Qaynar xətt:

(+99450) 247 90 86

“Gözəl görünüş xatirinə ölüm riskinə girmək, sosial və psixoloji boşluğun nəticəsidir” – Sosioloq   

news/2026_02_17/vvvc_1771325078.jpg

TİBB

100

17.02.2026, 14:42

Ötən gün Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü. Bundan da əvvəl dəfələrlə estetik əməliyyatlardan ölən xeyli xanımlar olub. Cəmiyyətdə artıq üz cizgilərinin özünə aid olmadığı bilinən minlərlə qadın var. 

Oxu24.com gözəlləşmək üçün ölüm riski böyük olan estetik əməliyyatlara girən xanımları, buna vadar edən səbəbləri  sosioloq Sadiq Rüstəmli  ilə  müzakirə edib.

-Sadiq müəllim, sizcə, cəmiyyətdəki belə riskli əməllər tək  qadınlardakı gözəl görünmək istəyindən yaranır? 

- Çox təəssüfedici bir halla qarşı-qarşıyıq. Son illər Azərbaycanda estetik əməliyyatlar zamanı ölüm hallarının artması  adi hal alıb.  2 il əvvəl 2 azyaşlı övladı olan  29 yaşlı  gənc bir xanım liposaksiya  əməliyyatı üçün  getdiyi höspitalda öldü. Övladları yetim qaldı, doğmaları pərişan oldu, ailə darmadağın oldu. O gözəllik riskinə, arıq görünmək həvəsinə dəyərdimi? Əlbəttə dəyməzdi.

Ötən il  bir gənc xanım  burun əməliyyatı zamanı həyatını itirdi. Yeni ailə qurmuşdu. Ümumiyyətlə, estetik əməliyyat zamanı ölən və yaxud şikəst olan  çox gənc xanımlar var. Belə hallar həddindən artıq  çoxdu  və digər tərəfdən ciddi sosial problemin göstəricisinə çevrilib.

- Amma belə qorxunc nəticələri eşidən, bilən pasiyentlər buna rəğmən əməllərindən qalmırlar. Yenə yollarını estetik klinikalara salır, həyatlarını  ölüm riskinə atırlar…

 -Ötən gün Bakıda 43 yaşlı bir qadının estetik əməliyyat zamanı həyatını itirməsi bu məsələnin nə qədər riskli və eyni zamanda nə qədər adiləşdiyini bir daha ortaya qoydu. Ondan əvvəl də oxşar hadisələrin baş verməsi göstərir ki, burada problem yalnız tibbi nəzarətdə deyil, cəmiyyətin gözəllik anlayışında və dəyərlər sistemindədir. Bu gün cəmiyyətimizdə minlərlə qadının üz cizgiləri artıq fərdi kimliyini əks etdirmir. Üzlər bir-birinə bənzəyir, fərqlilik yox olur, təbii sima sanki “qüsur” kimi təqdim edilir. Gözəlləşmək adı altında ölüm riskinin belə qəbul edilməsi, dərin sosial və psixoloji boşluğun nəticəsidir. 

- Ümumiyyətlə, cəmiyyətdəki əskikliklərin kökündə nə durur?

-Bu prosesə cəmiyyəti nə sövq edir dedikdə,  müxtəlif variantlarla qarşı-qarşıya qalırıq:

1. Sosial müqayisə və vizual diktatura sosial şəbəkələr, televiziya və reklam sənayesi müəyyən “ideal qadın siması” yaradır. Qadın özünü artıq güzgüdə deyil, ekranlarda gördüyü obrazlarla müqayisə edir. Bu isə davamlı narazılıq və natamamlıq hissi yaradır. 

2. Dəyərsizlik instinkti və qəbul olunma ehtiyacı - Bir çox hallarda estetik əməliyyat gözəllik üçün deyil, qəbul olunmaq, sevilmək və diqqətdə qalmaq üçündür. Şəxs öz daxili dəyərini itirdikcə, onu bədən üzərində dəyişikliklə kompensasiya etməyə çalışır. 

3. Ailə və ictimai nəzarətin zəifləməsi - Əvvəllər ailə, qohum çevrəsi və sosial qınaq müəyyən sərhədlər yaradırdı. Bu gün isə “mənim bədənim, mənim qərarım” şüarı ictimai məsuliyyətdən yayındırır və  tam azadlıq kimi başa düşülür. Nəticədə risklər fərdiləşdirilir, amma fəsadlar ictimailəşir. 

4. Dini və mənəvi referansların arxa plana keçməsi, müsəlman dəyərləri olan  cəmiyyətdə yaşamağımıza baxmayaraq, Allahın verdiyi simanın dəyişdirilməsinin günah olması anlayışı getdikcə zəifləyir. Mənəvi ölçü itdikdə, bədən istehlak obyektinə çevrilir. 

5. Cahillik və tibbi romantizasiya - Bir çox insanlar estetik əməliyyatları “sadə prosedur” kimi görür. Halbuki bu əməliyyatlar ağır tibbi müdaxilədir və ölüm ehtimalı realdır. 

-Sosioloq  olaraq, bu halın qarşısının alınması  üçün nə etmək lazımdr ,onu da desəydiniz…

-Bu məsələni yalnız “şəxsi seçim” çərçivəsində izah etmək elmi baxımdan yanlışdır. Estetik əməliyyatlara yönələn kütləvi maraq mənəvi aşınmanın, dəyərin zahirə köçürülməsinin və qadının sosial rolunun bədən üzərindən ölçülməsinin nəticəsidir. Bu, fərdi problem deyil — struktur problemdir. Nəticə - gözəllik həyat bahasına başa gəlməməlidir. 

Elmdən, kitabdan uzaq düşmüş cəmiyyət təbii simanı qəbul etmədikdə, fərdlər də özünü  qəbul etdirmək üçün bu tip yollara baş vurur. Biz gələcəkdə yalnız dəyişdirilmiş üzlər deyil, itirilmiş kimliklər cəmiyyəti ilə üz-üzə qalacağıq. Estetik əməliyyatlara yönələn kütləvi maraq fərdi zövq məsələsi deyil; bu, modern cəmiyyətin bədən üzərində qurduğu simvolik zorakılığın nəticəsidir.

- Əntiqə Rəşid