Kinomuz yetim qaldı — Rasim Balayev MÜZAKİRƏSİ
31 Mart 2026, 12:33
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
129
31.03.2026, 16:36
Azərbaycan xalqının yaddaşına silinməz ağrılarla həkk olunmuş 1918-ci ilin Mart hadisələrindən 108 il ötür. Uzun illər "vətəndaş müharibəsi" adı altında gizlədilən, əslində isə millətimizin varlığına qəsd edən bu dəhşətli soyqırımı bu gün necə anlamalıyıq? Bolşevik-daşnak ittifaqının Bakı nefti uğrunda apardığı çirkin siyasətin qurbanı olan on minlərlə soydaşımızın qisası və tarixi həqiqətlər dərsliklərimizdə necə əks olunur?
Oxu24.com -un əməkdaşı mövzu ilə bağlı Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi, orta məktəblər üçün tarix dərsliklərinin və “Zəfər tarixi" dərs vəsaitinin həmmüəllifi Pərviz Ağalarov ilə həmsöhbət olub.
Müəlliflə müstəmləkə zülmündən doğan müdafiəsizlik, Şaumyanın "müdhiş" missiyası və tarixin qanlı dərsləri barədə geniş müsahibəni təqdim edirik:
-Bu gün biz 31 mart soyqırımını necə anlamalıyıq?
-Dövlətsizliyin gətirdiyi bəla kimi. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal edildikdən sonra yüzilliklər boyu bu coğrafiyanın söz sahibi olan ağa və hakim xalqdan kölə xalqa çevrilməyə başladıq. Şimali Azərbaycan torpaqları rus müstəmləkə zülmü altına düşdü. Artıq qanunları biz vermir, idarəçiliyi biz etmirdik. Üstəlik müsəlman və türk olduğumuzdan rus imperiyasının etibar tərəzisində ən sonuncu yerdə idik. Vaxtilə bütün Cənubi Qafqaz coğrafiyasının hakimi olan türk-müsəlman əhalisi məhkum vəziyyətinə düşmüşdü. Müstəqilliyin itirilməsi sadəcə işğal deyildi, həm də müstəqil iradənin itirilməsi idi. Ordudan, hərb işindən uzaqlaşdırılmağımız isə daha böyük itki idi. Çar Rusiyasının bu addımı - müsəlmanları hərb işindən uzaqlaşdırılması- azərbaycanlıların özünümüdafiə hüquqlarına böyük zərbə oldu. Özünüqoruma instiktlərinin zəifləməsi, zadəgan zümrəsinin də çar hakimiyyətinə müəyyən qədər inamı ona gətirib çıxardı ki, xalq hər hansı təhlükəyə qarşı müdafiəsiz duruma düşdü. 1918-ci ildə mart ayının sonlarından başlanan soyqırım o dövrə qədərki 100 illik rus əsarətinin bolşevik şinelində davamı, daha sərt təzahürü idi. Qısacası, əgər rus istilası olmasaydı bölgənin türk-müsəlman əhalisinə qarşı bu dəhşətli soyqırımlar da baş verməzdi.
-1918-ci ilin mart hadisələrinin baş verməsinə səbəb olan əsas amillər nələr idi?
-Mart soyqırımlarına Rusiyada baş verən bolşevik çevrilişinin Azərbaycandakı inikası kimi baxılmalıdır. Birinci dünya müharibəsi çarlıq Rusiyasının, Rusiyanı tam 304 il idarə edən Romanovların sonunu gətirdi. Sülalə hakimiyyətini Müvəqqəti Hökumət əvəz etdi. Bu hökumətin qəbul etdiyi əsas qərarlardan biri belə idi: Rusiyanın gələcəyi, siyasi quruluşu seçkilər əsasında formlaşacaq Müsəssislər Məclisində həll edilməli idi. Lakin hökumətin zəifliyindən və çar Rusiyasından miras qalan sosial-iqtisadi, siyasi problemlərdən məhz V.İ.Leninin başçılıq etdiyi bolşeviklər ustalıqla yararlandı. 1917-ci ildə hakimiyyətə gələn bolşeviklər sözdə Rusiya imperiyası ərazisində yaşayan xalqlara muxtariyyat və öz müqəddaratını təyin etmə hüququ vəd etsələr də, özdə imperiyanı dağıtmaq istəmirdilər. İmperiyaya daxil olan ərazilər içərisində isə həm strateji mövqeyinə, həm də təbii sərvətlərinə görə Azərbaycan mühüm yer tuturdu. Lenin Rusiyasının xüsusilə Bakı neftinə böyük ehriyacı var idi. Rusiyanın neftə tələbatının 80%-dən çoxunu Bakı ödəyirdi. Bakısız Rusiya qana kəskin ehtiyacı olan xəstəyə bənzəyirdi. O "qan" neft idi! Rusiya sənayesi o neft olmadan iflic vəziyyətinə düşürdü. Məhz buna görə bolşeviklərin ilk hədəfi Bakı, sonrakı hədəfi Bakı quberniyası və bütün Cənubi Qafqaz idi. Sual oluna bilər ki, bu soyqırım baş verməyə bilərdimi? Bəlkə də.. Amma Leninin müdhiş qərarı, yəni 1917-ci ilin dekabrında Bakı Soveti rəhbərliyinə əvvəllər "Daşnaksütyün" partiyasının üzvü olmuş, sonralar isə bolşevik partiyasına (RSDFP) keçən Stepan Şaumyanın gətirilməsi gələcək soyqırımının ilk işartısı oldu. O, təkcə Bakı Sovetinin rəhbəri deyil, həm də Cənubi Qafqaz üzrə bolşevik hökumətinin fövqəladə və səlahiyyətli komissarı təyin edilmişdi. Beləliklə, bolşeviklərin imperiya maraqları "Böyük Ermənistan" xülyası ilə alışıb yanan erməni millətçilərinin məqsədləri ilə çulğalaşdı. Bakı Sovetinin silahlı qüvvələrinə başçılıq edənlərin çoxusu -Lalayan, Hamazasp, Ter-Avetisov- daşnak təfəkkürlü ermənilər idi. Məhz bu amil türk-müsəlman əhalisinə qarşı qırğınların törədilməsində ən həlledici məqamlardan biri oldu. Bakı və Bakı quberniyasının dinc əhalisi etnik təmizləmənin qurbanlarına çevrildilər. Bakı Sovetində yuva quran bolşevik libasına bürünmüş erməni millətçilərinin 1918-ci ilin mart-sentyabr ayları arasındakı dövrdə 50 mindən artıq mülki əhalini xüsusi amansızlıqla qətlə yetirdiyi tarixi sənədlər , tapılan kütləvi məzarlıqlar sübut etməkdədir. Dincə əhalini dəst-xətti isə 1905-1906-cı illərdə müsəlman əhaliyə qarşı törədilən vəhşi üsüllarla eyniyyət təşkil edirdi. Təəssüf ki, sonralar bu amansız qətliam metodlarının Qardağalı , Xocalı, Ağdaban aoyqırımlarında yenidən şahidi olduq. Qoca tarix unudanları bağışlamır...
-Bu hadisələr hansı coğrafiyanı əhatə edirdi və ən çox hansı bölgələr zərər çəkdi?
Həmçinin oxuyun
-Bakı Sovetnin , orada yuva qurmuş erməni millətçilərinin törtədiyi soyqırımlar Qubadan Lənkəranadək bütün Bakı quberniyasını əhatə etmişdir. Bakının, Şamaxı və Qubanın, Lənkəran qəzasını dinc müsəlman əhalisi insanlığa yaraşmayan ən vəhşi üsullarla, xüsusi amansızlıqla qətlə yetirilmşdi. Qadın, qoca, uşaq demədən türk və müsəlman olduqları üçün yerli əhali qanına qəltan edilirdi.
-Bu hadisələrin təşkilatçıları və iştirakçıları kimlər idi?
-Bütün sovet hakimiyyəti dövründə üstü ciddi-cəhdlə örtülən, adına vətəndaş müharibəsi qoyulan bu soyqırımların məsuliyyəti sözsüz ki, Rus-bolşevik hökumətinin üzərinə düşür. Yəni, bu qırğınların, cinayətin ilk təşkilatçısı V.İ.Leninin özü və onun rəhbərlik etdiyi partiya, eyni zamanda RSFSR Xalq Komissarları Soveti idi. Təsadüfi deyil ki, S.Şaumyan atdığı addımların Sovet Rusiyasında həyata keçirələn "islahatlara" uyğunlaşdırdığını bəyan edirdi. Ona dəstəyi, hərbi yardımları da Sovet Rusiyası edirdi. Mart soyqırımları bolşevik-daşnak ittifaqının birgə "əsəri" idi. Bu dəhşətli "əsərin" hər səhifəsi günahsız türk-müsəlman qanı ilə yazıldı, tamamlandı.. Yerli əhalini yalnız bir istəyi vardı: müstəqil yaşamaq! Bu istəyin qarşısını nə bolşevik-daşnak itttifaqı, nə də onların törətdiyi qırğınlar ala bilməzdi. Mart soyqırımlarında qanı tökülən dinc əhali müstəqillik yolunda verdiyimiz ilk qurbanlardır desək, yəqin ki, yanılmarıq. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu soyqırımları araşdırmaq üçün xüsusi fövqəladə komissiya yaratmışdı. Lakin bu komissiyanın topladığı materiallar sovet hakimiyyəti dövründə xalqdan gizlədildi. Mart soyqrımılarına hüquqi qiymət bu soyqırımlardan yalnız 80 il keçdikdən sonra verildi. 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.
Allah Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğurnda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!!!
-Allah rəhmət eləsin.
Müsahibəni apardı: Çimnaz Telmanqızı
18:24 / 31 Mart 2026
1
18:09 / 31 Mart 2026
33
18:00 / 31 Mart 2026
33
17:41 / 31 Mart 2026
34
17:20 / 31 Mart 2026
46
17:15 / 31 Mart 2026
42
17:05 / 31 Mart 2026
739
17:02 / 31 Mart 2026
63
16:53 / 31 Mart 2026
303
16:50 / 31 Mart 2026
206
16:50 / 31 Mart 2026
39
16:35 / 31 Mart 2026
47
16:20 / 31 Mart 2026
68
16:12 / 31 Mart 2026
1389
16:01 / 31 Mart 2026
65
15:49 / 31 Mart 2026
77
15:46 / 31 Mart 2026
64
15:35 / 31 Mart 2026
61
15:33 / 31 Mart 2026
59
15:15 / 31 Mart 2026
66
15:07 / 31 Mart 2026
57
15:05 / 31 Mart 2026
64
14:58 / 31 Mart 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.