Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Azərbaycana hansı silahı verir?   —   Ekspert FAKTLARI AÇIQLADI

Rusiya Azərbaycana hansı silahı verir?   —   Ekspert FAKTLARI AÇIQLADI

HƏRBİ

257

02.11.2026, 19:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı ilə Moskva arasında hərbi yaxınlaşma: “Pantsir-S1” razılaşması nəyi dəyişəcək? — Ekspertdən AÇIQLAMA

Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayevin "Zvezda" telekanalına verdiyi açıqlamaya görə, Rusiya Azərbaycana “Pantsir-S1” zenit-raket və top komplekslərinin tədarükü ilə bağlı razılaşmanın əldə olunacağını istisna etmir.

Bu bəyanat iki ölkə arasında hərbi-texniki sahədə münasibətlərin inkişaf perspektivləri və regional təhlükəsizlik fonunda ciddi müzakirələrə yol açıb.

OXU:    Azərbaycan bu məsələni gündəmə gətirir   — Deputatdan AÇIQLAMA

Analitiklər qeyd edirlər ki, sözügedən komplekslərin tədarükü ehtimalı ölkəmizin hava hücumundan müdafiə sisteminin modernləşdirilməsi prosesinə öz təsirini göstərə bilər. Eyni zamanda, bu cür hərbi-texniki əlaqələr həm də dövlətlərarası münasibətlərin ümumi dinamikasını əks etdirən mühüm amillərdən biri kimi çıxış edir.

Mövzu ilə əlaqədar tanınmış hərbi ekspert İbrahim Rüstəmli Oxu24.com-a açıqlama verib.

Ekspert bildirib ki, “Pantsir-S1" Rusiya tərəfindən Tula şəhərində istehsal olunan qısa-orta mənzilli zenit-artilleriya və zenit-raket kompleksidir. Bu kompleksin ən müasir hava hücumundan müdafiə texnologiyaları və radarlarla təchiz olunduğu iddia edilir. İstehsalı 2012-ci ildən başlayıb, amma istehsal tarixi 1994-cü ilə təqribən təsadüf edir:

“Ümumiyyətlə, "Pantsir-S1" hərbi, sənaye və inzibati təsisatları aşağı və çox aşağı hündürlükdə uçan, yaxud uçuş həyata keçirmək qabiliyyətinə sahib olan təyyarə, helikopter, yüksək dəqiqlikli mərmi, qanadlı raket və PUA-lardan qorumaq, həmçinin digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə yaradılıb və istehsal olunub”.

Ekspertin sözlərinə görə, onun ən çox istifadəçiləri sırasında Əlcəzairdir, İrandır, İraqdır, Birləşmiş Ərəb Əmirlikləridir, Suriyadır, Omandır və s. Bunun praktiki istifadəsi isə Suriyada Vətəndaş müharibəsi zamanı müşahidə olunub, eyni zamanda Rusiya-Ukrayna müharibəsində Donbas istiqamətində də bu silahlardan tez-tez istifadə olunur:

“Pantsir-S1" hərbin ən yüksək uğuru, ən yüksək göstəricisi deyil. Bəzən ticarət əlaqələri, xüsusilə hərbi və xüsusilə strateji xarakter daşıyan digər sahələrdə, məsələn, qaz, neft sahəsində ticarət qurmaq siyasi xarakter daşıyır. Yəni, "Pantsir-S1" Azərbaycanın ala biləcəyi silahların arasında ən güclüsü deyil”.

İbrahim Rüstəmli hesab edir ki, Rusiya ilə Azərbaycan arasında son dövrlərdə münasibətlərdə müşahidə olunan gərginliyə baxmayaraq, iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi strateji baxımdan əhəmiyyətlidir.

O bildirib ki, xüsusilə təyyarənin Çeçenistan səmasında vurulması hadisəsi və digər siyasi ziddiyyətlər ikitərəfli münasibətlərdə müəyyən soyuqluğun yaranmasına səbəb olsa da, qonşu dövlətlərlə münasibətlərin müsbət müstəvidə saxlanılması Azərbaycanın milli maraqları baxımından vacibdir:

“Regionda baş verən hərbi-siyasi proseslər, o cümlədən İran ətrafında yaranan gərginlik və Rusiya-Ukrayna müharibəsi göstərir ki, silahlı münaqişələrin nəticələri yalnız müharibə aparan dövlətlərlə məhdudlaşmır, qonşu ölkələrin də təhlükəsizliyinə və regional sabitliyə birbaşa təsir göstərir. Bu baxımdan Azərbaycanın ətrafında sabit və proqnozlaşdırıla bilən siyasi mühitin formalaşması xüsusi əhəmiyyət daşıyır”.

Ekspertin fikrincə, “Pantsir-S1” zenit-raket və top komplekslərinin mümkün tədarükü Azərbaycan-Rusiya münasibətlərində iqtisadi və hərbi-texniki əməkdaşlığın inkişafına xidmət edən addım kimi qiymətləndirilə bilər. Müasir hərbi sənayedə daha yüksək texnoloji imkanlara və döyüş qabiliyyətinə malik sistemlər mövcud olsa da, bu cür əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərin normallaşması və inkişafı baxımından məqsədəuyğun hesab edilə bilər.

İbrahim Rüstəmli vurğulayıb ki, Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı genişləndirməsi ölkənin mövcud siyasi mövqeyindən geri çəkilməsi və ya qarşı tərəfə güzəştə getməsi kimi dəyərləndirilməməlidir. Onun qənaətinə görə, bu addım Azərbaycanın regional münasibətlərdə praqmatik yanaşmasının və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq siyasətinin təzahürüdür.

O əlavə edib ki, “Pantsir-S1” komplekslərinin Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə, hərbi potensialının artırılmasına və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə müəyyən töhfə verə bilər.

Çimnaz Telmanqızı