Qaynar xətt:

(+99450) 247 90 86

Tehrana koordinatları Çin verir? – ABŞ-ı sarsıdan GİZLİ SAVAŞ ssenarisi

Tehrana koordinatları Çin verir? – ABŞ-ı sarsıdan GİZLİ SAVAŞ ssenarisi

DÜNYA

179

08.04.2026, 21:49

“Pekin taktiki addımlarla özünü açıq şəkildə tərəf seçməyən ölkə statusunda dünyaya təqdim edə bilir”.

Oxu24.com xəbər verir kibunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, Çinin ABŞ-İran müharibəsinə niyə səssiz qaldığı barədə danışıb. Siyasi şərhçi bildirib ki, ABŞ və İsrail ilə İran arasında davam edən və müvəqqəti atəşkəslə müşayiət edilən müharibə fonunda diqqətlər Çin Xalq Respublikasına yönəlib:

“Çinin mövqeyi siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Kənardan baxanda rəsmi Pekinin bu münaqişədə passiv və ya neytral mövqe sərgilədiyi təsəvvürü yaranır. Ortada nə sərt bəyanatlar, nə də açıq mövqe var. Əslində bu mövqe Çinin ənənəvi geosiyasi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.

İran Çin üçün sadəcə əsas strateji tərəfdaşlardan biri deyil, həm də onu neftlə təmin edən əsas ölkələrdəndir. İki dövlətin əməkdaşlığı iqtisadi və diplomatik sahələrlə məhdudlaşmır; digər strateji sahələr də bu əməkdaşlıq sferasına daxildir. Bu əməkdaşlığın detalları açıq şəkildə təsdiqlənməsə də, Pekinin klassik ‘kölgə diplomatiyası’nın tərkib hissəsidir.

Lakin bu müharibə zamanı Çin tərəfindən İranı açıq şəkildə müdafiə edən bəyanatlara rast gəlinmədi. Bununla da Çin qarşıdurmadan yayınaraq öz strateji yanaşmasını davam etdirir. Bu yanaşma ‘görünməz iştirakçı’ modelidir. Bu modelin seçilməsi ilə rəsmi Pekin özünün hərbi-siyasi risklərini sığortalayır, eyni zamanda regional təsir imkanlarını qoruyur. Beləliklə, Pekin Vaşinqtonla birbaşa toqquşmadan yayınır; Tehranın tam itirilməsinə imkan verməsə də, ona açıq dəstək də nümayiş etdirmir.

Burada rol oynayan məqamlardan biri Çinin özünü qlobal sabitliyin tərəfdarı kimi təqdim etməsidir. Müharibədə atəşkəs təşəbbüslərində və dialoq çağırışlarında iştirak etməklə, tərəf seçmədən geosiyasi gücünü artırır.

Düşünürəm ki, Çinin mövqeyi İranla ABŞ və İsrail arasındakı müharibədə passivlik deyil, hesablanmış və çoxqatlı strategiyadır. Müxtəlif iddialara görə, Pekin dolayısı ilə İrana dəstək proqramlarını davam etdirir. Açıq mənbələrlə təsdiqlənməyən məlumatlar olsa da, müharibənin ən kritik mərhələsində belə Çinin İrana gizli şəkildə raket yanacağı göndərdiyi, peyk məlumatları, həmçinin ABŞ və İsraildəki hədəflərin koordinatlarını verməsi ilə bağlı iddialar var. Bu, əslində İranı müdafiə etməkdir.

Lakin rəsmi Pekin taktiki addımlarla özünü açıq şəkildə tərəf seçməyən ölkə statusunda dünyaya təqdim edə bilir. Nəticədə maraqlı bir mənzərənin şahidi oluruq: Çin nə müharibədən tam kənardadır, nə də açıq şəkildə onun içindədir. Bu kontekstdə Pekinin strategiyası məhz ‘görünməyən iştirakçılıq’ taktikasıdır”, — deyə o bildirib.