Qaynar xətt:

(+99450) 247 90 86

Məktəblərlə bağlı AÇIQLAMA: Yeni təklif NƏDİR?

Məktəblərlə bağlı AÇIQLAMA: Yeni təklif NƏDİR?

CƏMİYYƏT

407

27.10.2026, 16:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda təhsil sisteminin əsas prioritetlərindən biri xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və onların digər şagirdlərlə birlikdə təhsil almasının təmin edilməsidir. Son illərdə ölkəmizdə inklüziv təhsilin inkişafı istiqamətində Elm və Təhsil Nazirliyi, məktəblər və digər müvafiq dövlət qurumları tərəfindən addımlar atılır.

Mövcud vəziyyətə görə, ölkənin bir çox təhsil müəssisələrində məhz inklüziv təhsil ehtiyacı yaranan şagirdlərin təhsil alması üçün şəraitin yaradılması təmin edilir.

Lakin buna baxmayaraq, bəzi uşaqlar, o cümlədən fiziki sağlamlığı ilə bağlı problem yaşayış olanlar, autizmli uşaqlar və digərləri ya evdə təhsilə cəlb olunur, ya da təhsil müəssisələrində xüsusi qruplar şəklində oxuyurlar.

Bu istiqamətdə məktəblərin infrastrukturu, müəllimlərin psixoloji hazırlığı və fərdi yanaşma imkanları hələ də hər yerdə eyni səviyyədə mövcud deyil.

Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi ətraflı açıqlama verib. 

Ekspert qeyd edib ki, hazırda ölkəmizdə xüsusi təhsil ehtiyacı olan şagirdlərin təhsilə əlçatanlığının təmin edilməsi istiqamətində Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və digər müvafiq qurumlar tərəfindən müvafiq işlər görülür. Ancaq mövcud vəziyyətdə bəzi təhsil müəssisələrində məhz inklüziv təhsil ehtiyacı yaranan şagirdlərin təhsil alması üçün hələ də tam şərait yoxdur.

Onun sözlərinə görə, fiziki sağlamlığı ilə bağlı problem yaşayan autizmli uşaqlar və digərləri ya evdə təhsilə cəlb olunur, ya da təhsil müəssisəsində bir neçə şagirddən ibarət xüsusi auditoriyalar (və ya sağlam uşaqlarla bir yerdə) təşkil olunaraq onların tədrisi həyata keçirilir.

Elçin Əfəndi qeyd edib ki, təhsil verənlərin psixoloji durumu, şagirdlərlə işləmək qabiliyyəti, bu istiqamətdə pedaqoji yanaşması və məktəb infrastrukturunun (auditoriyaların hər bir şagird üçün əlverişli olması) təmin edilməsi vacibdir:

“Lakin belə imkanlar bütün təhsil müəssisələrində mövcud deyil, yalnız bir neçə məktəbdə bu cür şərait var.

Prosesin qarşısındakı əsas maneələrdən biri də valideynlərin tərəddüdüdür. Bəzi hallarda valideynlər fiziki və ya əqli qüsuru, autizmi olan uşaqların ümumi təhsil prosesində iştirakından çəkinirlər. Lakin belə hallarda belə valideynlər evdə təhsilin təşkilinə üstünlük verə bilərlər.

Qarşıdakı dövrdə digər təhsil müəssisələrində də bu kateqoriyadan olan uşaqların qoşulması üçün müvafiq imkanlar (həm infrastruktur, həm də pedaqoji heyət baxımından) yaradılmalıdır. Əgər valideyn uşağını ənənəvi məktəbə göndərə bilmirsə, ən azı Nazirlik tərəfindən təqdim olunan evdə təhsil prosesində iştirakına imkan yaradılmalıdır”.

Bundan əlavə, ekspert vurğulayıb ki, hər hansı təhsil müəssisəsini məhz həmin şagirdlər üçün tikib istifadəyə vermək ən optimal çıxış yolu ola bilər ki, qarşıdakı dövrdə bir neçə ünvanda belə təhsil müəssisələri həmin şagirdlər üçün istifadəyə verilə bilsin.

Nəticə olaraq qeyd edə bilərik ki, inklüziv təhsilin keyfiyyətinin artırılması və xüsusi qayğıya ehtiyacı olan hər bir uşağın təhsil hüququnun tam təmin olunması dövlət qurumları, təhsil işçiləri və valideynlərin birgə və koordinasiyalı fəaliyyətindən asılıdır. Mövcud infrastrukturun təkmilləşdirilməsi, pedaqoji kadrların bu istiqamətdə xüsusi hazırlanması və cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsi gələcəkdə bu sahədə mövcud olan boşluqları aradan qaldırmağa imkan verəcəkdir. Hər bir uşağın potensialını reallaşdırması üçün bərabər imkanların yaradılması sağlam və daha inteqrasiya olunmuş cəmiyyətin qurulmasının əsas təməlini təşkil edir.

Çimnaz Telmanqızı