Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
281
23.08.2026, 16:36
Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin inkişafı Cənubi Qafqazla Mərkəzi Asiya arasında formalaşan yeni siyasi konfiqurasiyanın mühüm elementlərindən birinə çevrilir. Bakı və Daşkəndin yaxınlaşmasının əsas siyasi nəticəsi münasibətlərin ikitərəfli çərçivəni aşaraq çoxtərəfli diplomatiya, regional inteqrasiya və türk dünyasında institusional əməkdaşlıq müstəvisinə keçməsidir. Bu, iki ölkənin siyasi imkanlarını birləşdirməklə yanaşı, Xəzərin hər iki sahilində daha koordinasiyalı regional məkanın formalaşmasına zəmin yaradır.
Bu proses ilk növbədə beynəlxalq platformalarda özünü göstərir. Azərbaycan və Özbəkistan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı (TDT), AQEM, Qoşulmama Hərəkatı və digər çoxtərəfli mexanizmlərdə əməkdaşlığı genişləndirirlər. Bakı və Daşkəndin müxtəlif siyasi platformalarda qarşılıqlı dəstək nümayiş etdirməsi müttəfiqliyin diplomatik imkanlarını artırır və milli maraqların beynəlxalq səviyyədə təşviqi üçün əlavə siyasi resurs yaradır.
Azərbaycanın Mərkəzi Asiyaya inteqrasiyası: C5-dən C6-ya yeni siyasi konfiqurasiya
Münasibətlərin regional çəkisini dəyişdirən əsas hadisələrdən biri isə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə inteqrasiyasıdır. 2018-ci ildə Astanada əsası qoyulan bu mexanizmdə Prezident İlham Əliyevin 2023-cü ildə V, 2024-cü ildə isə VI toplantıya fəxri qonaq kimi qatılması Azərbaycanın Mərkəzi Asiya ilə siyasi yaxınlaşmasının ardıcıl xarakter aldığını göstərirdi. Bu proses 16 noyabr 2025-ci ildə Daşkənddə keçirilən VII Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakına dair qərarın qəbul edilməsi ilə yeni mərhələyə keçdi.
C5 kimi formalaşmış regional dialoq faktiki olaraq C6 siyasi konfiqurasiyası qazandı. Burada söhbət sadəcə iştirakçı sayının artmasından getmir. Azərbaycanın daxil olması Mərkəzi Asiyanın siyasi əməkdaşlıq coğrafiyasını Xəzərin qərb sahilinə doğru genişləndirir və Cənubi Qafqazla region arasında yeni strateji bağlılıq yaradır. Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstanda keçirilmiş qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı da Bakının artıq bu mexanizmdə kənar tərəfdaş deyil, regional siyasi dialoqun birbaşa iştirakçısı olduğunu nümayiş etdirdi. VIII Məşvərət Görüşünün 8 oktyabr 2026-cı ildə Türkmənistanda keçirilməsi nəzərdə tutulur.
Mərkəzi Asiya xəttində baş verən bu transformasiya türk dünyasında gedən daha geniş inteqrasiya prosesi ilə paralel inkişaf edir. Bu baxımdan Azərbaycan–Özbəkistan müttəfiqliyinin digər strateji platforması TDT-dir. 2009-cu ildə Naxçıvanda əsası qoyulan təşkilat zamanla tarixi-mədəni həmrəylik formatından siyasi, iqtisadi və təhlükəsizlik maraqlarının uzlaşdırıldığı çoxtərəfli təsisata doğru inkişaf edib.
Bakı–Daşkənd müttəfiqliyi yeni regional siyasi arxitektura formalaşdırır
Ötən il Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə qəbul olunan sənədlərdə təşkilatın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, türk dövlətləri arasında birliyin dərinləşdirilməsi və TDT-nin beynəlxalq nüfuzunun artırılması kimi hədəflərin ön plana çıxması bu transformasiyanın istiqamətini göstərir.
Müttəfiqliyin dayanıqlığını təmin edən başqa bir məqam siyasi dialoqun yalnız prezidentlər səviyyəsində cəmləşməməsidir. Parlament diplomatiyası münasibətlərin ayrıca institusional sütununa çevrilib. Milli Məclisin sədri Sahibə Qafarovanın Özbəkistana altı səfəri, o cümlədən 14–15 may 2026-cı ildə Buxarada keçirilən II Asiya Qadınlar Forumunda iştirakı bu təmasların intensivliyini göstərir. 2025-ci ildə Xivədə I Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumunun keçirilməsi və ikinci forumun bu il Azərbaycanda təşkili planı isə parlamentlərarası dialoqun davamlı mexanizm kimi formalaşdığını təsdiqləyir.
Nəticədə Bakı–Daşkənd xətti artıq yalnız iki müttəfiq dövlət arasında münasibətlərin göstəricisi deyil. Azərbaycanın Mərkəzi Asiyanın siyasi mexanizmlərinə daxil olması, çoxtərəfli platformalarda Bakı–Daşkənd koordinasiyası, TDT daxilində inteqrasiya xəttinin güclənməsi və parlament diplomatiyasının institusionallaşması Cənubi Qafqaz–Mərkəzi Asiya–türk dünyası arasında yeni siyasi bağlılıq yaradır. Bu mənada Azərbaycan–Özbəkistan müttəfiqliyi Xəzərin iki sahilini yaxınlaşdıran və regionda formalaşan yeni siyasi arxitekturaya təsir göstərən strateji amillərdən birinə çevrilir.
23:16 / 24 Oktyabr 2026
140
22:52 / 24 Oktyabr 2026
110
22:34 / 24 Oktyabr 2026
105
22:14 / 24 Oktyabr 2026
83
22:05 / 24 Oktyabr 2026
273
21:42 / 24 Oktyabr 2026
1692
21:28 / 24 Oktyabr 2026
90
21:12 / 24 Oktyabr 2026
93
21:07 / 24 Oktyabr 2026
91
20:52 / 24 Oktyabr 2026
89
20:34 / 24 Oktyabr 2026
95
20:31 / 24 Oktyabr 2026
911
20:12 / 24 Oktyabr 2026
101
20:05 / 24 Oktyabr 2026
101
19:55 / 24 Oktyabr 2026
95
19:40 / 24 Oktyabr 2026
96
19:09 / 24 Oktyabr 2026
134
18:55 / 24 Oktyabr 2026
92
18:40 / 24 Oktyabr 2026
108
18:27 / 24 Oktyabr 2026
102
18:20 / 24 Oktyabr 2026
422
18:13 / 24 Oktyabr 2026
634
18:07 / 24 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.