Qaynar xətt:

(+99450) 247 90 86

Atalar və övladlar arasında fikir ayrılığı: Fərqli düşünmək tərbiyəsizlik deməkdirmi?  

Atalar və övladlar arasında fikir ayrılığı: Fərqli düşünmək tərbiyəsizlik deməkdirmi?  

CƏMİYYƏT

60

28.10.2026, 18:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müasir dövrdə eyni ailədə böyüyən valideynlər və övladlar arasında dünyagörüşü, həyat tərzi və seçimlərlə bağlı fikir ayrılıqları qaçılmaz olaraq tez-tez müşahidə olunur. Zaman dəyişdikcə bu fikir ayrılıqlarının mövzuları da, insanların özlərini ifadə etmə formaları və səbəbləri də dəyişə bilir. Gənclərin fərqli düşüncələri, şəxsi qərarlarına müdaxilə olunması və ailədaxili ünsiyyət problemləri münasibətlərdə gərginlik yaradır. Bəs ailə üzvləri arasında baş qaldıran bu anlaşılmazlıqların əsas səbəbləri nədən ibarətdir və bu problemlər ailədaxili münasibətlərə necə təsir göstərir?

Mövzu ilə bağlı suallarımızı uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis, "Valideyn Məktəbi"nin rəhbəri Aysel Rəsulzadə ətraflı cavablandırıb.

Mütəxəssis qeyd edib ki, valideynlərin böyüdüyü mühitlə övladların böyüdüyü mühit arasında çox kəskin fərqlər mövcuddur. Valideynlərin bir çoxu daha sərt qaydaların, ənənəvi ailə münasibətlərinin üstünlük təşkil etdiyi mühitdə böyüyüblər. İndiki gənclər isə informasiya texnologiyalarının, sosial şəbəkələrin və müxtəlif dünyagörüşlərinin təsiri altında formalaşırlar. Bu fərqlər geyim seçimi, dost münasibətləri, peşə seçimi, ailə qurmaqla bağlı qərarlar və gündəlik ünsiyyət tərzində özünü büruzə verir.

Anlaşılmazlıqların əsas səbəblərindən danışan Aysel Rəsulzadə qeyd edib:

“Valideyn özünün doğru hesab etdiyi həyat modelini övladı üçün də mütləq hesab edir. Övlad fərqli seçim etdikdə isə valideyn bunu ona qarşı çıxmaq, sözündən çıxmaq və özünə qarşı hörmətsizlik kimi qəbul edə bilir. Məsələn, valideyn övladına müəyyən ixtisas seçimi (müəllim, həkim olmaq) istəyərkən, övlad tam başqa maraq və bacarıqları üstün tutur.

Ailədə hər kəs danışır, amma heç kim bir-birini dinləmir. Valideyn övladına nəsihət verir, övlad özünü müdafiə edir, söhbət müzakirəyə çevrilir və nəticədə əsas məsələ – məsələnin məğzi uzaqlaşdırılır. Övlad böyüdükcə onun şəxsi sərhədləri müəyyənləşir, müstəqil qərar vermək və məsuliyyət daşımaq istəyi artır. Valideyn isə əvvəlki nəzarət formasını davam etdirmək istəyir ki, bu da münasibətlərdə gərginlik yaradır”.

Mütəxəssisin sözlərinə görə, fikir ayrılıqları daimi qışqırıq, təzyiq, şiddət və ittihamlarla müşayiət olunarsa, ailə üzvləri tədricən bir-birlərindən uzaqlaşırlar. Övlad öz fikirlərini deməkdən çəkinir, problemlərini gizlədir və qərarlarını onlarla bölüşməz hala gəlir. Valideyn isə övladının ondan uzaqlaşıb artıq ona etibar etmədiyini düşünür.

Aysel Rəsulzadə vurğulayıb ki, ilk növbədə tərəflər bir-birini dəyişdirməyə çalışmamalıdır. Fərqli düşünməyi tərbiyəsizlik kimi deyil, fərqli düşüncəyə hörmət etməmək kimi qiymətləndirmək lazımdır.

Ailələr üçün verilən əsas tövsiyələr bunlardır:

1.Olduğu kimi qəbul etmək: Hər kəs ailə üzvlərini olduğu kimi qəbul etməlidir. Valideyn övladının fikrini dinləyərkən dərhal "sən hələ uşaqsan, bilmirsən" deyərək etiraz etməməlidir, çünki bu cür cümlələr müzakirəni həmişə bağlayır.

2.Qarşılıqlı anlayış: Gənclər də valideynlərin narahatlığının arxasında bəzən qorxu, həyat təcrübəsizliyi və övladını qorumaq istəyi dayandığını anlamalıdırlar. Valideynin hər narahatlığı hakli olmaya bilər, amma onu dinləmək mümkündür.

3.Konkret məsələni müzakirə etmək: Müzakirə zamanı şəxsiyyət deyil, konkret məsələ müzakirə edilməli, qarşı tərəfin sözü kəsilmədən dinlənilməlidir. Qərar verərkən yaş, yetkinlik və təhlükəsizlik baxımından uyğun sərhədlər müəyyənləşdirilməlidir.

4.Sərbəstlik imkanı yaratmaq: Övlad böyüdükcə onun öz qərarlarını verməsinə mütləq imkan yaradılmalıdır, ஏnki müstəqil qərar vermək bacarığı uşaqlıqdan formalaşır və bunun məsuliyyəti valideynlərin boynundadır.

Mütəxəssis fikrini bu sözlərlə yekunlaşdırıb:

"Övladımızın bizim kimi düşünməsi onun düzgün tərbiyə aldığından, bizdən fərqli düşünməsi isə səhv yolda olduğunun göstəricisi demək deyil. Əsl tərbiyə düşünürəm ki, fərqli düşündüyümüz zaman da bir-birimizə hörmət etməyi bacarmaqdır və bunu qoruyub saxlamaqdır”.

Çimnaz Telmanqızı