Qaynar xətt:

(+99450) 247 90 86

15 milyard dollarlıq hədəf: Türkiyə və Azərbaycan ticarətdə yeni mərhələyə keçir—EKSPERTLƏRDƏN ŞƏRH  

15 milyard dollarlıq hədəf: Türkiyə və Azərbaycan ticarətdə yeni mərhələyə keçir—EKSPERTLƏRDƏN ŞƏRH  

SİYASƏT

339

16.06.2026, 17:23

Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər təkcə iki qardaş ölkənin regional tərəfdaşlığı deyil, həm də bütün Avrasiya məkanının geoiqtisadi arxitekturasını yenidən formalaşdıran strateji bir ittifaq xarakteri almaqdadır. Bu gün iki ölkə arasındakı iqtisadi əməkdaşlıq, müasir dünyanın qlobal tədarük zənciri böhranları və geosiyasi risklər fonunda tamamilə yeni bir mərhələyə qədəm qoyur. Xüsusilə regional sülh mühitinin güclənməsi, Cənubi Qafqazdakı geosiyasi risklərin minimuma enməsi və beynəlxalq arenada İran üzərindəki sanksiyaların mümkün yumşalma ssenariləri Bakı ilə Ankara arasındakı iqtisadi inteqrasiyanı ən yüksək səviyyəyə çatdırmaq üçün unikal imkanlar pəncərəsi açır.

İndiyə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) və Cənub Qaz Dəhlizi kimi nəhəng qlobal layihələr iki ölkə münasibətlərinin iqtisadi onurğasını təşkil edib. Lakin növbəti dövrdə əsas sıçrayış yalnız enerji mərkəzli əməkdaşlıqla məhdudlaşmayaraq, çoxölçülü və hərtərəfli iqtisadi inteqrasiyaya keçid etməkdir. Bu çərçivədə, Azərbaycanın Türkiyə vasitəsilə Aralıq dənizinə, Yaxın Şərqə və Afrika bazarlarına açılması, Türkiyənin isə Xəzər hövzəsi və Mərkəzi Asiya ilə iqtisadi bağlarını dərinləşdirməsi növbəti illərin əsas inkişaf istiqamətini müəyyən edəcək.

Mövzu ilə bağlı Oxu24.com-a özəl açıqlamalar verən türkiyəli və azərbaycanlı tanınmış ekspertlər, münasibətlərin gələcək xəritəsini və ticarət dövriyyəsinin artırılması yollarını şərh ediblər.

Doç. Dr. Sezer Bozkuş Kahyaoğlu: "Avrasiyanın yeni geoiqtisadi arxitekturası qurulur"

İzmir Bakırçay Universitetinin dosenti, tanınmış türkiyəli iqtisadçı Doç. Dr. Sezer Bozkuş Kahyaoğlu fundamental strateji hədəfləri diqqətə çatdırıb.

Türkiyəli ekspert ilk növbədə əməkdaşlığın transformasiya mərhələsini şərh edərək bildirir:

“Gələcək dövrdə Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq təkcə iki qardaş ölkə arasındakı ticarət əlaqəsi kimi deyil, eyni zamanda Avrasiyanın geoiqtisadi arxitekturasını yenidən formalaşdıra biləcək strateji bir tərəfdaşlıq kimi qiymətləndirilməlidir. Xüsusilə regional sülh mühitinin güclənməsi, Cənubi Qafqazdakı geosiyasi risklərin azalması və İran üzərindəki sanksiyalarda mümkün yumşalma ssenarisi, iki ölkə arasındakı iqtisadi inteqrasiyanı daha yüksək bir səviyyəyə daşıya bilər.

Bu çərçivədə ən kritik inkişaf sahəsi, enerji mərkəzli əməkdaşlıqdan çoxölçülü iqtisadi inteqrasiyaya keçid olacaqdır. Bu günə qədər Bakı–Tbilisi–Ceyhan boru kəməri (BTC), Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) və Cənub Qaz Dəhlizi kimi layihələr iki ölkə əlaqələrinin iqtisadi onurğasını formalaşdırıb. Lakin qarşıdakı zamanlarda əsl sıçrayış; loqistika, sənaye, rəqəmsal iqtisadiyyat, müdafiə sənayesi, yaşıl enerji, kənd təsərrüfatı texnologiyaları və maliyyə inteqrasiyası sahələrində yaşana bilər. Xüsusilə Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri sadəcə nəqliyyat xətləri deyil; bunlar yeni ticarət coğrafiyasının onurğası ola biləcək geoiqtisadi arteriyalardır”.

Doç. Dr. Sezer Bozkuş Kahyaoğlu açıqlamasındq Azərbaycanın fiziki sərhədlərini aşan geoiqtisadi gücünü bu cür əsaslandırır:

“Regional sülhün bərqərar olması təqdirində Azərbaycan, sadəcə enerji ixrac edən bir ölkə olmaqdan çıxaraq Xəzər hövzəsinin loqistika, ticarət və maliyyə mərkəzi olmaq potensialını gücləndirə bilər. Bu məqamda Türkiyənin rolu kritik bir strateji üstünlük təqdim edir. Azərbaycanın geosiyasi böyüklüyü fiziki olaraq məhdud görünsə də, geoiqtisadi təsiri çox daha böyükdür. Çünki Azərbaycan, Xəzər hövzəsi ile Avropa, Yaxın Şərq və Aralıq dənizi arasında təbii bir keçid qapısıdır. Türkiyə vasitəsilə Aralıq dənizinə və dünya dəniz ticarət yollarına çıxış imkanı, Azərbaycana tarixi mənada böyük bir strateji dərinlik qazandırır. Bu vəziyyət, Azərbaycanın sadəcə “quru ilə əhatə olunmuş bir enerji istehsalçısı” deyil, eyni zamanda “çoxşaxəli regional bağlantı mərkəzi” (connectivity hub) olmasına zəmin yarada bilər”.

Türkiyəli iqtisadçı iki ölkənin birgə istehsal gücü yaratmasının əhəmiyyətini vurğulayaraq yeni bazarlara keçid edir:

“Daha da önəmlisi, Türkiyə üzərindən Yaxın Şərq və Afrika bazarlarına açılmaq imkanı, Azərbaycan iqtisadiyyatı baxımından yeni bir böyümə multiplikatoru yarada bilər. Türkiyənin güclü loqistika infrastrukturu, liman tutumu, istehsal ekosistemi və geniş diplomatik şəbəkəsi nəzərə alındıqda, Azərbaycan sərmayəsinin Türk istehsal və paylama şəbəkələri ilə birləşməsi; enerji, neft-kimya, ərzaq təhlükəsizliyi, müdafiə, infrastruktur investisiyaları və podratçılıq (tikinti) sektorlarında ortaq iqtisadi klasterlər yarada bilər. Bu vəziyyət iki ölkə üçün “tamamlayıcı iqtisadi tərəfdaşlıq” modelini daha görünən edəcəkdir”.

Bölgədə baş verə biləcək geosiyasi dəyişikliklərin iqtisadiyyata təsiri barədə açıqlamada qeyd olunur:

“Xüsusilə İran üzərindəki sanksiyaların yüngülləşməsi və regional normallaşma ehtimalı, Cənubi Qafqaz-Mərkəzi Asiya-Yaxın Şərq oxunda yeni ticarət koridorlarını canlandıra bilər. Belə bir ssenaridə Türkiyə-Azərbaycan xətti, sadəcə bir enerji keçid koridoru deyil; Çindən Avropaya uzanan ticarət şəbəkələrinin təhlükəsiz və sabit bir alternativi halına gələ bilər. Dünya geosiyasətində tədarük zənciri təhlükəsizliyinin və alternativ tranzit marşrutlarının önəm qazandığı bir dövrdə bu ox, qlobal aktörlər baxımından da strateji dəyər istehsal edəcəkdir”.

Ekspert yalnız daxili ticarətlə kifayətlənməməyi, qlobal addımların atılmasını zəruri hesab edir:

“Bu səbəbdən ticarət həcmini artırmaq üçün atılmalı olan addımlar sadəcə gömrük asanlaşdırılması ilə məhdudlaşmamalıdır. Ortaq sərbəst ticarət və investisiya mexanizmlərinin inkişaf etdirilməsi, ortaq sənaye zonalarının qurulması, rəqəmsal gömrük inteqrasiyası, yerli valyutalarla ticarətin artırılması, loqistika xərclərinin azaldılması və ortaq texnologiya-vençur kapitalı fondlarının yaradılması önəm daşıyır. Eyni zamanda Türk və Azərbaycan şirkətlərinin üçüncü ölkələrdə — xüsusilə Yaxın Şərq və Afrikada — ortaq investisiya modelləri hazırlaması, iqtisadi əməkdaşlığı regional bir güc çarpanına çevirə bilər”.

Doç. Dr. Sezer Bozkuş Kahyaoğlu münasibətlərin gələcəyinə böyük bir baxış bucağı təqdim edir:

“Geosiyasi risklərin azalması və regional məhdudiyyətlərin yüngülləşməsi halında Türkiyə-Azərbaycan iqtisadi tərəfdaşlığı sadəcə iki ölkənin ticarət həcmini artıran bir model olmayacaqdır. Bu tərəfdaşlıq, Xəzərdən Aralıq dənizinə uzanan yeni bir iqtisadi coğrafiya yarada biləcək; Azərbaycanı Xəzər hövzəsinin mərkəzi bir iqtisadi aktoru, Türkiyəni isə bu dönüşümün ana loqistika və geoiqtisadi qapısı halına gətirə biləcəkdir. “Bir millət, iki dövlət” anlayışı belə bir ssenaridə sadəcə siyasi bir bəyanat deyil, Avrasiyanın iqtisadi arxitekturasına təsir edən strateji bir inkişaf modelinə çevrilmək potensialı daşıyır.

Qarşıdakı illərdə Türkiyə–Azərbaycan iqtisadi əməkdaşlığında əsas inkişaf sahələri, klassik enerji tərəfdaşlığının hüdudlarını aşaraq loqistika, sənaye, müdafiə, rəqəmsal iqtisadiyyat və regional ticarət şəbəkələri oxunda formalaşacaqdır. Xüsusilə regional sülhün güclənməsi və geosiyasi risklərin azalması halında bu tərəfdaşlıq sadəcə ikitərəfli iqtisadi əlaqə deyil, Avrasiyanın yeni iqtisadi onurğalarından birinə çevrilə bilər”.

Türkiyəli ekspert əməkdaşlığın gələcək inkişaf istiqamətlərini sənəddə bu şəkildə spesifik sahələrə bölür:

“Ən kritik inkişaf sahəsi, şübhəsiz ki, nəqliyyat və loqistika inteqrasiyası olacaqdır. Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri sayəsində Azərbaycanın Xəzər hövzəsi ilə Avropa və Aralıq dənizi arasında bir keçid mərkəzi rolu güclənə bilər. Burada Türkiyənin strateji üstünlüyü çox böyükdür: Azərbaycan, Türkiyə vasitəsilə dənizlərə və qlobal ticarət yollarına çıxış qazanarkən; Türkiyə də Mərkəzi Asiyaya açılan təhlükəsiz bir iqtisadi qapı əldə edir. Xüsusilə Azərbaycanın Türk limanları vasitəsilə Aralıq dənizi, Yaxın Şərq və Afrika bazarlarına çıxa bilməsi, Azərbaycan iqtisadiyyatının miqyası ilə müqayisədə çox daha böyük bir iqtisadi təsir yarada bilər.

Bu səbəbdən aşağıdakı addımlar önəmlidir:

1.Ortaq loqistika mərkəzlərinin və azad zonaların qurulması

2.Dəmir yolu və gömrük inteqrasiyasının sürətləndirilməsi

3.Daşıma xərclərini azaldacaq rəqəmsal sərhəd sistemlərinin inkişaf etdirilməsi

4.Bakı–Qars–Mersin/İskəndərun xəttinin ticari potensialının artırılması

Onun sözlərinə görə, əlaqələrin onurğasını təşkil edən enerji əməkdaşlığı, sadəcə neft və təbii qaz nəqli ilə məhdudlaşmayaraq daha da şaxələnəcəkdir. Bakı–Tbilisi–Ceyhan boru kəməri, Trans-Anadolu Təbii Qaz Boru Xətti və Cənub Qaz Dəhlizi vasitəsilə formalaşan infrastruktur; neft-kimya, neft emalı, enerji saxlanılması, hidrogen və bərpa olunan enerji investisiyalarına çevrilə bilər. Xüsusilə yaşıl transformasiya dövründə iki ölkə, Avropanın enerji təhlükəsizliyi baxımından daha kritik mövqeyə gələ bilər:

“Müdafiə sənayesindəki yaxınlaşma, iqtisadi inteqrasiyaya da transformasiya oluna bilər. Türk müdafiə texnologiyaları ile Azərbaycanın kapital və regional mövqe üstünlüyü birləşərək ortaq istehsal bazaları yarada bilər. Ortaq texnologiya parkları, yüksək əlavə dəyər yaradan istehsal zonaları, süni intellekt, kibertəhlükəsizlik və müdafiə elektronikası investisiyaları ön plana çıxa bilər.

Bəlkə də ən strateji sahə buradır. Azərbaycanın iqtisadi böyüklüyü məhdud görünsə də, geoiqtisadi təsiri böyükdür. Türkiyənin güclü diplomatik şəbəkəsi və loqistika infrastrukturu sayəsində Azərbaycan şirkətləri, Türk firmaları ilə birlikdə Yaxın Şərq və Afrikada ortaq investisiyalara başlaya bilər.

Enerji infrastrukturları, tikinti və podratçılıq, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, liman və nəqliyyat investisiyaları iki ölkə üçün yeni ticarət həcmi formalaşdıra bilər.

Əgər İran üzərindəki sanksiyalarda bir yumuşama olarsa və regional normallaşma baş verərsə, Cənubi Qafqaz ciddi bir iqtisadi dönüşüm yaşaya bilər.

Bu vəziyyətdə Türkiyə–Azərbaycan oxu sadəcə enerji xətti deyil, Xəzər–Aralıq dənizi–Bəsrə körfəzi bağlantısını təmin edən geoiqtisadi bir koridora çevrilə bilər.

Bu gün dünya geosiyasətində tədarük zəncirlərinin şaxələndirilməsi və təhlükəsiz ticarət koridorları kritik əhəmiyyət kəsb edib. Bu səbəbdən Türkiyə–Azərbaycan xətti, qlobal güclər baxımından da strateji önəm daşıyacaqdır”.

İqtisadçı həmçinin əlavə edib ki, İki ölkə arasındakı ticarət həcmini böyütmək üçün bu addımlar kritik görünür: Preferensial (güzəştli) ticarət və investisiya sazişlərinin genişləndirilməsi, yerli valyutalarla ticarətin artırılması, rəqəmsal gömrük və sürətli sərhəd keçid sistemlərinin qurulması, ortaq investisiya fondları və inkişaf bankçılığı mexanizmlərinin yaradılması, Türk və Azərbaycan şirkətlərinin üçüncü ölkələrdə ortaq investisiya qoyuluşlarının təşviq edilməsi, universitet–sənaye–texnologiya əməkdaşlığının artırılması.

Nəticə etibarilə, önümüzdəki dövrdə Türkiyə–Azərbaycan iqtisadi əlaqələrinin taleyini müəyyən edəcək amil sadəcə enerji olmayacaqdır. Türkiyənin Xəzər hövzəsi və Mərkəzi Asiya ilə iqtisadi inteqrasiyasını dərinləşdirməsi olacaqdır. Regional sülhün güclənməsi halında bu tərəfdaşlıq, sadəcə iki ölkənin ticarət həcmini artıran bir model deyil; Avrasiyanın iqtisadi geosiyasətini dəyişdirən strateji bir oxa çevrilə bilər.

Natiq Cəfərli: "15 milyard dollarlıq hədəf üçün gömrük və ikiqat vergi baryerləri təcili aradan qaldırılmalıdır"

Azərbaycanın iqtisadçı eksperti Natiq Cəfərli isə iki ölkə arasındakı mövcud inzibati maneələrə və ticarət dövriyyəsinin real hədəflərinə toxunub. Ekspert bildirib ki, hədəflənən rəqəmlərə çatmaq tamamilə real olsa da, bunun üçün spesifik addımların atılması qaçılmazdır:

“Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin yaxın illərdə, 30-cu ilə qədər 15 milyard dollara çatdırılması bir hədəf olaraq qoyulub. Və bu hədəfə doğru irəliləmək mümkündür, çünki hər il, az da olsa, artımlar müşahidə olunur.

Amma müəyyən bayerlər də var. Bu, gömrük rüsumları ilə bağlı, vergilərlə, ikili vergilərlə bağlı məsələlər, bayerlərdir ki, Azərbaycan və Türkiyə artıq bunları da aradan qaldırmalıdır. Yəni qarşılıqlı ticarət dövriyyəsini biz artırmaq, sərmayə qoyuluşlarını artırmaq istəyiriksə, ikiqat vergiləndirmə sistemindən və gömrük rüsumlarının daha sərbəst olmasına çalışmalıyıq”.

Buna səbəb olaraq iqtisadçı qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər strateji müttəfiqlik o səviyyədədir ki, eyni, başqa ölkələrə tətbiq olunan rüsumların Türkiyəyə tətbiq olunması və yaxud da Türkiyənin başqa ölkələrə tətbiq etdiyi rüsumları Azərbaycana tətbiq etməsi doğru deyil:

“Ona görə də bu inzibati bayerlərin aradan qaldırılmasından sonra Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi yaxın zamanda doğrudan da 15 milyard dollara çata bilər".

Hər iki ekspertin təhlili göstərir ki, Bakı və Ankara oxu artıq adi regional tərəfdaşlıq formatını çoxdan geridə qoyub.

Hazırladı: Çimnaz Telmanqızı