Qaynar xətt:

(+99450) 247 90 86

Bakı və Daşkənd arasında yeni strateji mərhələ: Bakı Bəyannaməsi nələr vəd edir? - AÇIQLAMA  

Bakı və Daşkənd arasında yeni strateji mərhələ: Bakı Bəyannaməsi nələr vəd edir? - AÇIQLAMA  

SİYASƏT

48

27.11.2026, 21:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumunun yekununda mühüm əhəmiyyət kəsb edən Bakı Bəyannaməsi qəbul edilib. İki qardaş ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edən bu sənəd yeni əməkdaşlıq perspektivlərini gündəmə gətirib. Eyni zamanda, forum çərçivəsində 2027–2028-ci illər üçün yeni “Yol xəritəsi”nin imzalanması və Parlamentlərarası Əməkdaşlıq Komissiyasının ilk iclasının keçirilməsi diqqət çəkən əsas məqamlardandır. Bəs bu sənədlər Azərbaycan–Özbəkistan münasibətlərində hansı yeni siyasi və iqtisadi imkanlar yarada bilər? Xüsusilə, parlament diplomatiyasının dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktiki icrasına təsiri necə olacaq?

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Bakıda keçirilən İkinci Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumunun yekununda Bakı Bəyannaməsinin qəbul edilməsi iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir:

"Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi siyasi münasibətlərin yalnız dövlət başçıları səviyyəsində deyil, qanunvericilik və digər dövlət institutları səviyyəsində də sistemli şəkildə inkişaf etdirilməsinə imkan yaradır. İqtisadi müstəvidə isə bu əməkdaşlıq qarşılıqlı investisiyaların artırılması, birgə sənaye müəssisələrinin yaradılması, ticarət dövriyyəsinin genişləndirilməsi və Orta Dəhlizin tranzit potensialından daha səmərəli istifadə olunması üçün əlverişli hüquqi mühitin formalaşdırılmasına töhfə verə bilər”.

Forumun digər mühüm nəticəsindən bəhs edən politoloq qeyd edib ki, önəmli məsələ 2027–2028-ci illər üçün yeni “Yol xəritəsi”nin imzalanması və Parlamentlərarası Əməkdaşlıq Komissiyasının ilk iclasının keçirilməsidir. Bu mexanizmlər dövlət başçıları səviyyəsində əldə olunmuş siyasi razılaşmaların konkret qanunvericilik təşəbbüslərinə çevrilməsinə, zəruri hüquqi prosedurların sürətləndirilməsinə və icra prosesində yaranan maneələrin aradan qaldırılmasına şərait yarada bilər. 

Züriyə Qarayevanın sözlərinə görə, eyni zamanda, parlament diplomatiyası Azərbaycan və Özbəkistanın beynəlxalq platformalarda mövqelərinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından da mühüm vasitədir:

“Bu mənada Bakı Bəyannaməsi iki ölkə arasında mövcud siyasi iradənin konkret iqtisadi layihələrə və uzunmüddətli institusional əməkdaşlığa transformasiyasını sürətləndirə bilər".

Qeyd edək ki, Bakı Bəyannaməsi və yeni “Yol xəritəsi” iki ölkənin qanunverici orqanları arasında koordinasiyanı gücləndirməklə yanaşı, qarşıdakı illərdə müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə daha dinamik və nəticəyönümlü şəkildə irəliləməsinə geniş zəmin yaradır.

Çimnaz Telmanqızı