: – Şağlaser kəndində doğulmuşam. Ailə qurub Boladi kəndinə gəlin gəlmişəm. Ailədə üç bacı, üç qardaş olmuşuq. Bacı-qardaşlarım dünyasını dəyişib. Mən fiziki işlərlə çox məşğul olurdum. Əsasən, çay yığırdım. Həyət-bacada işləyirdim. – Neçə övladınız var? – Doqquz övladım – beş oğlan, dörd qızım var. Qızlarımdan biri dünyasını dəyişib. – Nəvə-nəticələriniz çox olar. – 40 nəvəm, 20-yə yaxın nəticəm, doqquz kötücəm, iki yadıcam var. Bakıda yaşayırlar. Hərdən darıxıram onlar üçün. Arada gəlib məni görürlər. – 114 il ömür yaşamısınız. Həyatda peşman olduğunuz məqamlar olub? – Yaddaşımda çox şeylər qalmayıb. Amma peşmançılığım olmayıb. Allah rəhmət eləsin, yoldaşım çox yaşı adam olub, çox xoşbəxt günlər yaşamışıq. – Yoldaşınızla sevib evlənmişdiniz? \"\" – Məni çox sevirdi (gülür). Sevib evlənmişəm. Yoldaşım o vaxt məni gəmi ilə qaçırmışdı. Bir-birimizə çox dəyər verirdik. İndiki sevgilər kimi deyildi. Təəssüf ki, yoldaşımı tez itirdim. Onun sağlığında həyatımın ən gözəl günlərini yaşamışam. – Yoldaşınızı tez itirdiyinizi dediniz. Sonra yenidən ailə həyatı qurmaq istəmisiniz? – 1994-cü ildə yoldaşımı itirmişəm. Qadın bir dəfə ailə qurar. Ömür boyu da o insanla həyatını başa vurar. Mən heç vaxt yoldaşımdan sonra ikinci bir insanla ailə qurmağı düşünməmişəm. – Bu yaşda darıxdığınız kimsə var? – İnsanın həyatda ən çox sevdiyi övladları olar. Mən övladlarımdan bir qızımı itirmişəm. Onun üçün çox darıxıram. Bir də yoldaşım üçün. Yoldaşımın yanına getmək üçün gün sayıram. – Qarşıdan 8 Mart gəlir. Kimdən hədiyyə gözləyirsiniz? – Yoldaşım yanımda olanda mənə hər şey alırdı. İndi heç kimdən heç nə gözləmirəm. Uşaqlarım hədiyyə olaraq nələrsə alır, sağ olsunlar. – 114 yaşınız var. Gün ərzində nələr edirsiniz? – Bir oğlumun həyat yoldaşı mənə kömək edir. Evdə çox iş görə bilmirəm, artıq yoruluram. Yemək bişirib gətirir. Heç nəyə ehtiyacım olmur. Pensiyamı alıram, tapşırıram oğluma, istədiklərimi alıb gətirir. – Can, həqiqətən, şirindir, yoxsa? – Yəqin, şirin olar. Şirindir. – Səhhətinizdə nə problemləriniz var? \"\" – Heç bir problemim yoxdur. Bu günə qədər heç bir xəstəliyim olmayıb. Amma yaddaşım zəifləyib, çox şeyləri xatırlaya bilmirəm. – Övladlarınıza hər hansı vəsiyyətiniz varmı? – Böyük oğluma vəsiyyət etmişəm ki, mən öləndə yoldaşımın yanında dəfn etsinlər. Qəbrimin üstündə çadır qursunlar, molla üç gün “Quran” oxusun. Bütün zinət əşyalarımı da gəlinlərim arasında bölüşdürsünlər. – Həyatda gerçəkləşməsini istədiyiniz arzunuz qalıbmı? – Bütün arzularıma çatmışam. Övladlarımı evləndirmişəm, nəvələrimin toyunu görmüşəm. Tək arzum odur ki, Allah onlara sağlam, uzun ömür versin.