Qaynar xətt:

(+99450) 247 90 86

Həyət evinin çıxarışı yoxdursa, əmlak vergisi tələb oluna bilərmi? – İZAH  

Həyət evinin çıxarışı yoxdursa, əmlak vergisi tələb oluna bilərmi? – İZAH  

HÜQUQ

127

18.06.2026, 15:31

Azərbaycanda daşınmaz əmlak sferasında uzun illərdir ki, ən çox müzakirə edilən və vətəndaşları qeyri-müəyyənlikdə saxlayan fundamental məsələlərdən biri sənədsiz evlərin hüquqi statusudur. Ölkə mətbuatında, sosial şəbəkələrdə və dövlət qurumlarının bəyanatlarında bu mövzu mütəmadi olaraq gündəmə gəlir. Xüsusilə paytaxt Bakı və ətraf qəsəbələrdə on minlərlə vətəndaşın mülkiyyətində olan, lakin müəyyən səbəblərdən reyestrdən çıxarışı (kupçası) tapılmayan həyət evləri mövcuddur. Bu evlərin sakinləri mütəmadi olaraq bələdiyyələr və ya digər aidiyyəti qurumlar tərəfindən əmlak vergisinin ödənilməsi tələbi ilə qarşı-qarşıya qalırlar.

Qanunvericilikdə vergi öhdəliyinin birbaşa mülkiyyət statusu ilə bağlı olduğu qeyd edilsə də, praktikada sənədsiz evlərə görə vergi bildirişlərinin göndərilməsi hüquqi boşluqlar və ziddiyyətli yanaşmalar yaradır. Vətəndaşlar haqlı olaraq sual edirlər: "Əgər dövlət mənim evimi rəsmi mülkiyyət kimi tanımıb mənə çıxarış vermirsə, hansı əsasla həmin daşınmaz əmlaka görə məndən vergi tələb edə bilər?". Digər tərəfdən isə bəzi yanaşmalara görə, şəxsin daşınmaz əmlakdan faktiki istifadə etməsi və orada yaşaması onun vergi öhdəliyini formalaşdırmaq üçün kifayət edən əsas kimi göstərilir. Bu cür fərqli və ziddiyyətli şərhlər cəmiyyətdə ciddi çaşqınlığa yol açır.

Oxu24.com xəbər verir ki, vətəndaşları dərindən maraqlandıran və hüquqi müstəvidə çox ciddi mübahisələrə səbəb olan bu aktual mövzuya vəkil Tural Hüseynov aydınlıq gətirib. O həm yerli qanunvericilik, həm də beynəlxalq hüquq müstəvisindəki tərəflərini təhlil edib.

Vəkil Tural Hüseynov bildirib ki, qanunvericiliyə əsasən, əmlak vergisinin ödəyiciləri məhz həmin əmlakın mülkiyyətçisi olan şəxslərdir. Əgər şəxsin əmlaka dair mülkiyyətini təsdiq edən rəsmi sənədi, yəni reyestrdən çıxarışı yoxdursa, bu məsələ hüquqi baxımdan mübahisəli xarakter daşıyır:

“Mülkiyyət hüququ özündə üç mühüm elementi ehtiva edir: sahiblik, istifadə və sərəncam. Çıxarışı olmayan həyət evində yaşayan şəxs həmin əmlaka sahiblik edir, ondan istifadə edir, lakin onun barəsində sərəncam verə bilmir, yəni əmlakı rəsmi şəkildə alıb-sata bilmir. Bu üç komponentin cəmi mülkiyyəti formalaşdırır. Bu baxımdan, tam mülkiyyət hüququ formalaşmayan əmlaka görə verginin tələb edilməsi qanunvericilik kontekstində tam əsaslandırılmış hesab edilə bilməz”.

Vəkil məsələnin daha geniş hüquqi tərəflərinə aydınlıq gətirib. Onun sözlərinə görə beynəlxalq təcrübədə şəxsin əmlaka dair rəsmi mülkiyyət sənədi olmasa belə, onun faktiki olaraq uzunmüddətli sahiblik və istifadə hüququ varsa, bu "gözlənilən mülkiyyət hüququ" kimi dəyərləndirilə bilər.

Lakin yerli qanunvericilik kontekstində yanaşdıqda, əmlak vergisinin qanuni müstəvidə tələb edilməsi üçün mülkiyyət hüququnun rəsmi şəkildə tanınması və sənədləşdirilməsi əsas şərtdir. Sənəd yoxdursa, verginin tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Çimnaz Telmanqızı