Bakının bu ərazisində 20 min ev SÖKÜLƏCƏK
26 Fevral 2026, 16:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
438
26.02.2026, 14:43
Azərbaycan Respublikası Ali Məhkəməsi kütləvi tədbirlərdə şəxsi həyatın toxunulmazlığı ilə bağlı mühüm qərar qəbul edib. 24 dekabr 2025-ci il tarixli bu qərar sosial media istifadəçiləri və media subyektləri üçün yeni çərçivələr müəyyən edir.
Qərar nəyi dəyişir?
Yeni qaydaya əsasən, toy, yas, konsert və konfrans kimi kütləvi tədbirlərdə çəkiliş aparmaq və yaymaq üçün artıq şəxslərin xüsusi razılığı tələb olunmur. Lakin burada incə bir sərhəd var: əgər şəxs kütləvi tədbirdə arzuolunmaz vəziyyətdə (onun şərəf və ləyaqətini alçaldan, istehza və ya lağ obyekti olacaq şəkildə) əsas obyekt kimi çəkilib yayılarsa, bu, birbaşa qanun pozuntusu hesab ediləcək.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas Ellada Bayramova bildirib ki,kütləvi tədbirlərdə çəkilişlərin yayılması və şəxsi həyatın toxunulmazlığı. Azərbaycan hüququ baxımından balans problemi, müasir dövrdə mobil telefonlar və sosial şəbəkələr vasitəsilə çəkilişlərin ani yayılması şəxsi həyatın toxunulmazlığı hüququ ilə ifadə və məlumat azadlığı arasında ciddi hüquqi balans problemi yaradıb.
"Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli qərarı bu balansın müəyyənləşdirilməsi baxımından mühüm hüquqi mövqe ortaya qoyub. Qərara əsasən, toy, yas, konsert, konfrans və digər kütləvi tədbirlərdə qanunla qadağan olunmayan məqsədlərlə çəkiliş aparılması və yayılması üçün iştirakçı şəxslərin ayrıca razılığı tələb olunmur. Lakin bu prinsip mütləq xarakter daşımır və qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər mövcuddur.
Azərbaycan Respublikası Konstitusiyası şəxsi həyatın qorunmasını ali hüquqi dəyər kimi tanıyır.
Konstitusiyanın 32-ci maddəsinə əsasən:
hər kəsin şəxsi həyatının toxunulmazlığı hüququ vardır.
Şəxsin razılığı olmadan onun haqqında məlumat toplanılması, saxlanılması, istifadəsi və yayılması yolverilməzdir;
foto, video və səs yazılarının şəxsin iradəsinə zidd yayılması qadağandır.
Eyni zamanda Konstitusiyanın 47-ci maddəsi fikir və söz azadlığını, 50-ci maddəsi isə məlumat azadlığını təsbit edir. Bu normalar göstərir ki, şəxsi həyatın toxunulmazlığı hüququ mütləq deyil, lakin yalnız qanunla və zəruri hallarda məhdudlaşdırıla bilər”.
Hüquqşünasın sözlərinə görə, Mülki hüquq müstəvisində tənzimləmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsini təmin edir:
“Şəxsin razılığı olmadan onun təsvirinin (foto və video görüntülərinin) yayılması onun şəxsi qeyri-əmlak hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
Bundan əlavə, Mülki Məcəllənin 1096-cı maddəsinə görə, şəxsiyyətə və ya şəxsi hüquqlara vurulmuş zərər mülki-hüquqi məsuliyyət yaradır. Bu, razılıq olmadan yayılan və şəxsin nüfuzuna, psixoloji vəziyyətinə və ya şəxsi həyatına zərər vuran görüntülərin mülki məsuliyyət doğura biləcəyini göstərir.
İnzibati və cinayət-hüquqi aspektlər
İnzibati Xətalar Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın toxunulmazlığının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Bu maddəyə görə şəxsin razılığı olmadan onun şəxsi həyatına dair məlumatların yayılması inzibati xətadır.
Cinayət Məcəlləsinin 156-cı maddəsi isə şəxsi həyatın toxunulmazlığını cinayət-hüquqi səviyyədə qoruyur. Maddəyə əsasən:
şəxsi və ailə sirrini təşkil edən məlumatların şəxsin razılığı olmadan toplanması və yayılması cinayət məsuliyyəti yaradır;
eyni əməllər informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə məsuliyyət ağırlaşır.
Bu normadan irəli gələrək, kütləvi tədbirdə çəkilmiş görüntü belə olsa, əgər həmin görüntü şəxsin şəxsi həyatına dair məxfi məlumat xarakteri daşıyırsa və ya alçaldıcı məzmunludursa, onun yayılması hüquqaziddir.
Kütləvi tədbir anlayışı və hüquqi nəticələri
Ali Məhkəmənin hüquqi mövqeyi kütləvi tədbir anlayışını əsas götürür. Kütləvi tədbir dedikdə, açıq və ya yarıaçıq məkanda keçirilən və geniş şəxslər dairəsinin iştirak etdiyi tədbirlər nəzərdə tutulur. Belə tədbirlərdə iştirak edən şəxs, hüquqi baxımdan, müəyyən dərəcədə ictimai görünən mühitdə olma riskini qəbul etmiş hesab olunur.
Bu səbəbdən, ümumi planla çəkilmiş görüntülərdə iştirak edən şəxslərin ayrıca razılığı tələb olunmur;
hadisənin ümumi fonu kimi təsvir olunan şəxslərin görüntüləri qanunauyğun hesab edilə bilər.
Lakin bu hüquqi mövqe aşağıdakı hallara şamil edilmir:
şəxsə məqsədli şəkildə yaxın plandan fokuslanan çəkilişlər;
şəxsi vəziyyəti alçaldan, nüfuzuna xələl gətirən və ya şəxsi həyatına müdaxilə edən görüntülər;
manipulyasiya edilmiş və ya kontekstdən çıxarılmış videolar.
Zaman faktoru və hüquqi nəticə
Görüntünün neçə il əvvəl çəkilməsi hüquqi məsuliyyəti avtomatik aradan qaldırmır. Əgər video sonradan yayılırsa, hüquqi nəticə yayılma anı ilə qiymətləndirilir. Bu, mülki hüquqda zərərin vurulduğu anın əsas götürülməsi prinsipi ilə uzlaşır. Beləliklə, köhnə tarixli video belə, yeni hüquq pozuntusu yarada bilər.
Qanunauyğun sayılan yayım hallarının hüquqi sərhədləri
Şəxsin razılığı olmadan yayılan görüntü aşağıdakı şərtlər daxilində qanunauyğun sayıla bilər:
çəkiliş kütləvi tədbirdə aparılıbsa;
görüntü şəxsin ləyaqətini alçaltmırsa;
şəxsin şəxsi və ailə sirrini açıqlamırsa;
kommersiya məqsədilə istifadə edilmirsə;
ictimai maraq elementi mövcuddursa.
Bu meyarlar Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (şəxsi həyata hörmət hüququ) və 10-cu maddəsi (ifadə azadlığı) arasında formalaşmış hüquqi balansla da uyğunluq təşkil edir.
Azərbaycan hüquq sistemi kütləvi tədbirlərdə çəkiliş aparılmasına və yayılmasına müəyyən hallarda icazə versə də, şəxsi həyatın toxunulmazlığını üstün hüquqi dəyər kimi qoruyur. Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli qərarı bu balansın konkret situasiyalarda necə tətbiq edilməli olduğunu göstərən presedent xarakterli hüquqi mövqedir. Görüntünün yayılması yalnız çəkilişin harada aparılması ilə deyil, onun məzmunu, məqsədi və nəticələri ilə qiymətləndirilməlidir. Beləliklə, hüquqi qiymətləndirmə həmişə konkret halın xüsusiyyətləri əsasında aparılmalı, şəxsin ləyaqəti və şəxsi həyatı zərər görməməlidir”.
Ali Məhkəmənin bu qərarı təkcə fərdlər üçün deyil, həm də media subyektləri üçün ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Xüsusilə "vətəndaş jurnalistikası"nın populyarlaşdığı, hər kəsin əlində smartfon olduğu bir dövrdə, xəbər saytlarının və sosial media kanallarının "reytinq xatirinə" etik sərhədləri aşması artıq hüquqi müstəvidə tənzimlənəcək. Bu məqamda medianın üzərinə düşən məsuliyyət — xəbər dəyəri ilə şəxsi həyatın toxunulmazlığı arasındakı balansı qorumaqdır.
Məsələnin media ilə əlaqəliliyi və peşəkar fəaliyyətə təsiri barədə danışan media eksperti Hacıbəy Heydərli bildirib ki, qərar şəxsi həyatın toxunulmazlığını ön plana çəkir:
"Bəzən toy mərasimlərindən insanların uyğunsuz görüntülərinin media subyektlərində yayımlanmasının şahidi olurduq. Bu da həmin şəxslərin həm işgüzar, həm də şəxsi həyatına mənfi təsir göstərirdi. Düzdür, kütləvi tədbirlərdən yayımlara senzura qoyulmur və bu vacib amildir. Əgər xəbər mahiyyəti etik prinsiplər çərçivəsində qorunursa, jurnalist istənilən məlumatı öz saytında dərc edə bilər. Lakin ictimai maraq kəsb eləməyən bir şəxsi lağ-lağı obyektinə çevirmək, onun üzərindən reytinq toplamaq qadağandır".
H.Heydərli əlavə edib ki, media subyektləri hər bir insanın şəxsi həyatına hörmətlə yanaşmalı və xəbər mahiyyəti daşımayan hadisələri zorla "xəbərləşdirməməlidir". O, həmçinin vətəndaşlara sosial şəbəkələrdə bu növ görüntülərlə rastlaşdıqda öz hüquqlarını qorumaq üçün hüquqi müstəviyə müraciət etməyi tövsiyə edib.
Çimnaz Telmanqızı
16:46 / 26 Fevral 2026
1
16:30 / 26 Fevral 2026
25
16:29 / 26 Fevral 2026
132
16:16 / 26 Fevral 2026
29
16:07 / 26 Fevral 2026
87
15:57 / 26 Fevral 2026
52
15:50 / 26 Fevral 2026
50
15:02 / 26 Fevral 2026
49
15:01 / 26 Fevral 2026
1301
14:39 / 26 Fevral 2026
53
14:35 / 26 Fevral 2026
289
14:26 / 26 Fevral 2026
651
14:05 / 26 Fevral 2026
1154
14:00 / 26 Fevral 2026
225
13:58 / 26 Fevral 2026
57
13:44 / 26 Fevral 2026
145
13:19 / 26 Fevral 2026
90
13:13 / 26 Fevral 2026
72
12:49 / 26 Fevral 2026
1862
12:47 / 26 Fevral 2026
103
12:44 / 26 Fevral 2026
60
12:40 / 26 Fevral 2026
737
12:27 / 26 Fevral 2026
256
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.