Qaynar xətt:

(+99450) 247 90 86

Ölümcül parazit:göstərmir, orqanizmi yavaş-yavaş məhv edir

2020/01/30/1580399573_laboratoriya.jpg

TİBB

71

13.01.2026, 20:52

ABŞ-Meksika sərhədi yaxınlığında toplanan 26 "öpüş böcəyi”ndən 22-də xəstəliyə səbəb olan parazit aşkarlanıb. Rəsmilər ürək və sinir sistemini hədəfə alan bu infeksiyanın sürətlə yayıla biləcəyi barədə xəbərdarlıq edirlər.

Oxu24.com  xəbər verir ki, mütəxəssislərin apardığı araşdırma ölümcül bir parazitin düşündüyümüzdən daha geniş yayıldığını üzə çıxarıb. İllərlə heç bir əlamət vermədən orqanizmdə gizlənə bilən bu infeksiya ilk olaraq ürəyi hədəfə alır. Təfərrüatlar aşağıdadır.

ABŞ-ın Texas ştatının El Paso şəhərində aparılan tədqiqat, qan əmən "öpüş böcəyi” vasitəsilə yayılan və ürək ilə həzm sistemini zədələyən "Çağas” xəstəliyinə səbəb olan parazitin sərhəd xəttində sürətlə yayıla biləcəyi ilə bağlı narahatlıqları artırıb.

ABŞ–Meksika sərhədi yaxınlığında toplanan 26 "öpüş böcəyi”ndən 22-də xəstəliyə səbəb olan parazit müəyyən edilib. "Earth” nəşrinin xəbərinə görə, araşdırmaya Texas Universitetinin El Paso bölməsində çalışan doktor Roza Maldonado rəhbərlik edib. Maldondonun komandası El Paso icmalarında aparılan müşahidə işlərini laborator analizlər və sahə tədqiqatları ilə paralel şəkildə həyata keçirir.

Araşdırma xüsusilə insanların və vəhşi təbiətin iç-içə olduğu ərazilərə fokuslanıb. Mütəxəssislərin fikrincə, bu sərhəd zonaları böcəklərin yeni daşıyıcılar tapması üçün kritik imkanlar yaradır. Parklar, səhralıq sahələr və yaşayış məntəqələrinin kənarları ən riskli nöqtələr sırasındadır.

Səhiyyə qurumlarının məlumatına görə, "Çağas” xəstəliyi dünyada 7 milyondan çox insana təsir göstərir. Parazitar infeksiya olan xəstəlik ürək və həzm sistemində ciddi zədələnmələrə səbəb ola bilir.

Parazit əzələ hüceyrələrinin daxilinə girərək illərlə gizlənə bilir və zamanla ürək və ya həzm toxumalarında qalıcı çapıqlar yaradır. Uzun müddət əlamət vermədiyi üçün xəstəlik çox vaxt gec aşkar edilir. Bir çox insan yoluxduğunu yalnız ürək ritminin pozulması, ürək çatışmazlığı və ya orqan böyüməsi kimi ağır fəsadlar ortaya çıxdıqda öyrənir.

"Öpüş böcəkləri” gecələr qan əmərək qidalanır. Lakin "Çağas” xəstəliyi birbaşa dişləmə ilə deyil, böcəyin ifraz etdiyi yoluxmuş nəcisinin qaşınan dəri, göz və ya ağız vasitəsilə orqanizmə daxil olması ilə ötürülür. Bu səbəbdən böcəklərin evə daxil olması, eyvanlarda, odun yığınlarında və kölgəli sahələrdə gizlənməsi yoluxma riskini artırır.

UTEP komandaları 2024-cü ilin aprelindən 2025-ci ilin martınadək 10 ay ərzində səhralıq ərazilərdə və məhəllə sərhədlərində tələlər qurub. Təxminən bir metr hündürlüyə yerləşdirilən işıq tələləri ilə gecələr uçan yetkin böcəklər toplanıb. Yalnız yetkin fərdlər tutulduğu üçün böcəklərin ev ətrafında harada çoxaldığı hələ dəqiq müəyyənləşməyib.

Laboratoriyada hər bir böcək PCR (polimeraza zəncir reaksiyası) üsulu ilə yoxlanılıb. Tədqiqatçılar böcəklərin bağırsaq toxumasından götürülən nümunələrdə "Trypanosoma cruzi” DNT-sini xüsusi genetik prob­larla axtarıblar. Müsbət nəticə parazitin böcəkdə mövcud olduğunu göstərir, lakin birbaşa insana keçdiyini sübut etmir. Mikroskopik müayinələr bütün nümunələrin "Triatoma rubida” növünə aid olduğunu göstərib. Bu növ El Paso və Las Kruses ətrafında geniş yayılıb. Böcəklər həm "Franklin Mountains” Dövlət Parkı kimi təbii ərazilərdə, həm də yaşayış zonalarında, əsasən kölgəli dağıntıların və tikililərin altında tapılıb.

Maldondonun komandası 2021-ci ildə apardığı araşdırmada böcəklərin cəmi 63,3 faizində parazitə rast gəlmişdi. Yeni məlumatlar bu göstəricinin ciddi şəkildə artdığını ortaya qoyur. "T. cruzi infeksiyalarının artdığı görünür”, deyən Maldondo nümunə sayının məhdud olduğunu, daha genişmiqyaslı tədqiqatlarla bu artımın mövsümlər üzrə yayılıb-yayılmadığının dəqiqləşdiriləcəyini bildirib.

İnsanların çoxu erkən mərhələdə xəstəliyi hiss etmir və illərlə davam edə bilən xroniki mərhələyə keçir. Bu dövrdə parazitlər ürək və həzm əzələlərində gizlənərək ritm pozğunluqları, ürək çatışmazlığı və orqan böyüməsinə səbəb ola bilir. Səhiyyə qurumları xroniki infeksiya daşıyanların təxminən üçdə birində illər sonra ürək zədələnməsi yarandığını bildirir.

Vəhşi məməlilər parazitin təbii rezervuarı rolunu oynayır. Böcəklər yoluxmuş heyvanlardan paraziti alaraq növbəti qan əmərkən ötürə bilir. İtlər və digər ev heyvanları da yoluxa bildiyi üçün baytarlar riskli bölgələrdə heyvanların gecələr evdə saxlanılmasını tövsiyə edir.

ABŞ-da "Çağas” xəstəliyi üçün rutin skrininq aparılmır. Çünki xəstələr illərlə əlamət göstərməyə bilər. Diaqnoz adətən qanda anticisimləri aşkar edən testlərlə qoyulur. Müntəzəm yoxlama və bildiriş mexanizmlərinin olmaması yerli halların izlənməsini çətinləşdirir.

Mütəxəssislər sadə tədbirlərlə riskin azaldıla biləcəyini vurğulayır:

– divar və çatların bağlanması

– möhkəm pəncərə torlarından istifadə

– odun və dağıntıların evdən uzaq saxlanılması

– gecə çöl işıqlarının azaldılması

– ev heyvanlarının gecələr içəri alınması

Maldondonun komandası gələn il El Paso şəhərində yüksək məruz qalma riski olan şəxslər üçün qan müayinəsi proqramı başlatmağı planlaşdırır. Məqsəd səssiz infeksiyaları erkən mərhələdə aşkar edərək ürək və ya həzm sistemi zədələnməsi yaranmadan müalicəyə yönləndirməkdir. Tədqiqatçılara görə, sərhəd xəttində əldə olunan bu nəticələr aşkar edilməsi çətin, lakin təsiri böyük olan bir parazitin səhralıq ekosistemlərindən gündəlik həyata nə qədər sürətlə sızdığını göstərir. Müntəzəm monitorinq, erkən test və əsas ev tədbirləri yayılmanın qarşısını almağın ən təsirli yolları kimi önə çıxır.Qaynarinfo