Metro ilə bağlı vacib AÇIQLAMA: 10 prioritet istiqamət üzrə
27 May 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
239
29.05.2026, 17:23
Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqında qurultay keçirildi və Əli İsa Cabbarov sədr seçildi. Həmin andan kino adamları iki yerə bölündü. Müzakirələr hələ də səngiməyib — bəziləri bu seçimi yeni bir nəfəs kimi qarşılayır, bəziləri dərindən narahatla izləyir. Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev ikinci qrupdandır. Onun üçün söhbət yalnız bir seçkidən getmir — bu, Azərbaycan kinosunun uzun illər boyu yığılıb bu günə gəlib çıxmış böhranının üzə vurulmasıdır. Sənətkarın vətəndaşlıq mövqeyi, ittifaqın missiyası, Rüstəm İbrahimbəyov faktoru və kino dünyasının içindən keçdiyi parçalanma — Ayaz Salayev bunların heç birindən yan keçmir. Və danışanda susmur.
Oxu24.com-un əməkdaşı gündəmi zəbt edən məsələni müzakirə etmək üçün Ayaz Salayevlə görüşüb.Həmin müsahibəni təqdim edirik:
Kino İttifaqındakı seçkilərdə olmadınız — kənardan bu prosesi necə izləyirsiniz?
— Mən, sözün düzü, bu ittifaqın üzvü deyiləm və artıq heç vaxt olmayacam. İttifaqlar ayrılanda belə bir təəssürat oyandı ki, bu ittifaqları yuxarıdan ayırıblar, göstərişlə. Amma əslində bu parçalanma çox qanunauyğun bir hadisə idi. Rüstəm İbrahimbəyov ittifaqı öz şəxsi ofisinə çevirmişdi, katiblikdə bir nəfər nüfuzlu rejissor belə qalmamışdı. İttifaqlar ayrıldıqdan sonra mən Şəfiqə Məmmədovanın idarə etdiyi ittifaqa getdim. O vaxt deyirdim ki, ittifaqlar birləşsə mən ora getməyəcəm, üzv olmayacam.Məncə, Şəfiqə xanım səhv elədi o birləşməyə getdi. Nəinki birləşməyə getdi, hətta ikinci adam olmağa razılaşdı.
— Siz niyə ora getmədiniz? Əsas səbəb nədir?
— Əsas səbəblərdən biri odur ki, Rüstəm İbrahimbəyov ölkənin prezidentliyinə namizədliyini irəli sürəndə və bununla ittifaqı 5-ci kolona çevirəndə, oradakı adamlardan biri də etiraz edib o təşkilatdan çıxmadı, biri də etirazını bildirmədi...Nəinki etiraz, heç xırda bir narazılığ da bildirmədilər. Bu hansı anlama gəlir? Nəticə çıxarmaq asandır...Ona görə də mən hər şeyə biganə olan adamların arasında ola bilmərəm.
— Əli İsa Cabbarovun seçilməsi ilə bağlı nə düşünürsünüz?
— Adını çəkdiyiniz şəxsin seçilməsindən sonrakı bu qalmaqallı hadisələr kinomuzda baş verən deqradasiya prosesinin ifadəsidir. Əli İsa Cabbarov, eşitdiyimə görə, yaxşı işləyir, bacarığlı və zəhmətkeşdir. Amma mənim fikrimcə, bu cür təşkilatın başında məsələn Bəstəkarlar İttifaqının başında duran Firəngiz Əlizadə, Rəssamlar İttifaqının başında duran Fərhad Xəlilov, AYB sədri Anar kimi cəmiyyətdə nüfuzu olan bir şəxs durmalıdır.
— Səbəb nədir? Axı Əli İsa Cabbarov kino sahəsində bir çoxları üçün hörmətli adamdır.Onun da tərəfdarları var.
— Bilirəm, tərəfdarları çoxdur. Xüsusilə, gənc nəsil arasında. Hansı səbəblərdən? Sizə bir misal gətirim. Məşhur rejissor Cahangir Mehdiyevin sözlərinə görə, Əli İsa Cabbarov ona dedi ki, "xoşun gəlmir, çıx get." Ya da buna oxşar hansısa sözləri. Gələn il Cahangir Mehdiyevin Kinematoqrafçılar İttifaqı üzvlüyünün 60 ili tamam olacaq. 60 ildir bu ittifaqın üzvüdür. Sənəd imzalandı, imzayanlar arasında Oqtay Mirqasımov, Cavanşir Quliyev, Vaqif Mustafayev və başqaları var. Əli İsa Cabbarovun heç bir vecinə deyil. Əslində o, bu adamların yanına özü gəlməli, söhbət etməlidir ki, getməyin. Amma o utanmadan deyir ki, o sənəd, o müraciət qanuni deyil, mən onu saymıram. Niyə o belə aparır özünü? Əslində o nə etdiyini çox gözəl bilir. Çox gözəl oyunçudur. Sadəcə o başqa qüvvələrə güvənir və onların təlimatına uyğun özünü belə aparır. Tarixdə bildiyimiz kimi inqilabı belə edirlər. Hər bir inqilabın başçısı deyir ki, bizdən əvvəlkilər heç nə etməyib, biz edəcəyik. Bəli, onlar heç nədir, biz yaxşısıyıq. Bu cür rəhbərlər adamlarda olan natamamlıq kompleksinə əsaslanır. Biz onu dünya tarixindən yaxşı bilirik. Gələcək diktator sadə adamların zadəganlara olan nifrətə güvənir.
İttifaqın təzə seçilən rəhbəri də çox yaxşı bilir: necə səsləndirmək lazımdır, nə demək lazımdır, nüfuzlu adamlarla münasibəti necə saxlamaq lazımdır.
— Belə qalmaqallı hadisələrdə bir sualda yaranır Kinematoqrafçılar İttifaqı bu gün nəyə lazımdır? İttifaqın vəzifəsi nədir?
— Yaradıcı ittifaqlar 1934-cü ildə yaranıb — Yazıçılar İttifaqı birinci yaranıb. Kino ittifaqları artıq Stalindən sonra, Xruşşov dövründə yaranıb. Bu ittifaqları Stalin vaxtında yaratmaqdan məqsəd sənət adamlarını öz yumruğunda saxlamaq idi. İttifaq üzvü olmasan — kinematoqrafçı kimi çalışa bilməzsən. Mənə elə gəlir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı 1980-ci ildə Həsən Seyidbəylinin vəfatı və Rüstəm İbrahimbəyovun ora rəhbər gəlməyi ilə mənəvi olaraq öldü. Şəxsən özümə qalanda, bu ittifaqlara minnətdar olmağıma heç bir səbəb yoxdur. Fəxri ada məni "Azərkinovideo" təşkilatından rejissor Hüseyn Mehdiyev təqdim etmişdir. Kinematoqrafçılar gildiyası var, aktyorlar gildiyası var və s. Onların əsasında ölkədə Kino Akademiyasını yaratmaq olardı.Kino Akademiyası yaransaydı, kino ittifaqını əvəz edərdi və indiki qalmaqal, indiki tam qeyri-müəyyənlik olmazdı. Çox maraqlıdır ki, bəzi saytlar Əli İsa Cabbarovun sədr seçilməsini yazdı, daha sonra saytlar həmin məlumatı çıxardıb. Tam belə bir qeyri-müəyyənlik içindəyik.
— Sənətkarların vətəndaşlıq mövqeyindən danışdınız — bu gün mövqe haradadır?
— Kino İttifaqin həm sabiq, həm indiki rəhbərlərin dediyi çox məsuliyyətsiz, nüfuzlu təşkilata yaraşmayan ifadələrə rast gəlmək olar, məsələn, “mənim farslardan zəhləm gedir”, “yəhudi ana kimi” və s. Amma lazım olanda susurdular. Heç bir münasibət bildirilmədi. Nə Qarabağin işğalında, nə Vətən Müharibəsi vaxtı, nə də qələbədə. Min dənə misal gətirə bilərəm. Məsələn, dünyada milliyyətcə azərbaycanlı olan ən məşhur rejissor Cəfər Pənahidir. Bu bir neçə dəfə İranda həbs olundu. Mən təklif edirdim ki: gəlin bir etiraz yazaq, ona dəstək verək. Cənab Prezident özü də deyib ki, Arazın o tayındakı azərbaycanlıların taleyi bizi narahat edir. Heç bir reaksiya yox idi. Tam hər şeydən kənarda qalmaq. Əvvəlki nəsil belə deyildi. Yadımdadır, Tofiq Tağızadə, kinostudiyada ermənilərə qarşı, Moskvaya o vaxt etiraz məktubu yazırdı — qapıları döyə-döyə, imzaları toplayırdı. Yaşlı bir adam, məşhur rejissor dəhlizləri gəzirdi. Mənə də dedi: "Qorxma, imzala." Sadəcə hamıya belə sözlərlə deyirdi. Yadımda qalıb.
— İstərdim təkrar seçkiyə qayıdaq. Qurultayda illər boyu kamera arxasında birlikdə işləyən həmkarların bir-birinə hücumunu izlədiniz. Artıq kino adamlarının birliyi pozulubmu?
Həmin o birlik hələ İbrahimbəyovun vaxtında pozulmuşdur. Hörmətli adamları alçaldırdı.Məsələn, Tofiq Tağızadə kimi rejissorun dalınca “qniloy” deməyinin özüm şahidi olmuşam.
— Hələlik tam rəsmi qərar olmayıb. Yəni Ədliyyə Nazirliyi seçkini tanımayıb. Əli İsa Cabbarovun yerinə yenidən Şəfiqə Məmmədovanın qayıtması mümkündürmü?
— Çətin. Görürəm ki, çox adam sosial şəbəkələrdə Əli İsa Cabbarovu dəstəkləyir. Təəssüf ki, hələ bilmirlər söhbət nədən gedir. Şəfiqə xanıma gəldikdə isə o iki səhv qərar verdi. Birincisi, daha çox işləməli idi. İkincisi, o birləşməyə görə getməməli idi. Ən azından ona görə ki, bu ittifaqın adamları prezident seçkilərində Rüstəm İbrahimbəyovu dəstəkləmişdilər.
— Rüstəm İbrahimbəyov məsələsinə gəlsək — Əli İsa Cabbarov onun yolunu davam etdirəcəyini deyir. Siz bunu necə qəbul edirsiniz?
— Düz vurğulayırsınız — hardasa oxumuşam, deyirdi ki, ittifaq Rüstəm İbrahimbəyovun şanlı yolunu davam etdirəcək. Əslində bu belə də olmalı idi. Seçilən sədr Rüstəm İbrahimbəyovun kreaturasıdır. "Şanlı yol" — bu ayrıca bir söhbətdir, beşinci kolon siyasətidir. Rüstəm İbrahimbəyov açıq deyirdi ki, Azərbaycanı Rusiyanın tərkibində görür.
İndi baxın görün, müstəqil ölkəmizin kinosuna gələn yeni nəslin dünya görüşü necə formalaşacaq.
Müsahibəni apardı: Miri Məcidli
18:39 / 29 May 2026
1
18:29 / 29 May 2026
26
18:19 / 29 May 2026
43
18:09 / 29 May 2026
44
17:56 / 29 May 2026
173
17:48 / 29 May 2026
77
17:40 / 29 May 2026
57
17:27 / 29 May 2026
64
17:15 / 29 May 2026
272
17:09 / 29 May 2026
56
16:56 / 29 May 2026
187
16:55 / 29 May 2026
84
16:55 / 29 May 2026
153
16:45 / 29 May 2026
62
16:39 / 29 May 2026
544
16:37 / 29 May 2026
172
16:25 / 29 May 2026
835
16:21 / 29 May 2026
84
16:02 / 29 May 2026
77
15:49 / 29 May 2026
252
15:17 / 29 May 2026
103
15:09 / 29 May 2026
85
15:06 / 29 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.