Qaynar xətt:

(+99450) 247 90 86

Hepatit B və C arasında fərq nədir? – Mütəxəssis izah etdi

Hepatit B və C arasında fərq nədir? – Mütəxəssis izah etdi

TİBB

78

09.07.2026, 15:55

Qaraciyərin ən təhlükəli düşmənlərindən sayılan virus hepatitləri hər il dünyada minlərlə insanın səhhətində ciddi fəsadlara yol açır. Əhali arasında bu virusların bir-birinə keçməsi və ya formalarını dəyişməsi barədə fərqli fikirlər gəzir. Xüsusilə Hepatit B diaqnozu qoyulmuş xəstələr tərəfindən bu xəstəliyin daha ağır hesab olunan Hepatit C-yə çevrilə biləcəyi qorxusu tez-tez dilə gətirilir. 

Mövzu ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün Oxu24.com-a açıqlama verən mütəxəssis, "Sağlam Ailə" Tibb Mərkəzinin terapevti Tərlan Abbasov hepatit viruslarının fərqləri, onlardan qorunma yolları və daxili yoluxma mexanizmləri barədə oxucularımıza olduqca vacib və ətraflı məlumatlar təqdim edib.

Hepatit B Hepatit C-yə çevrilə bilərmi?

Terapevt Tərlan Abbasov bildirib ki, Hepatit B virusunun Hepatit C-yə çevrilməsi birmənalı şəkildə qeyri-mümkündür. Həkim xəstələrin ən çox narahat olduğu bu məqamın elmi əsasını belə izah edib:“Hər iki virus tamamilə fərqlidir! Hepatit B və Hepatit C ayrı-ayrı virus növləridir və onların hər biri orqanizmdə fərqli patologiyalar törədərək qaraciyəri zədələyir. Buna görə də bir virusun digər formaya transformasiya olunması tibbi cəhətdən mümkün deyil”.

Mütəxəssis xəstəlikdən müdafiə olunmağın yollarına toxunaraq qeyd edib ki, Hepatit B virusundan qorunmağın ən asan və ən etibarlı vasitəsi peyvəndləmədir. Həkim vaksinasiyanın qaydalarını və yaş hədlərini açıqlayıb:

•Uşaqlar üçün standart qayda: Yeni doğulmuş körpələrə peyvənd 0, 1 və 6-cı aylarda olmaqla 3 mərhələdə vurulur.

•Hər yaşda peyvənd imkanı: Əgər şəxs uşaqlıq dövründə peyvənd olunmayıbsa, narahatlığa əsas yoxdur. Bu peyvənd hər yaşda olan insanlar üçün əlçatandır və tətbiq edilə bilər.

Hepatit D (Delta) necə yoluxur?

Hepatit viruslarının digər təhlükəli növü olan Hepatit D barədə də danışan Dr. Tərlan Abbasov, bu virusun yoluxma yollarının Hepatit B və C ilə eyni olduğunu bildirib. O qeyd edib ki, bu viruslar orqanizmə əsasən qan təması vasitəsilə keçir. Lakin Hepatit D-nin digərlərindən fərqlənən çox spesifik bir xüsusiyyəti var:

1.B virusu olmadan yaşaya bilmir: Hepatit D virusu təkbaşına, yəni orqanizmdə Hepatit B virusu olmadan mövcud ola və inkişaf edə bilməz.

2.Yoluxma riskinin artması: İnsanın Hepatit D-yə yoluxması üçün o, mütləq şəkildə əvvəlcədən Hepatit B virusunun daşıyıcısı olmalıdır. Məhz Hepatit B-yə yoluxmuş şəxslərin bəzilərində Hepatit D-yə də yoluxma ehtimalı və xəstəliyin daha ağır gedişatı qeydə alınır.

"Unutmayın, qaraciyərinizi qorumaq üçün vaxtında peyvənd olunmaq ən sadə və düzgün addımdır”, - deyə terapevt Tərlan Abbasov bildirib.

Çimnaz