Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
21 Sentyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
187
21.09.2026, 14:15
Boşanmış valideyn uşağı xaricə apara bilər? – HÜQUQŞÜNAS AÇIQLADI
Boşanmadan sonra valideynlərin qarşılaşdığı əsas hüquqi məsələlərdən biri də yetkinlik yaşına çatmayan övladın ölkə xaricinə aparılması ilə bağlı yaranan mübahisələrdir. Xüsusilə uşağın valideynlərdən birinin yanında qalması müəyyən edildikdə, həmin valideynin uşağı digər valideynin razılığı olmadan xarici ölkəyə aparıb-apara bilməməsi ilə bağlı suallar meydana çıxır. Bəzən valideynlər uşağın faktiki olaraq onların yanında yaşamasını ölkədən çıxarılması üçün də kifayət edən əsas hesab edirlər. Lakin qanunvericilikdə bu məsələ ilə bağlı ayrıca tələblər mövcuddur.
Mövzu ilə bağlı hüquqşünas Hadı Hüseynov Oxu24.com-a açıqlamasında bildirib ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən biri ilə ölkədən çıxarılması zamanı digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
“Qanunvericiliyə uyğun olaraq, valideyn öz himayəsində olan, yəni onunla yaşayan yetkinlik yaşına çatmayan övladını özü ilə birlikdə ölkədən kənara aparmaq istəyirsə, bu zaman digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı olmalıdır. Yəni uşağın valideynlərdən birinin yanında qalması və ya boşanmadan sonra həmin valideynə verilməsi öz-özlüyündə digər valideynin razılığını aradan qaldırmır. Uşağın ölkədən çıxarılması ayrıca hüquqi prosedurla tənzimlənir”, – deyə hüquqşünas bildirib.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Lakin uşaq valideynlərindən yalnız biri ilə ölkədən gedirsə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Hüquqşünasın sözlərinə görə, burada əsas diqqət yetirilməli məqamlardan biri də valideynlərin boşanmış olub-olmamasıdır. Valideynlərin nikah münasibətlərinə xitam verilməsi onların uşağa münasibətdə valideynlik hüquq və vəzifələrini avtomatik olaraq aradan qaldırmır. Bu səbəbdən də boşanmış valideynlərdən birinin uşağın onunla yaşaması barədə məhkəmə qərarının olması, ümumi qaydada, uşağı digər valideynin razılığı olmadan ölkədən çıxarmaq üçün kifayət edən sənəd hesab edilmir.
“Çox vaxt belə bir yanaşma ilə qarşılaşırıq ki, valideynlər boşanıblar və uşaq ananın və ya atanın yanında qalırsa, həmin valideyn istədiyi vaxt uşağı xarici ölkəyə apara bilər. Bu, düzgün yanaşma deyil. Uşağın hansı valideynin yanında yaşaması ilə onun ölkədən çıxarılması məsələsini bir-birindən fərqləndirmək lazımdır. Uşağın yanında qalması müəyyən edilmiş valideyn digər valideynə münasibətdə avtomatik üstün hüquq əldə etmir”, – deyə Hadı Hüseynov qeyd edib.
Ali Məhkəmənin izahlarında da vurğulanır ki, uşağın valideynlərdən birinin yanında saxlanılması barədə məhkəmə qətnaməsi öz-özlüyündə Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində nəzərdə tutulan digər valideynin razılığı tələbini aradan qaldırmır. Konstitusiya Məhkəməsi də 2024-cü ildə bu məsələyə münasibət bildirərək qeyd edib ki, uşağın müəyyən valideynin yanında saxlanılması barədə məhkəmə qərarı digər valideynin razılığı olmadan uşağın ölkədən çıxmasına avtomatik icazə verilməsi anlamına gəlmir.
Hadı Hüseynov bildirib ki, əgər digər valideyn uşağın xaricə aparılmasına razılıq verirsə, onun razılığı notariat qaydasında rəsmiləşdirilməlidir. Bu razılıq olmadıqda isə valideyn özbaşına şəkildə digər valideynin iradəsini əvəz edə bilməz və məsələ hüquqi müstəvidə həll olunmalıdır.
“Əgər digər valideyn razılıq vermirsə, bu məsələ artıq məhkəmə qaydasında öz həllini tapa bilər. Yəni valideynlərdən biri uşağın ölkədən çıxarılmasına razı olmadığı halda, digər valideyn məhkəməyə müraciət etməli və yetkinlik yaşına çatmayan uşağın digər valideynin razılığı olmadan ölkədən getməsinə icazə verilməsi məsələsini qaldırmalıdır”, – deyə hüquqşünas vurğulayıb.
Ali Məhkəmənin Plenumunun müvafiq qərarında da göstərilir ki, bu kateqoriyadan olan mübahisələrdə cavabdeh kimi, razılıq verməyən və ya razılığın rəsmiləşdirilməsindən yayınan digər valideyn çıxış edir. Həmçinin belə mübahisələr ailə münasibətlərindən irəli gəldiyi üçün məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak edilməsi tələb olunur.
Hüquqşünas qeyd edib ki, məhkəmə prosesində əsas məsələ yalnız valideynlərdən birinin xaricə getmək istəyinin mövcudluğu deyil, uşağın mənafeyinin də nəzərə alınmasıdır. Bu səbəbdən belə mübahisələrdə uşağın yaşı, səfərin məqsədi, müddəti, gediləcək ölkə, uşağın digər valideynlə münasibətləri və digər mühüm hallar əhəmiyyət kəsb edə bilər.
“Burada söhbət yalnız valideynin xaricə getmək istəyindən getmir. Əsas məsələ uşağın maraqlarıdır. Məhkəməyə müraciət edilərkən səfərin hansı məqsədlə həyata keçirildiyi, uşağın nə qədər müddətə ölkədən kənarda qalacağı və digər valideynin uşaqla ünsiyyət hüququnun necə təmin ediləcəyi kimi məsələlər də nəzərə alına bilər. Ona görə də belə hallarda məsələyə formal yanaşmaq düzgün deyil”, – deyə Hadı Hüseynov bildirib.
Mütəxəssis vurğulayıb ki, digər valideynin razılıq verməməsi ilə bağlı vəziyyətlərdə şəxslərin özbaşına hərəkət etməsi əlavə hüquqi problemlər yarada bilər. Valideynlər arasında mübahisə varsa, uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına cəhd etmək əvəzinə qanunvericilikdə nəzərdə tutulan prosedurdan istifadə edilməlidir. Bununla yanaşı, qanunvericilikdə digər valideynin razılığının tələb olunmadığı xüsusi hallar da nəzərdə tutulur. Məsələn, digər valideynin ölüm haqqında şəhadətnaməsi olduqda, həmin valideyn ölmüş və ya itkin düşmüş elan edildikdə, valideynlik hüququndan məhrum edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi sənədlə ata barədə məlumatın ananın göstərişi ilə yazılması təsdiqləndikdə həmin valideynin razılığı tələb edilmir.
Hadı Hüseynov onu da diqqətə çatdırıb ki, uşağın ölkədən çıxarılması ilə uşağın daimi yaşayış məqsədilə xaricə aparılması məsələləri də eyni formada qiymətləndirilməməlidir. Müvəqqəti səfərlə uşağın xarici ölkədə daimi yaşaması üçün aparılması arasında hüquqi baxımdan fərqlər mövcuddur və konkret vəziyyətdən asılı olaraq əlavə sənədlər və razılıqlar tələb oluna bilər.
“Valideynlər arasında münasibətlər yaxşıdırsa və digər tərəf uşağın səfərinə razıdırsa, məsələ notariat qaydasında razılığın rəsmiləşdirilməsi ilə həll oluna bilər. Amma tərəflər arasında mübahisə varsa və valideynlərdən biri razılıq vermirsə, həmin məsələni məhkəmə yolu ilə həll etmək lazımdır. Əsas məqsəd isə uşağın hüquq və mənafelərinin qorunmasıdır”, – deyə hüquqşünas əlavə edib.
Mütəxəssis sonda valideynlərə tövsiyə edib ki, xarici səfər planlaşdırarkən sənədləşmə məsələlərini əvvəlcədən dəqiqləşdirsinlər. Çünki sərhədkeçmə zamanı tələb olunan razılıq sənədinin olmaması uşağın ölkədən çıxışına maneə yarada bilər. Qanunvericiliyin tələbinə görə, yetkinlik yaşına çatmayan uşaq valideynlərdən biri ilə ölkədən gedirsə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı əsas sənədlərdən biridir. Razılıq əldə edilmədiyi halda isə məsələ qanunda nəzərdə tutulmuş qaydada məhkəmə müstəvisində həll edilməlidir.
Hazırladı: Turan Etibaroğlu
15:05 / 21 Sentyabr 2026
1
15:00 / 21 Sentyabr 2026
19
14:59 / 21 Sentyabr 2026
17
14:40 / 21 Sentyabr 2026
21
14:30 / 21 Sentyabr 2026
112
14:05 / 21 Sentyabr 2026
44
13:57 / 21 Sentyabr 2026
125
13:52 / 21 Sentyabr 2026
108
13:45 / 21 Sentyabr 2026
59
13:43 / 21 Sentyabr 2026
47
13:40 / 21 Sentyabr 2026
61
13:26 / 21 Sentyabr 2026
945
13:23 / 21 Sentyabr 2026
145
13:20 / 21 Sentyabr 2026
60
13:16 / 21 Sentyabr 2026
68
13:15 / 21 Sentyabr 2026
72
13:00 / 21 Sentyabr 2026
61
12:53 / 21 Sentyabr 2026
195
12:43 / 21 Sentyabr 2026
75
12:42 / 21 Sentyabr 2026
58
12:36 / 21 Sentyabr 2026
59
12:34 / 21 Sentyabr 2026
67
12:25 / 21 Sentyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.