Qaynar xətt:

(+99450) 247 90 86

Təzyiq dərmanı içənlərə XƏBƏRDARLIQ

Təzyiq dərmanı içənlərə XƏBƏRDARLIQ

TİBB

157

02.11.2026, 14:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Arterial təzyiqdən əziyyət çəkən insanların tez-tez qarşılaşdığı suallardan biri dərmanların günün hansı saatında qəbul edilməsinin daha düzgün olması ilə bağlıdır. Bəzi pasiyentlər təzyiqlərinin əsasən axşam və gecə saatlarında yüksəldiyini əsas gətirərək təzyiqsalıcı dərmanlarını gecə qəbul etməyə üstünlük verirlər. Lakin müasir təzyiqtənzimləyici preparatların təsir mexanizmi və orqanizmdə fəaliyyət müddəti nəzərə alınmalıdır.

Kardioloq Aytən Yüzbaşıyeva Oxu24.com-a açıqlamasında bildirib ki, müasir təzyiqtənzimləyici dərmanların bir çoxu 24 saat ərzində təsir göstərmək və arterial təzyiqi günboyu nəzarətdə saxlamaq məqsədilə hazırlanır. Bu səbəbdən həmin preparatların qəbul saatı ilə bağlı qərar yalnız təzyiqin günün hansı hissəsində yüksəlməsinə əsasən verilməməlidir.

Onun sözlərinə görə, uzunmüddətli təsirə malik preparatlar düzgün dozada və müntəzəm qəbul edildikdə gün ərzində təzyiqin tənzimlənməsinə kömək edir. Buna görə də dərmanı gecə qəbul etməklə onun təsirini yalnız gecə saatlarına yönəltmək mümkün deyil. Əsas məsələ preparatın təyin olunmuş qaydada, hər gün eyni vaxtda və həkimin göstərişinə uyğun qəbul edilməsidir.

Kardioloq qeyd edib ki, bəzi təzyiq dərmanlarının tərkibində sidikqovucu təsirə malik maddələr də olur. Belə preparatların gecə saatlarında qəbulu bəzi insanlarda tez-tez sidiyə getmə ehtiyacı yarada bilər. Bu isə yuxunun bölünməsinə, gecə istirahətinin pozulmasına və nəticədə yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

A.Yüzbaşıyevanın sözlərinə görə, keyfiyyətli yuxu arterial təzyiqin idarə olunmasında mühüm amillərdən biridir. Gecə ərzində yuxunun tez-tez pozulması orqanizmin normal istirahətinə mane olur. Buna görə də tərkibində sidikqovucu komponent olan dərmanların qəbul vaxtı müəyyən edilərkən bu xüsusiyyət mütləq nəzərə alınmalıdır. Bununla belə, bütün təzyiq dərmanlarının eyni təsir mexanizminə malik olmadığını və hər preparatın qəbul vaxtının fərdi qaydada müəyyənləşdirilməli olduğunu unutmamaq lazımdır.

Kardioloq diqqətə çatdırıb ki, pasiyent səhər saatlarında təzyiq dərmanı qəbul etməsinə baxmayaraq, axşam saatlarında arterial təzyiqində yenidən yüksəlmə müşahidə edirsə, bu vəziyyətin səbəbi araşdırılmalıdır. Belə hallarda dərmanın qəbul vaxtını özbaşına dəyişmək və ya əlavə doza qəbul etmək düzgün yanaşma deyil. İlk növbədə təzyiqin niyə yüksəldiyi müəyyənləşdirilməlidir.

Mütəxəssis bildirib ki, axşam saatlarında təzyiqin artmasına müxtəlif amillər təsir göstərə bilər. Gün ərzində həddindən artıq duzlu qidaların qəbulu, siqaret istifadəsi və alkoqol qəbulu arterial təzyiqə mənfi təsir edə bilər. Bununla yanaşı, fiziki ağrılar, emosional gərginlik, stress, yuxu problemləri və yanaşı xəstəliklər də təzyiq göstəricilərinin dəyişməsinə səbəb ola bilər.

A.Yüzbaşıyeva vurğulayıb ki, xüsusilə axşam saatlarında təzyiqin mütəmadi yüksəlməsi diqqətdən kənarda qalmamalıdır. Belə vəziyyətlərdə pasiyentin gün ərzindəki təzyiq göstəriciləri, qəbul etdiyi dərmanlar, həyat tərzi və ümumi sağlamlıq vəziyyəti birlikdə qiymətləndirilməlidir. Bəzi hallarda dərmanın dozasına, qəbul vaxtına və ya müalicə sxeminə yenidən baxılması lazım gələ bilər.

Kardioloqun sözlərinə görə, düzgün müalicə planı hər bir pasiyentin fərdi xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmalıdır. Həkim arterial təzyiqin günün müxtəlif saatlarında necə dəyişdiyini araşdıraraq, ehtiyac olduqda əlavə müayinələr təyin etməli və uyğun müalicə üsulunu müəyyənləşdirməlidir.

O, pasiyentlərə təzyiq dərmanlarını yalnız həkim məsləhəti əsasında qəbul etməyi, preparatın dozasını və qəbul vaxtını özbaşına dəyişməməyi tövsiyə edib. Çünki arterial təzyiqin effektiv idarə olunması təkcə dərman qəbulundan deyil, həm də düzgün qidalanma, duz istifadəsinin məhdudlaşdırılması, siqaret və alkoqoldan uzaq durmaq, stressin azaldılması və yuxu rejiminin qorunmasından asılıdır.

Nigar