Tolik açıqlama YAYDI
26 Fevral 2026, 14:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
202
26.02.2026, 12:27
Birinci Qarabağ müharibəsi iştirakçısı,"Qarabağ şahinləri" batalyonunun döyüşçüsü, Qarabağ əlili Şöhrət Qarayev 34 il əvvəlin bu gününü Oxu24.com-la birgə xatırlayıb.
Şöhrət bəy əvvəl özünüz haqqında oxucularımıza bir məlumat verin, sonra söhbətimizə başlayaq.
-Mən 1972-ci ildə Ağdam rayonu Baş Qərvənd kəndində anadan olmuşam.Orda orta məktəbi bitirmişəm.Oradan əsgərliyə getmişəm və gələndə artıq Qarabağda baş verən faciələrə sakit seyrici qala bilmədim. Qarabağda "Ala Yaqub" ləqəbi ilə tanınan Yaqub Rzayevin yeni yaradılmış batalyonuna könüllü olaraq yazıldım. Yazıldığım gündən də döyüşün ən qızğın olan nöqtələrində iştirak etdim. Ümumiyyətlə, o vaxt bizim kəndimizdə əli silah tuta bilən hər kəs, özünümüdafiə dəstələrində, sonradan yaranan batalyonların tərkibində döyüşlərdə qəhrəmanlıqla döyüşürdü. Mən də bir qarabağlı olaraq əlimi-qolumu sallayaraq oturmağı özümə sığışdıra bilməzdim. Bu arada qardaşlarım Şahin və Asəf Qarabağ ərazisində, Adil isə Gəncə özünümüdafiə batalyonunda döyüşlərdəydi. 1992-ci ildə Ağdərədə "Arabo" nun məhv edilməsində Adilin də əməyi var. 4 qardaş dördümüz də döyüşlərdəydik.
-Xocalının harayı hələ müharibənin ilk günlərindən başlamışdı. Amma o vaxtkı hakimiyyət o harayı ya eşitmirdi, ya özünü karlığa vururdu.
- Bəli... Həmin dövrdə Qarabağda ən güclü özünümüdafiə dəstələri Ağdama məxsus idi.Həm ağdamlıardan ibarət idi, həm də digər rayonlardan gələn igidlər də ən çox bu batalyonlarda döyüşməyə üstünlük verirdi.Odur ki, Qarabağ camaatı güclü düşmənə qarşı hakimiyyətin yox, məhz könüllü dəstələrin, sonra isə batalyonların hesabına dirəniş göstərirdi. Mən öz batalyonumuzun fəaliyyətindən danışım. Deməli, Yaqub Rzayevin batalyonu nəinki tək xocalılarıları eyni zamanda digər azərbaycanlılar yaşayan kəndlərin də müdafiəsinə yaxından kömək edirdi.Hələ 1992-ci ilin fevralına qədər batalyonumuz ermənilərin kompakt yaşadığı, “saqqallı” quldurların yuvasına çevrilmiş Əsgəran qəsəbəsinə, Xramort, Naxçıvanik, Pircamal, Aranzəmin, Dəhraz və Fərrux kəndlərinə dəfələrlə hücum etmişik, onları məhv etmişik. Kəndlərin bir çoxunu ermənilərdən tamamilə təmizləmişik. Sonradan sehirli bir əl yenidən erməniləri o yerlərə qaytarılmasına şərait yaratdı.
-Həmin dövrlərdə sizin batalyonunun döyüşçüləri haqqında əfsanələr dolaşırdı.
- Döyüş yoldaşlarımın qəhrəmanlığı haqqında günlərlə danışaram.Yəqin ki, xatırlayırsınız,12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndindəki kilsədə çəhid olan döyüşçü oğulların qəhrəmanlığı artıq dillər əzbəri olub. Vilayət Cəfərov (Beyləqan rayonu), Etibar Babayev (Bakı şəhəri, Xətai rayonu), Nüşirəvan Məhərrəmov (Bərdə rayonu), Yusif İsmayılov (Bakı şəhəri, Yasamal rayonu), Əli Məmmədov (Beyləqan rayonu), Elman Rəhmanlı (Bakı şəhəri) o kilsədə postda olmuşdular. Ermənilərin qəfil hücumuna qarşı əsl döyüşçü kimi sonuna qədər döyüşmüş, axırda ələ keçməmək üçün özlərini güllələmişdilər. Ordan sağ qalan və ermənilərin əsir aldığı yeganə döyüşçü Natiq Qasımov hazırda Azərbaycanın Milli Qəhrəmanıdır.
-Nədən danışsaq da söhbət yenə də əsrin faciəsinə- Xocalı soyqırımına gəlib çıxır...Həmin günlər batalyonunuzda nələr oldu?
-Hələ 23-24 fevraldan başlayaraq rabitəçi qızların səsi ardıcıl olaraq kömək istəyirdi.Deyirdilər ki, Xocalıda insanlar köməksiz vəziyyətdədirlər, mühasirə halqası hər gün daralır. Rabitəçilərin arasında bir gənc xanım səsi vardı, onun səsi o qədər yanıqlı, kədər dolu idi ki, indi də xatırlayanda ürəyim ağrıyır. Sonradan bildim ki, bu xanım Xocalını tərk etməyə imkanı- vaxtı olmadığı üçün düşmənə əsir düşüb.8 gün əsirlikdə qalıb və Milli Qəhrəman Allahverdi Bağırovun birbaşa müdaxiləsi ilə əsirlikdən qurtulub. Adı da Dürdanə Ağayeva olub.
Həmçinin oxuyun
Bu çağırışlar əlbəttə ki, başda komandirimiz Yaqub Rzayev olmaqla hər birimizi dərindən narahat edirdi. Bizim alayın döyüş təcrübəsi vardı. Yarandığı 2 ildə Ağdam şəhərinin qorunması ilə bərabər ermənilərin məskunlaşdıqları böyük əraziləri azad edilməsində xüsusi bacarıq və rəşadət göstərmişdilər.Komandanlıq təcili Xocalı üçün döyüş planı hazırladı.Plana əsasən 25 fevralda gecə kəşfiyyatı üçün seçmə döyüşçülər toplandı.Birbaşa komandirin tapşırığı ilə bu gecə kəşfiyyatı dəstəsinə mən də əlavə olundum. Günorta saatlarından sonra hücum üçün hazırlıqlar başladı. Xanabad – Əsgəran istiqamətində hücuma keçib düşmən postlarını ələ keçirtmək, həmin istiqamətdə irəliləyəcək düşmən qoşunlarına mane olmaq və Əsgəranı düşməndən azad edib Xocalıya yol açmalıydıq. Həm bu yolda ordumuz irəlilməliydi, həm də Xocalılılar təhlükəsiz o yoldan keçib Ağdama gəlməliydi. Beləliklə , tapşırıq bizə aydın oldu. Gecə bizim dəstə yəni, 10 nəfər bizim batalyondan, 10 nəfər də OMON-çular, ümumilikdə 20 nəfərlik qrup yola düşdük.
-Bəs 2-ci qrup necə oldu?
- Digər dəstə isə Qaraqaya istiqamətində əməliyyat aparmalıydı.
-Nəhayət gecə saatlarında hərbi avtomobildə plan üzrə yola düşdük. Gündüz kəşfiyyatı bildirmişdi ki, ərazidə mina yoxdu, gedəcəyimiz yol təmizlənib. Amma gözləmədiyimiz hal baş verdi. Həmin ərazi tamamilə minalanmışdı və bizi aparan maşın “tankovoy” deyilən minaya düşdü. Dəhşətli partlayış nəticəsində ölən və yaralananları bizimkilər gəlib toplayıb aparmışdılar. Amma partlayışın dalğası məni ağacın üzərinə atmışdı, huşumu da itirmişdim deyə məni görməmişdilər. Bəlkə də orada ölü kimisəssiz olmuşdum deyə məni görməmişdilər. Səhərə yaxın, saat 5 radələrində nəhayət arxamca yenidən əraziyə gələn silahdaşlarım məni tapıb oradan götürmüşdülər. Çünki bir neçə saatdan sonra özümə gəlib gözlərimi açmışdım və ağrıdan ancaq astaca zarımağa gücüm yetirdi. İniltimi eşitmişdilər...
-Ermənilərə qarşı hücum planı tamamilə ləğv olundu?
-Təbii ki, yox! Yaralıların vəziyyəti çox pis idi. Komandirimiz dərhal arxamızca Ağdam Mərkəzi xəstəxanasına bizi ziyarətə gəldi və elə orda ağladı. Dedi ki, xəyanətkarlar bizim əməliyyatı pozdular, bu o deməkdir ki, xocalılıları qıracaqlar. İlk dəfə idi ki, komandirim Ala Yaqubu elə ümidsiz və kədərli görürdüm.
Buna baxmayaraq 26 fevral batalyonumuz Xocalı istiqamətində döyüşə girdi. Əsgəran istiqamətində mühasirədən çıxmağa çalışan Xocalı əhalisinə birinci olaraq köməyə gedənlər elə “Qarabağ şahinləri” olub.
- Dəfələrlə Xocalının icra başçısı olmuş Elman Məmmədov çıxışlarında bildirmişdi ki, Xocalıdan bircə nəfər də sağ çıxmaması üçün ermənilər and içmişdilər
Xocalıdan salamat çıxıb qaçanları təqib edən və vəhşicəsinə öldürməyi planlayan erməni silahlıları Qara Qaya istiqamətində layiqincə cavablarını aldılar, məhv edildilər. Dəfələrlə televiziyadan da eşitdim mediadan da oxudum ki, xocalılılar deyir ki, Ağdam könüllüləri bizə köməyə gəldilər, bizi Şellidən Ağdama apardılar. Bəli, bax, o ağır döyüşdə Yaqub Rzayevin- komandirimizin igid oğlu Canpolad şəhid oldu.
Sonra yaralarımızın ağır olduğunu görüb bizi Bakıya müalicəyə göndərdilər. Xocalı soyqırımı məlumatlarını da orda eşitdim. Bu gün də düşünürəm ki, xəyanətkarlar , satqınlar olmasaydı, müharibənin də, Xocalının da taleyi elə olmazdı. Bu gün 27-28 il işğalda qalmış torpaqlarımıza rahad, azad, asudə gedən köçləri gördükcə, sevinirəm. Amma ürəyimdən bir ağrı da keçir. Kaş bizim yolumuza mina düzülməyədi , kaş biz həmin günü yaralnamayadıq ölümcül hala düşməyədik, xalqımız Xocalı faciəsini yaşamayaydı. Kaş...
-Əziz və hörmətli qazimiz, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, sizin kimi igid vətən oğullarına ömrümüzün sonuna qədər borclu olduğumuzu deyirik! Allah sizi və sizin simanızda bütün müharibədə əziyyət çəkmiş igidlərimizi qorusun! Müsahibəyə görə, təşəkkür edirik!
Söhbətləşdi:Əntiqə Rəşid
14:26 / 26 Fevral 2026
7
14:05 / 26 Fevral 2026
40
14:00 / 26 Fevral 2026
84
13:58 / 26 Fevral 2026
36
13:44 / 26 Fevral 2026
100
13:19 / 26 Fevral 2026
48
13:13 / 26 Fevral 2026
46
12:49 / 26 Fevral 2026
1411
12:47 / 26 Fevral 2026
77
12:44 / 26 Fevral 2026
44
12:40 / 26 Fevral 2026
446
12:13 / 26 Fevral 2026
59
12:05 / 26 Fevral 2026
59
11:43 / 26 Fevral 2026
726
11:38 / 26 Fevral 2026
382
11:15 / 26 Fevral 2026
169
10:32 / 26 Fevral 2026
57
10:31 / 26 Fevral 2026
62
10:04 / 26 Fevral 2026
61
09:57 / 26 Fevral 2026
62
09:53 / 26 Fevral 2026
82
09:52 / 26 Fevral 2026
89
09:50 / 26 Fevral 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.