Prezident İlham Əliyev Azərbaycanla bağlı bu məlumatları rəsmən elan etdi — ÇIXIŞ
18 May 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
59
18.05.2026, 18:55
15 may 2026-cı il tarixində Qazaxıstanın qədim və zəngin tarixi-mədəni irsə malik olan, Türk dünyasının mənəvi paytaxtı hesab edilən Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ev sahibliyi etdiyi bu mötəbər zirvədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər üzv ölkələrin dövlət başçıları iştirak ediblər. Sammitin yekununda mühüm siyasi əhəmiyyət kəsb edən “Türküstan Bəyannaməsi” imzalanıb.
Hazırkı mürəkkəb qlobal geosiyasi şəraitdə baş tutan bu görüşün əsas siyasi və iqtisadi əhəmiyyəti barədə politoloq Elçin Abdullayev Oxu24.com-a danışıb.
Politoloq Elçin Abdullayev ilk olaraq təşkilatın qeyri-rəsmi görüşünün hazırkı qlobal şəraitdəki roluna diqqət çəkib. Ekspert bildirib ki, Türk Dövlətləri Təşkilatının Türkistanda baş tutan qeyri-rəsmi görüşünün əsas əhəmiyyəti hazırkı geosiyasi şəraitdə Türk dünyasının təkcə mədəni birliyi ilə bağlı deyil, eyni zamanda strateji güc mərkəzi kimi formalaşmağa başladığını nümayiş etdirməsindən irəli gəlir.
Müsahibimiz dünyadaki mövcud hərbi-siyasi böhranları xatırladaraq birliyin zəruriliyini vurğulayıb:
“Bilirsiniz ki, hazırda dünyamız çox həssas və çətin bir dönəmdən keçir və belə bir vaxtda Türk Dövlətləri Təşkilatı ölkələrinin bir araya gəlməsi, düşünürəm ki, vacib və əsas şərtlərdən biri idi. Bir tərəfdə baxırıq ki, Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə ABŞ, İsrail, İran müharibəsi, bir başqa tərəfdə Qərb-Rusiya arasında aparılan rəqabət, tamamilə bir başqa tərəfdə ABŞ-Çin arasında aparılan mübarizə, istər-istəməz Türk Dövlətləri Təşkilatının bir araya gəlməsini və birgə səslərini ucaltmasını zəruri edən amillərdən biridir. Hesab edirəm ki, Türk dövlətlərinin bir araya gəlməsi, eyni zamanda təkcə region üçün deyil, həm də dünya üçün müxtəlif bir mesajlar vermiş olur".
E.Abdullayev qeyd edib ki, dövlətlərin bir araya gəlməsi həm regional, həm də qlobal səviyyədə konkret istiqamətləri özündə ehtiva edir:
“Əvvala, Türk dövlətləri təhlükəsizlik və siyasi məsələlərdə koordinasiyanı artıra bilir. Dəhliz layihəsi üzərindən Avropa-Asiya ticarətində Türk coğrafiyasının rolu artmış olur və yaxud da böyümüş olur. Enerji, logistika və nəqliyyat baxımından Azərbaycan-Qazaxıstan və Türkiyə xətti daha da strateji ala (hala) gəlir.
Başqa bir tərəfdən, Türk dünyası bu birlik üçün addım atmaqla, eyni zamanda qlobal proseslərə, təkcə regional deyil, eyni zamanda qlobal proseslərə təsir etmək iddiasını ortaya qoymuş olur”.
Politoloq xüsusilə vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının son illərdə birgə addım atması və yaxud da daha da bir-birlərinə yaxınlaşmasında Azərbaycanın rolu xüsusi diqqət çəkir. Çünki Azərbaycan həm Türkiyə ilə strateji müttəfiqdir, həm də Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Avropaya bağlayan əsas körpüdür. Yəni, bu Azərbaycanın yerləşdiyi təbii olaraq coğrafiya ilə bağlıdır. Amma burada coğrafiyadan da öncə, təbii olaraq yeridilən siyasətin də öz rolu var.
Vətən müharibəsinin təşkilat daxili inteqrasiyaya təsirlərindən danışan ekspert fikirlərinə belə davam edib:
“Xüsusən də, bütün dünyanın da bildiyi kimi, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanla Türkiyənin birgə addım atması və Qarabağın işğaldan azad edilməsi, düşünürəm ki, Azərbaycanın regiondakı nüfuzunu ciddi mənada artırmış oldu və eyni zamanda Türkiyə ilə Azərbaycanın birgə addımı və atılan uğurun imzası Xəzərin digər tərəfindən olan Türk dövlətləri üçün də bir stimul olmuş oldu. Bu baxımdan, Bakının Türk Dövlətləri Təşkilatı daxilində aparıcı siyasi və nəqliyyat mərkəzlərindən birinə çevrildiyini desək yanılmış olmarıq".
Politoloq Türk Dövlətləri Təşkilatının zirvə toplantısının Türküstan şəhərində keçirilməsinin də təsadüfi olmadığını düşünür. Bu şəhər Türk dünyasının mənəvi paytaxtlarından biri sayıldığı üçün zirvə həm siyasi, həm də simvolik xarakter daşıyır.
Sonda müsahibimiz təşkilatın gələcək perspektivlərinə toxunaraq əsas hədəfləri müəyyənləşdirib:
“Bunu da xüsusi qeyd etmək lazımdır ki, Türk dövlətlərinin gələcəkdə nə qədər güclü təşkilata çevrilməsi əsasən atılacaq addımlardan asılıdır. Bu addımlar xüsusilə iqtisadi inteqrasiyanın dərinliyindən, eyni zamanda ortaq bazar, ortaq kimlik, ortaq maraqlar, ortaq investisiya layihələri və nəqliyyat, siyasət, yəni bunların hamısı həyata keçirilərsə, təbii olaraq hesab eləyirəm ki, bu platforma Avrasiya siyasətinin ən vacib platformalarından birinə çevriləcək",-deyə Elçin Abdullayev vurğulayıb.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
19:43 / 18 May 2026
40
19:41 / 18 May 2026
25
19:39 / 18 May 2026
25
19:21 / 18 May 2026
152
19:18 / 18 May 2026
37
19:15 / 18 May 2026
49
19:12 / 18 May 2026
82
19:05 / 18 May 2026
285
18:59 / 18 May 2026
68
18:12 / 18 May 2026
104
18:03 / 18 May 2026
382
18:02 / 18 May 2026
91
18:00 / 18 May 2026
61
17:53 / 18 May 2026
134
17:49 / 18 May 2026
63
17:44 / 18 May 2026
60
17:28 / 18 May 2026
284
17:25 / 18 May 2026
69
17:11 / 18 May 2026
1749
17:05 / 18 May 2026
79
17:03 / 18 May 2026
572
17:01 / 18 May 2026
66
16:55 / 18 May 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.