Azərbaycanda bu sözdən yalandna istifadə edənlər 800 manat cərimələnəcək
05 Dekabr 2025, 12:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2081
30.11.2025, 19:25
Ramiz Mehdiyev işi ətrafında aparılan istintaq ölkənin siyasi həyatını silkələyib. Akademik Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı gizli siyasi şəbəkənin ifşası fonunda artıq təkcə sabiq administrasiya komandası deyil, illərlə “müxalifət” adı altında çıxış edən strukturlar da fokusda görünür. Əli Kərimlinin, Məmməd İbrahimin həbsindən, Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılıb Bakı ekstradisiyasını gözləməsindən sonra diqqət təbii ki, bu konstruksiyanın “mərkəzi fiquru” sayılan Cəmil Həsənlinin üzərinə yönəlib.
Oxu24.com bildirir ki, tarix professorunun son iki günə təsadüf edən son paylaşımları, özünü və həmfikirlərini müdafiə edən statusları əslində “şifrəli mesajlar” kimi oxunur: həm tərəfdar auditoriyaya siqnal, həm də istintaqa qarşı iz azdırma cəhdləri…
Ramiz Mehdiyev işi: müxalifətə qədər uzanan istintaq zənciri
Məlum olduğu kimi, hazırda ölkə gündəmində “Ramiz Mehdiyev işi” ilə bağlı həbslər mərkəzdə dayanır. Dövlətə xəyanət, xarici mərkəzlərlə gizli əməkdaşlıq, siyasi sistemdə paralel güc mərkəzi qurmaq ittihamları üzrə bir neçə şəxsin saxlanılması artıq rəsmən təsdiqlənib.
29 noyabrda AXCP sədri, Milli Şura rəhbərlərindən olan Əli Kərimli həbs olundu, onun ən yaxın silahdaşlarından Məmməd İbrahim də saxlanılanlar arasına qatıldı. Onların adının məhz “Ramiz Mehdiyev işi” ilə birlikdə çəkilməsi, uzun illər “hakimiyyət-müxalifət qarşıdurması” kimi təqdim olunan xəttin əslində daha mürəkkəb fonda – Kremlin layihəsi çərçivəsində formalaşdığını bir daha gündəmə gətirdi.
Bu zəncirdə digər vacib halqa – Milli Şura rəhbərlərindən Gültəkin Hacıbəyli hazırda Türkiyədə saxlanılır; Arnavutköy Miqrantların Saxlanma Mərkəzində Azərbaycan tərəfinin ekstradisiya tələbi üzrə sənədləşmə prosesi gedir. İddialara əsasən, o da həm “Ramiz Mehdiyev işi”, həm də 2013-cü ildə dövlət çevrilişi cəhdi kimi tarixə düşmüş “Milyarderlər İttifaqı – Milli Şura” layihəsi üzrə istintaqa ifadə verəcək əsas şəxslərdən sayılır.
Belə vəziyyətdə on iki ildir Milli Şuraya rəhbərlik edən Cəmil Həsənlinin diqqət mərkəzinə düşməsi labüd idi. Çünki o, Kreml konstruksiyasının ideoloji üzüdür, müxalifət düşərgəsi ilə Rusiya kəşfiyyatının vasitəçisi, Moskva layihəsinin ictimai rəydə legitimləşdirilməsində əsas rol oynayan fiqurdur.
“Milyarderlər İttifaqı” və Milli Şura: Moskva mərkəzli layihənin kökləri
Bu gün Cəmil Həsənli özünü “milli demokratik mübarizənin siması” kimi təqdim etməyə çalışsa da, 2012–2013-cü illərin açıq mənbələrində tam başqa tablo görünürdü. Həmin illərdə Azərbaycan mətbuatında geniş şəkildə yazılırdı ki, Moskvada toplaşan azərbaycan kökənli oliqarxlar “Milyarderlər İttifaqı” quraraq, ölkəmizin daxili siyasətində hakimiyyət dəyişikliyi ssenarisini hazırlayırlar.
Layihəyə görə, Rusiyada varlanmış biznesmenlər Azərbaycan siyasətinə Kremlin emissarları kimi sızmalı, burada “keçid hökuməti” təşkil etməli, seçkilər vasitəsi ilə mövcud hakimiyyətin dəyişməsini maliyyələşdirməli idilər. Bu mexanizmin siyasi vitrini kimi isə öncədən Bakıda Rusiya kəşfiyyatının qurduğu Ziyalılar Forumu, daha sonra isə Milli Şura modeli meydana çıxarıldı.
Sabiq baş nazirin birinci müavini Abbas Abbasov bu prosesin əsas simalarından biri kimi vəzifələndirildi. O, həm “Milyarderlər İttifaqı”nın Azərbaycan siyasəti ilə birbaşa əlaqələndiricisi, icraçı-ideoloqu, həm də Kremlin planının yerli təminatçısı kimi təqdim olunurdu. Onun ən yaxın dostlarından biri Rüstəm İbrahimbəyov idi – məşhur kinodramaturq, “Oskar”lı soydaşımız.
Məhz Rüstəm İbrahimbəyovun timsalında Moskva layihəsi Azərbaycan müxalifətinin içinə qədər gətirildi. O, artıq tez-tez Bakıya gəlir, qurduğu Ziyalılar Forumu ilə partiyalarüstü missiya nümayiş etdirir, toplantılar, bahalı furşetlər tərtib edir, özünü və məşhur adını müxalif seqmentə qəbullandırırdı. Müxalifət liderləri Oskarlı dramaturqla foto çəkdirib, yaymaq yarışına girmişdilər; hər kəs onu az qala Putinin emissarı hesab edirdi və bu yaşlı sənətçi vasitəsi ilə hakimiyyətə gələ biləcəklərini var sayaraq, onun hər sözünə əməl etməyə çalışırdılar. İbrahimbəyov bu münbit atmosferdən yararlandı: ona tapşırılan missiya əsasında o dövrün aparıcı müxalif təşkilatlarının rəhbərləri ilə tək-tək görüşdü, uzun müzakirələrdən sonra Milli Şuranın yaradılması, müxalifətin vahid çətir altında birləşdirilməsi barədə razılıq əldə olundu.
Həmin vaxta qədər müxalifətin “üst qurumu” sayılan İctimai Palata bu prosesdən sonra özünü faktiki buraxdı və strukturu ilə birlikdə Milli Şurada əriyib getdi. Beləliklə, Kremlin layihəsi olan Milli Şura Azərbaycanda müxalifət adına çıxış edən əsas platformaya çevrildi.
Cəmil Həsənlinin siyasi karyerası: deputatlıqdan Moskva layihəsinin ön vitrinə
Cəmil Həsənlinin bu zəncirdə yeri təsadüfi deyildi. O, daha əvvəl – 2000 və 2005-ci illərdə iki çağırış parlament deputatı seçiləndə artıq Ramiz Mehdiyevə yaxın ziyalı kimi tanınırdı. Açıq mənbələrdə professorun Ramiz Mehdiyev haqqında yazdığı tərifli məqalələrə, onun üçün yazdığı kitablara, rəylərə istinad edilir; həmin dövrdə deputat mandatının da məhz Administrasiya rəhbərinin dəstəyi ilə alındığı iddia olunur.
Yəni 2000–2010-cu illərdə Cəmil Həsənli faktiki olaraq Ramiz Mehdiyevin siyasi orbitində olan, onun ideoloji tezislərini yayan “mirzə” rolunda çıxış edirdi – siyasi opponentlər məhz belə qiymətləndirirlər. 2013-cü ildə isə bu əlaqə yeni mərhələyə keçdi: artıq o, Milli Şura adlanan Kremlin konstruksiyasının başında dayanan fiqura çevrildi.
Rüstəm İbrahimbəyovun fiziki olaraq Azərbaycana gələ bilməməsi və Rusiya vətəndaşı olması səbəbindən prezident seçkisinə (2013) qatıla bilməməsindən sonra Cəmil Həsənli “vahid namizəd”, “keçid prezidentliyi” modeli üçün əsas alternativ kimi irəli sürüldü. O, həm Moskvanın hazırladığı ssenarini daxildə təbliğ edir, həm də partiyalar arasında əlaqələndirici, “elçi” funksiyasını icra edirdi.
Bu kampaniya çərçivəsində əsas mesaj belə idi: “Putin artıq İlham Əliyevi istəmir, Kremlin seçimi dəyişib, biz Rüstəm İbrahimbəyov – Abbas Abbasov tandeminin arxasında durmaqla hakimiyyəti dəyişə, yeni hakimiyyətin formalaşmasında iştirak edə bilərik”. Bu tezislər həmin dövrün çıxışlarında, müsahibələrində açıq səslənirdi; Milli Şura ideyası məhz Rusiyanın siyasi çəkisi, təzyiq alətləri üzərində qurulurdu.
Həmçinin oxuyun
Ramiz Mehdiyev – Milli Şura körpüsü: gizli əməkdaşlığın konturları
Bu ssenaridə Ramiz Mehdiyevin rolu ayrıca başlıq tələb edir. O, uzun illər Prezident Administrasiyasına rəhbərlik edən, Moskva elitası ilə sıx təmasları olan, “Kremlin Azərbaycandakı bir nömrəli adamı” kimi tanınan fiqur idi.
İttihamlara görə, məhz o, Moskvanın göstərişi ilə Ziyalılar Forumuna geniş imkanlar açdı, İçərişəhərdə ofis ayrılmasına, forumun “alternativ intellektual mərkəz” kimi formalaşmasına şərait yaratdı. Ardınca bu struktur Milli Şuraya transformasiya olundu, müxalifətin müxtəlif qolları – xüsusilə İctimai Palata xətti ilə formalaşan qüvvələr bu yeni çətirin altına toplaşdı.
Beləcə, Milli Şura həm Kremlin siyasi layihəsinin, həm də Ramiz Mehdiyevin hakimiyyət daxilində yaratdığı paralel şəbəkənin müxalifətdəki sütununa çevrildi. Cəmil Həsənlinin bu konstruksiyanın başında durması, Rüstəm İbrahimbəyov – Abbas Abbasov – Ramiz Mehdiyev xəttinin içində yer alması bugünkü istintaq fonunda yenidən xatırladılır.
Vətən müharibəsinə qədər və sonra: “Qərbpərəst” qəlibində Rusiya yönlü xətt
2013-cü il ssenarisi fiaskoya uğradıqdan sonra Milli Şura formal olaraq “Qərb dəyərləri uğrunda mübarizə aparan müxalifət” kimi təqdim olunmağa başladı. Lakin sonrakı illərin hadisələri göstərdi ki, bu platforma realda daha çox Rusiyanın və müəyyən hallarda İranın maraqları ilə üst-üstə düşən mövqelər nümayiş etdirir.
Vətən müharibəsi ərəfəsində və xüsusən 44 günlük savaş zamanı Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli və digər Milli Şura üzvlərinin çıxışları, ordunun uğurlarını kiçiltməsi, qələbəni “yarımçıq”, Şuşanın və digər azad edilmiş ərazilərin əhəmiyyətini gözdən salmağa yönəlmiş bəyanatları cəmiyyətdə ciddi narazılıq doğurmuşdu.
Onlar Zəfərdən sonra ardıcıl şəkildə iddia edirdilər ki, guya Xankəndi Rusiyaya “bağışlanıb”, rus ordusu heç vaxt Azərbaycandan çıxmayacaq, qələbə əslində “məğlubiyyətin başqa formasıdır” və s. Bu və digər tezislərin Rusiyanın və Ermənistanın informasiya müharibəsi xətti ilə eyni anda, eyni tonla səslənməsi təsadüf sayılmır.
Nəticədə Milli Şura və AXCP rəhbərliyi tədricən Rusiyaya, İrana yaxın radikal qrupların, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən dairələrin informasiya platformasına çevrildi; məhkəmə qarşısına çıxarılan İran agentura şəbəkələrinin müdafiəsi, onların “siyasi məhbus” kimi təqdim olunması da bunu təsdiqləyən faktlar kimi göstərilir.
Cəmil Həsənlinin “şifrəli statusu”: Dubay bileti, DTX çağırışı və “müxalifətsiz keçid” qorxusu
Ramiz Mehdiyev işi üzrə həbslərin genişləndiyi bir vaxtda Cəmil Həsənlinin sosial şəbəkədə paylaşdığı son status diqqətdən yayınmadı. Professor orada həm Əli Kərimli və Gültəkin Hacıbəylinin “heç bir qanun pozuntusu etmədiyini” bəyan edir, həm də Ramiz Mehdiyev əleyhinə yazılarının çoxluğuna işarə edərək özünü bu dairədən “uzaqlaşdırmağa” çalışır.
Eyni zamanda statusunda noyabrın 30-da Dubaya – qızı və nəvələrinin yanına getmək üçün bilet aldığını, lakin son hadisələrə görə səfərin “stop qoyula biləcəyi” ehtimalının düz çıxdığı fikrini bölüşür. Ardınca DTX-ya şahid qismində dəvət edildiyini, evində mümkün axtarışın anonsunu verir, hətta bank kartlarında qalan konkret məbləğləri sadalayaraq “əgər artıq vəsait tapılsa, bilin ki, saxtadır” – kimi öncədən müdafiə cəhdi kimi görünən cümlələr yazır.
Bu detal bolluğu təsadüfi deyil. Bir tərəfdən o, tərəfdarlarına “panikaya ehtiyac yoxdur, hamısı qurmadır” mesajı ötürür, digər tərəfdən mümkün istintaq addımlarını “siyasi təqib” kimi çərçivələndirmək üçün fon hazırlayır. Yəni Cəmil Həsənli faktiki olaraq baş verə biləcək prosesləri qabaqlayır, onlara hazır izah gətirir – bu isə klassik iz azdırma taktikasını xatırladır.
Statusun başqa bir hissəsində o, “Dövlət Şurası” ideyasını nağıl adlandırır, Ramiz Mehdiyevin bu layihə ilə AXCP-ni, Milli Şuranı guya “Rusiya imperiyasına qarşı duran adamlar” kimi təqdim etdiyini iddia edir. Halbuki illər boyu ictimai müzakirələrdə məhz əks tezis üstünlük təşkil edib: söhbət post-Qarabağ dövründə ölkəni “müxalifətsiz keçid”ə hazırlayan, Moskva ilə paralel oyunlar quran gizli şəbəkədən gedir.
Abbas Abbasovun mümkün ekstradisiyası: zəncir bütövləşir
Mediaya sızan məlumatlara görə, istintaq artıq “Milyarderlər İttifaqı”nın əsas fiqurlarından, sabiq baş nazirin birinci müavini Abbas Abbasovun ekstradisiyası üçün də Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib. Əgər bu proses baş tutarsa, 2013-cü il layihəsinin siyasi arxitekturası tam mənzərədə görünəcək: Moskva oliqarxları, Ramiz Mehdiyev, Ziyalılar Forumu – Milli Şura – AXCP xətti və bu konstruksiyanın ideoloji siması kimi Cəmil Həsənli.
Belə fonda professorun sosial mediada yazdığı hər cümlə təkcə şəxsi müdafiə deyil, həm də bu zəncirdəki digər iştirakçılara ünvanlanan şifrəli mesaj kimi oxunur: “biz günahsızıq, hər şey uydurmadır, öz xəttimizi dəyişmirik”. Bu, həm də xaricdəki sponsor və mərkəzlərə loyal qaldıqlarını göstərmək cəhdi kimi dəyərləndirilə bilər.
Milli Şura – “milli xəyanət layihəsi” kimi: cəmiyyətin gözləntisi nədir?
Uzun illərdir Azərbaycan cəmiyyətində formalaşan təsəvvür budur ki, Milli Şura və ona bağlı strukturlar real siyasi alternativ yox, müxtəlif xarici mərkəzlərin təsir platformasıdır. Bir tərəfdən “Qərb dəyərləri” şüarları ilə çıxış etsələr də, praktiki mövqeləri çox zaman Rusiyanın və bəzən İranın maraqları ilə üst-üstə düşüb; ölkə daxilində hərbi-siyasi uğurlar fonunda belə, qara piar kampaniyaları, qələbəni gözdən salmağa yönələn çağırışlar məhz bu mühitdən qaynaqlanıb.
Bu mənada tənqidçilər Milli Şuranı “milli xəyanət layihəsi” adlandırırlar. Onların fikrincə, 2013-cü ildə prezident seçkiləri vasitəsilə hakimiyyəti ələ keçirmək planı uğursuzluğa düçar olandan sonra həmin şəbəkə hədəfini dəyişməyib: Azərbaycan dövlətinin dayaqlarını zəiflətmək, cəmiyyətdə nihilizm və inamsızlıq yaratmaq, Rusiyanın regiondakı maraqları ilə səsləşən təbliğat aparmaq xətti davam edib.
Bu gün Ramiz Mehdiyev işi çərçivəsində aparılan istintaq məhz həmin qaranlıq dövrdən qalan bağlantıları, maliyyə və təsir kanallarını üzə çıxarmağa çalışır. Əgər iddialar sübuta yetirilsə, Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli və bu platformanın digər simalarının qarşısında ciddi hüquqi məsuliyyət gündəmə gələ bilər.
Görünən odur ki, Cəmil Həsənli həm özünü, həm də uzun illərdir birlikdə çalışdığı siyasi tərəfdaşlarını qorumaq üçün informasiya hücumuna keçib. O, sosial şəbəkə vasitəsilə həm daxildəki tərəfdarlarını səfərbər etməyə, həm də beynəlxalq rəyə “siyasi təqib” obrazı ötürməyə çalışır.
Lakin Ramiz Mehdiyev işi ətrafında səslənən iddialar, “Milyarderlər İttifaqı”–Milli Şura xəttinin Kremlin layihəsi kimi formalaşması barədə faktlar, Vətən müharibəsi illərində bu qrupun sərgilədiyi mövqe cəmiyyətdə tamamilə başqa təsəvvür yaradıb.
İndi əsas sual budur: Cəmil Həsənli və onun timsalında Milli Şura nəhayət, bu illərin siyasi mirasına görə cavab verəcəkmi? Yoxsa professorun şifrəli statusları bir müddətlik gündəmi dəyişəcək, lakin dərin istintaq prosesinin qarşısını ala bilməyəcək?
Cəmiyyət isə artıq aydın cavab gözləyir: Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, Qarabağ zəfərini sual altına alan, xarici paytaxtlarda yazılan ssenarilərin yerli icraçısına çevrilən hər kəs – kimliyindən asılı olmayaraq – qanun qarşısında cavab verməlidir.
12:36 / 05 Dekabr 2025
1
12:34 / 05 Dekabr 2025
12
12:32 / 05 Dekabr 2025
9
12:32 / 05 Dekabr 2025
12
12:22 / 05 Dekabr 2025
18
12:03 / 05 Dekabr 2025
656
11:55 / 05 Dekabr 2025
38
11:48 / 05 Dekabr 2025
48
11:42 / 05 Dekabr 2025
160
11:36 / 05 Dekabr 2025
115
11:33 / 05 Dekabr 2025
124
11:17 / 05 Dekabr 2025
724
11:14 / 05 Dekabr 2025
50
11:00 / 05 Dekabr 2025
133
10:52 / 05 Dekabr 2025
45
10:46 / 05 Dekabr 2025
69
10:44 / 05 Dekabr 2025
45
10:34 / 05 Dekabr 2025
240
10:30 / 05 Dekabr 2025
310
10:18 / 05 Dekabr 2025
55
10:15 / 05 Dekabr 2025
49
10:13 / 05 Dekabr 2025
81
10:10 / 05 Dekabr 2025
59
09:35 / 05 Dekabr 2025
874
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.