Qaynar xətt:

(+99450) 247 90 86

9 May: Qələbə bayramı, yoxsa böyük dərslər günü?  

9 May: Qələbə bayramı, yoxsa böyük dərslər günü?  

CƏMİYYƏT

101

09.05.2026, 11:11

9 May – faşizm üzərində Qələbə Gününün növbəti ildönümü dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur. İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə milyonlarla insanın həyatı bahasına başa gəlib və tarixdə ən ağır faciələrdən biri kimi yadda qalıb. Mütəxəssislər hesab edir ki, həmin dövrün dərsləri bu gün də aktuallığını qoruyur və dünyada artan radikal meyllər fonunda xüsusi diqqət tələb edir.

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov və jurnalist, hərbi ekspert Heydər Mirzə ilə söhbət apardıq.  

Tofiq Abbasov Oxu24.com-a açıqlamasında bildirib ki, faşizmin baş qaldırmasının əsas səbəblərindən biri liberal qüvvələrin səriştəsizliyi və yarımçıq siyasətidir.

“O faşizmin həmişə baş qaldırması özlərini liberal sayan qüvvələrin səriştəsizliyindən, onların laqeydliyindən irəli gəlir. Onlar demokratik yolla özləri dediyi kimi hakimiyyətə gəlirlər, sonra o eksperimentlər səviyyəsində öz islahatlarını aparırlar, onları sona qədər çatdıra bilmirlər, yəni burada məntiqi nöqtə qoyulmur. Ona görə də onların dövründə bir çox şeylər belə yarımçıq mahiyyət daşıyır və həm də əsas kütlənin, əsas bir insanların gözləntilərinə cavab vermir”.

Politoloqun sözlərinə görə, bu vəziyyət sağçı qüvvələrin güclənməsinə səbəb olur:

“Ona görə də bunu görən o sağçılar həmişə diqqəti mövqe tuturlar ki, bu biabırçılıqlara son qoysunlar. İlk növbədə ona görə ki, onlar qanunvericiliyin sərtləşməsinə həmişə səs verirlər və bildirirlər ki, məhz milli zəmində, millətçilik zəminində insanlar daha qətiyyətli olur, onlar daha mübariz olurlar və hətta məqsədlərinə tez çata bilirlər. İlk növbədə, söhbət hədəflərdən gedir. İndi hansı qüvvə hansısa hədəfi öz qarşısına qoyur və ona necə çatmaq niyyətini güdür”.

Benito Mussolini və Adolf Hitler dövrünü müqayisə edən Tofiq Abbasov bildirib ki, İtaliya və Almaniyada faşizmin fərqli xüsusiyyətləri olub:

“Bilirsiniz, sağçılar da, sonra radikallar da, faşistlər də – onlar müxtəlif növdə olur. Məsəl üçün,  biz İkinci Dünya Müharibəsinin təcrübəsini göz önünə gətirsək, burada böyük fərqlər var. Orada çox qəribə transformasiyalar baş vermişdi. 30-cu illərdə faşizmin faktiki olaraq kökünü, təməlini qoyan Duçe olmuşdu, yəni italyanlı Mussolini. Və o, ölkədə hərc-mərcliyi gördüyü halda artıq  hakimiyyəti ələ keçirmək üçün çalışdı və keçirdi.

Politoloq Mussolininin hakimiyyəti dövründə İtaliyada həyata keçirilən dəyişikliklərdən də danışıb:

“Onun islahatları həqiqətən də çox vacib islahatlar idi, çünki onlar insanlara işıq ucu verdi, digər tərəfdən onların iş təminatını meydana gətirdi - müəssisələr açıldı, texnologiyalar inkişaf etməyə başladı və s.” 

Tofiq Abbasov bildirib ki, Mussolini ilə Hitler arasında əvvəlcə ciddi ziddiyyətlər olub:

“Mən sizə deyim ki, İtaliyanın rəhbəri Mussolini ilə Adolf Hitlerin çox pis münasibətləri var idi. Onlar özlərini bir-birinin düşməni sayırdılar və bir-birini gözü götürmürdü. Sonra isə Almaniyanın Füreri İtaliyanın uğurlarını gördüyü halda anladı ki, o mütləq şəkildə onunla bir müttəfiqlik qurmalıdır və bunların münasibətləri başladı yavaş-yavaş normallaşmağa”.

Politoloqun fikrincə, İtaliya Almaniyanın təsiri altına düşməsəydi, daha uğurlu inkişaf yolu keçə bilərdi:

“Amma İtaliya əgər Fürerin fitvasına getməsəydi, İtaliya bəlkə də dünyanın ən mütərəqqi ölkələrindən birinə çevrilərdi. Çünki elə bir tərzdə islahatlar Duçenin rəhbərliyi altında gedirdi ki, onlar həm insanlara sabitlik gətirirdi, digər tərəfdən rifahı artıq insanlar yüksəldə bilirdilər və nəhayət daxili cəmiyyətdə də bir o qədər də nifrət prinsipi rol oynamırdı”.

Onun sözlərinə görə, Almaniyada isə vəziyyət tam fərqli idi:

“Almaniyada isə əksinə, bu proseslər daha radikal bir hal aldı. Bilirsiniz ki, onlar özlərini irqçi sayırdılar, deyirdilər ki, bizim qanımız da, xarici görkəmimiz də hamıdan üstündür, biz ari mənşəli insanlarıq və sair. Və yəhudilərə qarşı, slavyanlara qarşı, yəni qeyrilərə qarşı artıq repressiyalar mexanizmi işə düşmüşdü”.

Politoloq bildirib ki, nasist Almaniyasının əsas məqsədlərindən biri Sovet İttifaqını məğlub etmək və Şərqdə hökmranlıq qurmaq idi:

“Almaniya faktiki olaraq elə o dövrdə Avropa Birliyini yaratdı və onun da hədəfi o idi ki, kommunizmlə mübarizəyə başlasınlar, Sovet İttifaqını çöksünlər, sonra şərq bölgələrində artıq özlərinin koloniyalarını yaratsınlar ki, işlək insanlar o ali irqə aid zümrəni təmin etsin”.

Tofiq Abbasov hesab edir ki, hazırda da dünyada oxşar proseslər müşahidə olunur:

“İndi biz yenə də liberalların özbaşınalığını, ultraqlobalistlərin çox cəfəng nəzəriyyələrinin meydana gəlməsini görürük. Ona görə də bir çox ölkələrdə sağçılar yenə də, xüsusilə Avropada, meydanı ələ ala bilirlər”.

Politoloq Giorgia Meloni nümunəsini də qeyd edib:

“İtaliyanın özündə də hazırdakı Baş Nazirlər Şurasının sədri Corca Meloni özü sağçıdır. Amma hakimiyyətə gəldikdən sonra bir qədər mötədillik tendensiyasını nümayiş etdirməyə başladı. Çünki anlayır ki, ifrat sağçılıq həmişə fəsadlar gətirir, cəmiyyəti parçalayır”.

Tofiq Abbasovun fikrincə, müasir dövrdə ən böyük təhlükələrdən biri də radikalizm və nüvə riskidir:

“İndi İranın ətrafında, Ukraynanın ətrafında radikal qüvvələr böyük bir fəlakətin meydana gəlməsinə çalışırlar. Bu da bütün dünya üçün çox böyük bir riskdir. Çünki İkinci Dünya Müharibəsi başlayanda nüvə potensialı yox idi. İndi isə nüvə potensialı çoxalıb və onun istifadəsini vacib bilənlər bağışlanmaz səhvlərə yol verirlər”.

Politoloq sonda radikalizmə qarşı birgə mübarizənin vacibliyini vurğulayıb:

“Hər bir insanın səsi rol oynayır və birlikdə çalışmaq lazımdır ki, radikal qruplar cəmiyyətə zərər verməsin. Radikal qanad hakimiyyətə gələndə heç kəsi görmək və eşitmək istəmir. Amma cəmiyyətin inkişafı həmişə demokratik mexanizmlərlə tənzimlənir. İnsanlar bir-biri ilə dialoq aparmalıdır. Bu baş verməyəndə isə böyük faciələr qaçılmaz olur”.

Hərbi ekspert  Heydər Mirzə isə Oxu24.com-a açıqlamasında bildirib ki, faşizm üzərində qələbə bütün bəşəriyyətin qəhrəmanlıq salnaməsidir:

“Faşizm üzərində qələbə dünyanın bütün proqressiv xalqlarının ortaq qələbəsidir. Azərbaycan da Sovet İttifaqının tərkibində həmin müharibədə iştirak edib”.

Onun sözlərinə görə, müharibə Azərbaycan üçün çox ağır nəticələr doğurub:

“600 mindən çox azərbaycanlı müharibədə iştirak edib. Onların 250 mindən çoxu, təxminən 300 minə qədəri geri qayıtmayıb. Sonradan yaralanmalar səbəbindən həyatını itirənlər, əlillər oldu. Bu, Azərbaycan üçün böyük faciə idi”.

Heydər Mirzə hesab edir ki, Azərbaycan müstəqil dövlət olsaydı, müharibəyə qoşulmamağa çalışardı:

“Bu, Azərbaycan xalqının müharibəsi deyildi. Əgər Azərbaycan həmin dövrdə müstəqil olsaydı, çox güman ki, Türkiyə kimi neytral qalmağa çalışardı”.

Ekspert İsmet İnönü rəhbərliyindəki Türkiyə nümunəsini xatırladıb:

“Türkiyə müharibənin sonuna qədər neytral qaldı və yalnız son mərhələdə Almaniyaya müharibə elan etdi. Bunun nəticəsində ölkə dağıntılardan qorundu. 1945-ci ildə Avropa darmadağın idi, amma Türkiyə ciddi zərər görməmişdi”.

Heydər Mirzənin sözlərinə görə, 1941-ci ildə Azərbaycanın cəmi 3 milyon əhalisi var idi və müharibədə itirilən yüz minlərlə insan ölkənin demoqrafiyasına ağır zərbə vurdu:

“Bu, əhalinin təxminən 10 faizi idi. Həm də əmək qabiliyyətli, gənc kişilər idi. Qadınlarımız da müharibədə iştirak edib, pilotlarımız, snayperlərimiz, tibb bacılarımız qəhrəmanlıq göstərib”.

Ekspert bildirib ki, İkinci Dünya Müharibəsinin dərsləri bu gün də aktualdır:

“Hazırda dünyada yenidən oxşar proseslərin baş vermə ehtimalı artır. Azərbaycan kimi kiçik dövlətlər ilk növbədə öz milli maraqlarını və təhlükəsizliyini qorumalıdır. Əsas dərs bundan ibarətdir”.

Hər iki ekspertin fikirlərindən belə qənaətə gəlmək olar ki, 9 May faşizm üzərində qələbə sadəcə təqvimdəki bayram günü deyil, həm də bəşəriyyətin gələcəyi üçün mühüm bir xəbərdarlıq rəmzidir. Politoloq Tofiq Abbasovun vurğuladığı kimi, siyasi boşluqlar və cəmiyyətdəki laqeydlik radikal cərəyanların yenidən canlanmasına şərait yarada bilər ki, bu da müasir dövrün nüvə reallıqları fonunda daha dağıdıcı nəticələrə yol açar.

Hərbi ekspert Heydər Mirzənin qeyd etdiyi acı statistik rəqəmlər isə bir daha sübut edir ki, Azərbaycan xalqı bu qələbə üçün ən böyük qurbanlarını vermiş tərəflərdən biridir. Tarixin dərslərini unutmayan Azərbaycan bu gün də öz milli maraqlarını qorumaqla yanaşı, regionda və dünyada sülhün, dialoqun tərəfdarı kimi çıxış edir. Radikalizmə qarşı ən güclü silah isə keçmişin faciələrindən nəticə çıxarmaq və cəmiyyətdə həmrəyliyi qorumaqdır.

Hazırladı: Çimnaz Telmanqızı